Türk dilində ilk
“Xəmsə”nin müəllifi
Əlişir Nəvai
böyük Nizamini həmişə
özünün ustadı hesab
edib
Orta əsrlər klassik türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri də mütəfəkkir şair Əlişir Nəvaidir. Böyük şair, özbək ədəbi dilinin banisi olan Nəvai təkcə mənsub olduğu xalqın deyil, eyni zamanda orta əsrlər Şərq ədəbi düşüncəsinin humanist ideyalarla süstlənməsinə mühüm töhfələr vermişdir.
Özündən əvvəlki məşhur söz xiridarlarının əsərlərini dərindən öyrənən şair dolğun, məzmunlu və ideya-bədii cəhətdən yüksək sənətkarlığı ilə seçilən əsərlər qələmə almışdır.
Nizaməddin Əlişir Nəvai 1441-ci ildə Əfqanıstanın Herat şəhərində zadəgan ailəsində anadan olub. Dövrünün böyük mədəniyyət mərkəzlərindən olan Herat, Məşhəd və Səmərqənd şəhərlərində dini və dünyəvi təhsil alıb. Erkən çağlardan ədəbiyyata böyük maraq göstərib, özbək və fars dillərində şeirlər yazıb. On beş yaşında ikən ədəbi aləmdə istedadlı şair kimi tanınmağa başlayıb.
Tale elə gətirir ki, məktəb yoldaşı Hüseyn Bayqara 1468-ci ildə hakimiyyət başına gəlir. Hökmdar ən yaxın dost hesab etdiyi Əlişir Nəvaini saraya gətirərək möhürdar vəzifəsini ona tapşırır. Dörd il sonra onu vəzir təyin edir.
Nəvai bu imkandan istifadə edərək dövrünün alim, şair, musiqiçi, rəssam və xəttatlarını himayə edir. Öz hesabına mədrəsə və xəstəxanalar açır, yollar çəkdirir, körpülər saldırır və karvansaralar tikdirir. Beləliklə, sarayda rəiyyətin müdafiəçisi kimi tanınır. Lakin onun bu nəcib əməlləri irticaçı dairələrdə narazılıq doğurur. Onlar şair haqqında böhtan və iftiralar yayırlar. Şair bu kimi saray çəkişmələrindən yorulur. Nəhayət, 1476-cı ildə vəzirlikdən imtina edir. Bir müddət sonra Astrabad vilayətinin hakimi təyin olunur. 1488-ci ildə yenidən Herata qayıdır. Ancaq bir daha saraya dönmür. Ömrünün axırınadək yaradıcılıqla məşğul olur.
Əlişir Nəvai özünü hər zaman dünya ədəbi-fəlsəfi fikrinin öndəri Nizami Gəncəvinin tələbəsi hesab edib. Şərq ədəbiyyatında yeni “Xəmsə” yaratması Nəvainin filosof düşüncəsinin, şairlik istedad və qabiliyyətinin, ən əsası isə böyük Nizamiyə olan ehtiramının nəticəsi idi.
Altı divan yaradan mütəfəkkir şairin ilk şeirləri “Bədayeul-bidayə” (1470) adlı divanında toplanıb. Şair ikinci divanını “Nəvadirul-nəhayə” adlandırıb. Özbək dilində yazdığı lirik şeirləri “Çahar divan”da (“Qəraibüs-sifər” (“Uşaqlığın qəribəlikləri”), “Nəvadirül-şəvab” (“Gənclik nadirlikləri”), “Bədaiyul-vəsət” (“Orta yaşın gözəllikləri”), “Fəvaidül-kibar” (“Böyüklüyün faydaları”) toplanıb. Fars dilindəki qəzəlləri isə “Divani-Fani” adı ilə məşhurdur.
Araşdırmalarda qeyd olunur ki, yaradıcılıq üslubunun və dünyagörüşünün formalaşmasında yaxın dostu, görkəmli fars-tacik şairi Əbdürrəhman Caminin də mühüm rolu olub. Ömrünün yetkinlik çağlarından sufiliyin Nəqşbəndi təriqətinə üzv olan Cami şeyx mövqeyinə yüksələndən sonra Nəvaini də özünə mürid seçir və sufiliyin əsaslarını ona öyrədir.
Şair türkcə şeirlərini “Nəvai”, farsca əsərlərini isə “Fani” təxəllüsü ilə qələmə alıb. Ömrünün son illərində yaratdığı bədii əsərlərində sufiyanə fikirlər daha qabarıq nəzərə çarpır. Əsərlərində Əbdürrəhman Cami və buxaralı məşhur şeyx Bəhaəddin Nəqşbəndinin tələbəsi olduğunu dönə-dönə xatırladıb. Bunlarla yanaşı, dünya şöhrətli sufilərdən Fəridəddin Əttarı və Mövlanə Cəlaləddin Rumini də özünə ustad hesab edib. Onun türk dilində yazdığı “Lisanüt-teyr” (“Quşların dili”) adlı məsnəvisində sufi dünyagörüşü xüsusilə geniş işıqlandırılıb.
Türk və fars dillərinin qarşılıqlı müqayisəsinə həsr olunan “Mühakəmətül-lüğəteyn” (“İki sözlüyü qarşılaşdırma”) adlı təzkirəsində müəllif bu dillərin özünəməxsusluqlarını müxtəlif aspektlərdən araşdırıb. Maraqlıdır ki, Nəvai burada türk dilinin farscadan üstünlüyünü elmi dəlillərlə sübuta yetirib. Müəllif bu təzkirəni türk dilini zəif sayaraq öz əsərlərini farsca yazan qələm sahiblərinə, müasirlərinə və soydaşlarına ithaf edib. Təsadüfi deyil ki, özbək ədəbiyyatının banisi sayılan Əlişir Nəvainin bizlərə bəlli olan beş divanının dördü türkcə, biri isə farsca yazılıb. Onun beş poemadan ibarət (“Heyrətül-əbrar”, “Fərhad və Şirin”, “Leyla və Məcnun”, “Səbeyi-səyyarə”, “Səddi-İsgəndəri”) əsərləri türk dilində yaradılan ilk “Xəmsə“ hesab olunur.
Nəvainin lirik və epik irsində yüksək mənəviyyat məsələlərindən, sufizmdən ətraflı söhbət açılır. Onun fəlsəfi görüşlərinin əsasında sufilik elementlərini özündə təcəssüm etdirən panteizm dayanır. Şair mövhumatı, insanları cəhalətə aparan eybəcər “dini” baxışları tənqid edib.
Onun yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə yaxından bağlıdır. Şair vaxtilə böyük zəhmət hesabına görkəmli filosof ədiblərdən Xaqani, Nizami və Nəsiminin əsərlərini dərindən öyrənib və onlara cavab yazıb. Əsərləri bir sıra xalqların dillərinə tərcümə olunub. Əlyazmaları dünyanın məşhur kitabxanalarında mühafizə olunur.
Şairin əsərlərinin süjetləri əsasında musiqi əsərləri (opera, balet və s.), həyat və yaradıcılığından bəhs edən kitablar yazılıb. Haqqında bədii film (“Əlişir Nəvai”, 1948) çəkilib. Özbəkistanda adına maarif və mədəniyyət müəssisələri, ali məktəb və küçə var. Görkəmli şairin yaradıcılığına ölkəmizdə də böyük maraq var. 1968-ci ildə Nəvai irsinin tədqiqatçısı, böyük ədəbiyyatşünas alim, akademik Həmid Araslıya “Özbəkistan Respublikasının Əməkdar elm xadimi” adı verilib.
Əlişir Nəvai 1501-ci ildə doğulduğu Heratda dünyasını dəyişib. Böyük şairin adı doğma vətənində olduğu kimi, digər türkdilli ölkələrdə, o cümlədən Azərbaycanda da əbədiləşdirilib. Bakıda Nəvainin abidəsi ucaldılıb.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 4 iyul.-
S. 15.