Lacivərd sahildə Azərbaycan günləri
Heydər
Əliyev Fondunun təşkilatçılığı
ilə Fransanın Kann şəhərində
ölkəmizin möhtəşəm təqdimatı
Fransanın şərqində məşhur kurort və mədəniyyət mərkəzi olan Kann şəhərində hər il dünyanın ən nüfuzlu kinofestivalı ilə yanaşı, sərgilər, konfranslar, rəngarəng mədəniyyət təqdimatları keçirilir. Lacivərd sahil boyunca bənzərsiz koloriti ilə turistləri cəlb edən şəhər qarşıdakı üç həftə ərzində Azərbaycan mədəniyyətinin möhtəşəm təqdimatına şahidlik edəcək.
“Azərbaycan - ənənələr
və gələcək ölkəsi”
İyulun 8-də Kann şəhərində Azərbaycan günlərinə start verilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə başlayan tədbirlər “Azərbaycan - ənənələr və gələcək ölkəsi” şüarı altında keçirilir. Bu münasibətlə şəhərin əsas küçələri, ictimai nəqliyyat Azərbaycanın təqdimat bannerləri, bayraqlarımızla bəzədilib.
İyulun 31-dək davam edəcək Azərbaycan günlərində ölkəmizin tarixini, adət-ənənələrini, eyni zamanda, müasir incəsənətini əks etdirən sərgilər, muğam sənəti, klassik və caz musiqisi, milli mətbəximizdən nümunələr təqdim olunacaq.
“Keçmişdən baxış. Fransa azərbaycanlı rəssamların gözü ilə”, “Azərbaycan ənənələr və gələcək ölkəsi”, “Nizami Gəncəvi” sərgiləri Fransa vətəndaşlarına və əcnəbi turistlərə Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti, ədəbiyyatı, bir sözlə, ölkəmizlə hərtərəfli tanışlıq imkanı verəcək.
Azərbaycan günləri çərçivəsində Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi təqdim olunacaq. İtalyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında bu layihə üçün hazırladığı kolleksiya yerli izləyiciləri ölkəmizin geyim ənənələri və bu ənənələrin müasir dəbdə tətbiqi ilə tanış edəcək.
Azərbaycan günləri çərçivəsində, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbir təşkil olunacaq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin birinci Avropa Oyunlarına hazırlığının ölkədən kənarda təqdimatına həsr olunan bu tədbir çərçivəsində Kruazett sahilində qaçış üzrə marafon keçiriləcək.
Xatırladaq ki, ötən il iyulun 4-dən 7-dək Heydər Əliyev Fondunun “Qafqazın mirvarisi - Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində “Azərbaycan Kannda” mədəniyyət günləri keçirilmişdi. Builki təqdimat daha geniş miqyası və rəngarəngliyi ilə yadda qalacaq.
Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası Azərbaycan günləri haqqında mətbuat açıqlaması yayıb. Açıqlamada Fransanın yaxın dostu və Qafqazın mirvarisi olan, mədəni irsə və mədəniyyət müxtəlifliyinə malik Azərbaycanın mədəni dəyərləri və çoxsaylı istedadları ilə yaxından tanış olmaqla bağlı çağırış səsləndirilib. Azərbaycan günlərinin iki ölkə və xalq arasında münasibətlərə mühüm töhfə olacağı vurğulanır.
“Azərbaycan öz mədəni incilərini təqdim edir”
Fransanın “Nice-Matın” qəzetinin 8 iyul tarixli nömrəsində Kann şəhərində keçirilən Azərbaycan günlərindən bəhs edən məqalə dərc olunub.
“Azərbaycan bu axşamdan etibarən öz mədəni incilərini təqdim edir” sərlövhəli məqalədə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın Asiya və Avropanın qovuşuğunda yerləşdiyi bildirilir, ölkə haqqında məlumat oxucuların diqqətinə çatdırılır.
Azərbaycanın Kannda ikinci dəfə qonaq olduğu vurğulanan məqalədə
ölkəmizin mədəni irsi, adət-ənənələri,
2015-ci il Avropa
Oyunlarının təqdimatı ilə bağlı tədbirlərin
keçiriləcəyi qeyd olunur.
Mədəniyyət.- 2014.- 9 iyul.- S. 2.