Suraxanı rayonunda Bakıxanovun 220 illiyi qeyd olunub
Paytaxtın Suraxanı Rayon İcra
Hakimiyyətinin və
Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) Tarix İnstitutunun
birgə təşkilatçılığı
ilə görkəmli
tarixçi, ədib, alim Abbasqulu ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, Mədəniyyət
və Turizm, Təhsil nazirliklərinin nümayəndələri, alimlər,
rayon ziyalıları iştirak
ediblər.
İştirakçılar əvvəlcə Suraxanı
rayonunun Əmircan kəndində anadan olmuş Abbasqulu ağa Bakıxanovun adını daşıyan
parka gələrək ədibin
büstünü ziyarət
ediblər. İcra Hakimiyyətinin başçısı
İlqar Abbasov məlumat verib ki, “Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında”
ölkə Prezidentinin
sərəncamına uyğun
olaraq ədibin adını daşıyan
parkda geniş abadlıq işləri həyata keçirilib, Bakıxanovun büstü qoyulub.
Parkda incəsənət
ustalarının ifasında
Abbasqulu ağa Bakıxanovun sözlərinə
yazılmış musiqi
nömrələri səsləndirilib.
Sonra tədbir
Suraxanı rayonundakı
Heydər Əliyev Mərkəzində davam edib. İştirakçılar Bakıxanovun və onun haqqında yazılmış əsərlərdən
ibarət kitab sərgisi ilə tanış olublar.
Mərkəzin elektron lektoriyasında keçirilən konfransda İlqar Abbasov böyük maarifçi, alim və şairin
həyat və yaradıcılığından söz açıb. Bildirilib
ki, elmin, mədəniyyətin ən
müxtəlif sahələrinə
aid zəngin irs
yaradan Bakıxanov
1841-ci ildə yazdığı
“Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının
əsasını qoyub.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Yaqub Mahmudov, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və digər çıxış edənlər
Bakıxanovun çoxsahəli
fəaliyyəti haqqında
danışıblar.
Bakıxanov nəslinin nümayəndəsi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru,
Xalq artisti Tofiq Bakıxanov mədəniyyətimizə
göstərilən diqqət və qayğıya görə
dövlətimizin başçısına minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2014.- 9 iyul.- S. 2.