Bir yazı ki - “mürəkkəb” və sadə...

 

Dilçiliyimizin gözəl isimlərindən, “əzəl mübtəda”larından biri - Əbdüləzəl Dəmirçizadə barədə

 

Onun həm elmi-metodoloji, həm xəlqi-“folkloroloji”, həm poetik-estetik, nəticə etibarilə çox mükəmməl mühazirələrinin ikisində iştirakıma, haqqında eşitdiklərimə, oxuduqlarıma, az-çox bələd olduğum tərcümeyi-halına, son dərəcə orijinal mütəxəssisi olduğu dilçiliyə baxış məsələlərində yaratdığı müsbət qalmaqalına rəğmən, hələ sağlığında belə bir qənaətə də gəlmişdim ki, “lalın dilini anası bilər”, dilin dilini Dəmirçizadə...

 

O vaxtlaruniversitet” adını yalnız bir ali məktəbimiz daşıyırdı və həmin ADU (BDU) tələbələrindən heç kəs etiraf etməyə bilməz ki, digər institutlarda oxuyanlara yuxarıdan aşağı baxmırmış. Lakin biz kursdan-kursa keçdikcə, sözügedən institutlarda da bütün ölkə nüfuzlu bir çox tədris-təhsil personalarının çalışdığından xəbərdar olunca, hətta “dillər əzbəri dilçi Dəmirçizadə”nin 1943-cü ildə ADU-nun “Azərbaycan dilçiliyi” kafedrasına rəhbərlikdən APİ-nin eyniadlı kafedrasına müdir getməsini bilincə, buforsumuz” zildən bəmə endi.

Sovetlər dönəmində görkəmli dilçilərimizin köklü-köməcli tədqiq-təhqiqatları sayəsində (bir az daikinci ana dilimizin acığına!) Azərbaycan dilçiliyinin elmin digər sahələrinə nisbətən daha mükəmməl inkişaf səviyyəsinə yetdiyi az-çox vətəndaşlıq səviyyəsi olan hər kəsə bəllidir. Bu fakta bələd vətəndaş-kəslər təbii ki, dilin dövlət və dövlətçiliyin üç atributundan biri olduğunun da fərqinə varmamış deyillər və belədə bu yazı qəhrəmanımızın qədir-qiyməti bəlli...

...Çox trafaret səslənən bu “yazı qəhrəmanı” təyini söz birləşməsindən öncə nitqimə mənfi çalarlı “dil pəhləvanı” deyimi də gəldi və beynimin “lüğət fondunda nə qədər çak-çuk, “cıq-cuq, acaq-əcək” etsəm də, bundan yaxşı metafora tapa bilməyib, həmin tərkibi aşağıdakı “redaksiyada” verməli oldum -

 

Dilimizin pəhləvanı...

 

1909-cu il iyulun 8-də Şəkidə anadan olmuş bu azman dilçi orta təhsilini Şəkidə almış və deyəsən, onun dilçiliyə meyllənməsində həmin məktəblərin adlarındakı “mütəqəlqəl”liklər də (əvvəlcə “Həqiqətül-maarif”, sonra isə “Şəki nümunə zəhmət”) az” görməmişlər (Sağlığında onunla tanışlıq qismətim olmadı, yoxsa soruşardım bu “Şəki nümunə zəhmət” nə demək və yəqin o da bunu özünəməxsus Şəki ləhcə-lətifəsilə cavablandırmaq və gülmək...).

Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra (1925) şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamaqla yanaşı, bədii yaradıcılığa da böyük həvəs göstərən Ə.Dəmirçizadə “Yeni məktəb” məcmuəsində məqalə, şeir, hekayə və oçerklərlə çıxış edir. Ancaq elmi onun maraq dairəsinin nüvəsi imiş deyə, 1929-cu ildə Bakıya gəlir, ADU-nun pedaqoji fakültəsinə daxil olur, B.Çobanzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, A.Şaiq kimi görkəmli simalardan dərs alır, təhsilini bitirdikdən sonra Şəkiyə qayıdır, böyük rəğbət və məhəbbət hissilə yanaşdığı müəllimliyini davam etdirir. Lakin elmi yaradıcılıq eşqi onu yenidən (1933) Bakıya qaytarır, APİ-nin “Dillər” kafedrasının aspirantı olur. 1936-cı ildə - 27 yaşında “Türk dili” adlı ilk kitabı, aspiranturanı qurtardıqdan sonra isə (1938) “Azərbaycan ədəbi dili tarixinin xülasələri” adlı ikinci kitabı çap olunur. Dövrün məşhur alimləri (Y.E.Bertels, S.E.Malovİ.K.Dmitriyev) bu gəncin ikinci kitabını namizədlik dissertasiyası kimi müdafiəyə layiq olduğunu bildirirlər və o, 31 yaşında filologiya elmləri namizədi olur. Elə həmin çağlardan həmkarları arasında “gənc qoca” çağırılan Əbdüləzəl dil tarixi sahəsində elmi təhqiqatlarını davam etdirərək 1944-cü ildə “Azərbaycan dilinin tarixi (qədim dövr)” adlı əsərini müdafiə edib elmlər doktoru, bir il sonra professor adına layiq görülür, 1955-ci ildə isə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilir.

İyirmidən çox kitabı, 200-dən artıq elmielmi-metodik məqaləsi ilə daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələrini (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixis.) araşdırmış alimin “Azərbaycan dili tarixi xülasələri”, “M.F.Axundov dil haqqında və Axundovun dili”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin inkişaf yolları”, “Kitabi-Dədə Qorqud” dastanının dili”, “Azərbaycan dilinin tarixi qrammatikası” və ölümündən sonra çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi (II hissə)” kitabları yalnız Azərbaycan dilçiliyinin deyil, türk aləminin xəzinəsini zənginləşdirmişdir.

Etimoloji tədqiqatlar sahəsində də xeyli görmüş, araşdırmalarını ümumiləşdirərək 1962-ci ildə “50 söz” adlı orijinal kitab nəşr etdirmiş bu alimin elmi kadrların hazırlanmasında da (50-dən çox elmlər namizədi və doktoru) böyük rolu olmuşdur.

Alimin nailiyyətlərinin fövqündə duran əsər kimi qiymətləndirilən “Müasir Azərbaycan dilinin fonetikası” kitabı dilçiliyimizin qızıl fonduna daxil edilmişdir. Təsadüfi deyildir ki, dilçi mütəxəssislər arasında, məntiqi mühakimələri baxımından çox güclü olan bu əsərin bölmələrini “Böyük məntiq zəncirinin ayrılmaz həlqəcikləri” kimi qiymətləndirənlər olmuşdur. Onlar, bəzən, professorun ifadə tərzinin çətinliyindən danışıldığını da qeyd edir, amma dərhal da əlavə edirlər ki, bunlar, əslində, ifadə tərzi çətinlikləri deyil, mühakimə və təfəkkür zənginliyidir. Alimin ayıq-sayıq (və xüsusən genişqəlbli) həmkarları zaman-zaman vurğulayıblar ki, onun “Azərbaycan dili orfoepiyasının əsasları” kitabından günü bu günorfoepik normalar haqqında kifayət qədər məlumat almaq mümkündür, ədəbi və mədəni tələffüz vərdişlərinin yayılma və inkişafında, düzgün tələffüz normalarının təlim və tədrisində bu əsərin mühüm rolu vardır. Əbdüləzəl Dəmirçizadə bütün yaradıcılığı boyu dilimizin lüğət tərkibinin sağlam yolla inkişafı, zənginləşməsi istiqamətində imkan və bacarığını əsirgəməmişdir və onun bu sahəyə qayğısı tək elə elmi-nəzəri məqalə və kitabları ilə məhdudlaşmır. Əbdüləzəl müəllim geniş auditoriyalarda da, yığcam fərdi söhbətlər zamanı da yersiz işlədilən əcnəbi sözlərə etirazını bildirmədən keçməz, biz “həştad” dedikcə, o bizi “səksən”ə çəkər, milli dilə münasibətdə cəmiyyətin, bizim quruluşun verdiyi imkanlardan səmərəli istifadəni təbliğ edərdi.

Dilin lüğət tərkibi haqqında...”, Müasir Azərbaycan dilinin əsas lüğət tərkibi və qrammatik quruluşu”, “Azərbaycan dilinin üslubiyyatı” kitablarının müəyyən bölmələrini Azərbaycan dili lüğət tərkibinin tədqiqinə həsr edən Ə.Dəmirçizadə söz və məna, sözün lüğəvi və qrammatik mənası, lüğət tərkibi, lüğət tərkibinin əsasları, əlavə hissələri, onların hər birinin ümumi zəruri və xüsusi xarakter əlamətləri barədə fikirlərini dərin bir alim diqqəti, poetik bir şair fəsahətilə pardaqlayırdı. Lüğət tərkibinin inkişaf və zənginləşmə qaydaları, dilin qrammatik quruluşu - morfologiya və xüsusən sintaksislə bağlı problemlərin ilkin tədqiqi sahəsinə dair fikir və mülahizələri - digər sahələrdə olduğu kimi - çox orijinaldır. Məsələn, o, qrammatik quruluşun ümumi məsələləri ilə ayrıca məşğul olarkən, dilin milli orijinallığının qorunub saxlanmasında qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən keçirərək, onu dilin əsəb sistemi kimi qiymətləndirmişdir. Təsadüfi deyildir ki, bir vaxtlar bəziləri tərəfindən “xaotik dilçikimi də “qiymət”ləndirilən bu alimin elmi münasibət və özgür mövqeyi indi çoxları tərəfindən təqdir edilməkdədir.

...Bu gün geninə-boluna işlətdiyimiz, dünya dilləri içərisində səlisliyinə, gözəlliyinə, zərifliyinə görə fəxarətləndiyimiz dilimizin bu “araya-ərsəyə” gəlməsində ayrıca xidmətləri olmuş professor Ə.Dəmirçizadə dünyaya göz yummazdan bir neçə gün əvvəl (1979), üzərində 40 ildən artıq yaradıcılıq işi apardığı monumental “Azərbaycan ədəbi dili tarixi” kitabını ortaya qoydu. Bu, ədəbi dilimizin həqiqi tarixini üzə çıxarmaq sahəsində ən qiymətli bir kitab olub, bütün türk xalqları, ümumən türkologiya üçün bir nümunə sayıla bilər. Müəllif bu kitabda dilimizin tarixini xalqımızın tarixilə vəhdətdə öyrənmiş, öz dərin biliyi, zəngin təcrübəsi ilə hər iki sahəni obyektiv şəkildə işıqlandırmışdır. Onun dilimizin tarixilə bağlı fikirləri daim özünü doğrultmaqda, sağlığında bəzi “sağolmuşlar” tərəfindən “əməl-fel”lənən iradları, belə demək mümkünsə, cılız “cikçə-cükçə” müddəaları təkzib etməkdədir...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 13.