Dəyərlərin və ənənələrin
qorunması gələcək inkişafın təminatıdır
“Davamlı inkişaf mədəniyyəti: universal və milli dəyərlərin
qarşılıqlı əlaqəsi” mövzusunda
IV beynəlxalq elmi konfrans
İyulun 8-də Mədəniyyət və Turizm
Nazirliyi Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzin,
UNESCO üzrə Azərbaycan Milli
Komissiyasının və Azərbaycan Respublikası Müəllif
Hüquqları Agentliyinin birgə təşkilatçılığı
ilə Bakıda “Davamlı inkişaf mədəniyyəti:
universal və milli dəyərlərin
qarşılıqlı
əlaqəsi” mövzusunda IV beynəlxalq
elmi konfrans işə
başladı. “JW Marriott Absheron”
hotelində keçirilən tədbirə 14 xarici
ölkədən 20-dən çox alim və mütəxəssis qatılıb.
Konfransı mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev açaraq Azərbaycanda
bu qəbildən beynəlxalq elmi tədbirlərin keçirilməsinin ənənəyə
çevrildiyini qeyd etdi: “Mədəniyyət anlayışı
artıq cəmiyyətin həyat tərzinə, ölkəmizin
hərtərəfli inkişafının ayrılmaz hissəsinə
çevrilib. Davamlı inkişafı mədəniyyətdən
kənar təsəvvür etmək mümkün
deyil. Bu gün sənayenin, iqtisadiyyatın, enerji sektorunun,
ekologiyanın, turizmin və digər sahələrin
mədəni anlayışlar çərçivəsində
inkişaf etdirilməsi vacib
amildir. Əgər inkişaf
hərtərəfli deyilsə, o, uzun sürə bilməz. Prezident
İlham Əliyevin xüsusi
səyi nəticəsində ölkəmizdə mədəniyyətin,
iqtisadiyyatın, sənayenin və digər sahələrin dinamik inkişafı Azərbaycan
xalqının böyük uğuruna çevrilərək, davamlı
inkişafı təmin edib”.
Ermənistanın işğalı altında olan torpaqlarımızda milli mədəniyyət nümunələrimizin, tarixi abidələrimizin əksəriyyətinin dağıdıldığını qeyd edən Əbülfəs Qarayev bu işğalın doğurduğu fəsadlara baxmayaraq, ölkəmizin sürətlə inkişaf etdiyini, o cümlədən müasir mədəniyyət infrastrukturunun yaradıldığını, tarixi abidələrin bərpa olunaraq qorunduğunu diqqətə çatdırdı: “Azərbaycan üçün keçmişə münasibət, dəyərlərin və ənənələrin qorunması gələcək inkişafın təminatçısı kimi qəbul olunur. Bu inkişafın tarixi ənənələrə əsaslanması davamlı inkişafın nəticəsi olaraq ortaya çıxıb”.
Beynəlxalq tədbirin təşkilinin Azərbaycan dövlətinin bu sahəyə diqqətinin daha bir nümunəsi olduğunu deyən nazir konfransın işinə uğurlar arzuladı.
Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov mədəniyyətlərarası dialoqun genişləndirilməsinin vacibliyini qeyd edərək, qloballaşan dünyanın qarşısında duran prioritet məsələ olduğunu vurğuladı: “Əsrlər boyu Azərbaycanda müxtəlif xalqlar dostluq, qardaşlıq münasibətində yaşamışdır. Azərbaycanlılar digər mədəniyyətlərə, milli azlıqlara həmişə hörmətlə yanaşmışdır. Bu gün Azərbaycan tolerantlığın özünəməxsus modelini yaratmaqla dünya ölkələri arasında örnəyə çevrilmişdir”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə mədəni müxtəlifliyin inkişafına böyük imkan yaradıldığını, Şərq və Qərb düşüncəsinin bərabər yaşamasının çoxəsrlik tarixi ənənəsinin formalaşdığını vurğuladı: “Azərbaycanda bütün dinlərin, bütün millətlərin dinc, yanaşı yaşamasının təmin olunması dövlət siyasətinin əsaslarındandır. Tolerantlıq Azərbaycan xalqının böyük mədəni ənənəsidir. Multikulturalizmin formalaşması ölkəmizdə heç vaxt problem olmayıb, əksinə, mədəni müxtəlifliyin harmoniyasına çevrilib”.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Moskvada UNESCO Bürosunun regional mədəniyyət proqramları üzrə mütəxəssisi Lyubava Moreva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Rusiya Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru Nizami Məmmədov konfransın əhəmiyyətini, mövzunun aktuallığını vurğuladılar.
Çıxışlarda Azərbaycanın davamlı inkişaf mədəniyyəti sahəsində təcrübəsi yüksək qiymətləndirildi. Qeyd olundu ki, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən böyük təhsil və mədəniyyət proqramları həyata keçirilir.
Konfransda insanın təbiəti və mədəniyyətin mahiyyəti, mədəni ənənələr və insanın fəaliyyəti, sosial inkişafda mədəniyyətin proqramlaşdırıcı funksiyası, mədəniyyət və ənənələrə postmodern yanaşma, mədəni qloballaşmanın mahiyyəti və perspektivləri məsələlərinə xüsusi diqqət yetirildi. Mədəni qloballaşma və mədəni müxtəlifliyin qorunması problemi, mədəniyyətlərin yaxınlaşması və davamlı inkişaf mədəniyyətinin birləşdirici xüsusiyyəti, sosial kapital və davamlı inkişaf mədəniyyətinin dəyərlər sistemi, davamlı inkişaf mədəniyyətinə keçid mədəni siyasətin məqsədi kimi, davamlı inkişaf mədəniyyətinin formalaşmasında təhsilin, medianın rolu da konfransın əsas müzakirə mövzularındandır.
Daha sonra konfrans öz işini sesiyalarla davam etdirdi. İclaslarda
“Davamlı inkişafda
mədəniyyətin rəqəmsallaşdırılması
və rəqəmsal kopirayt”, “Mədəniyyətlərin
inteqrasiyası prosesində
milli müəyyənliyin
qorunması”, “Azərbaycan
mədəniyyətində universal dəyərlər”, “Universal və
milli dəyərlərin
inteqrasiyası təhsil
sisteminin texnoloji platforması kimi” və digər mövzularda məruzələr
dinlənildi.
Qeyd edək ki, konfrans
Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, UNESCO məsələləri
üzrə Rusiya Federasiyası Komissiyası,
“BMESU” Akademiyasının Qloballaşma
və Davamlı İnkişaf İnstitutu,
Cənubi Rusiya Qeyri-Hökumət Ali Məsələləri
Assosiasiyası tərəfindən
dəstəklənir.
Beynəlxalq elmi konfrans iyulun
9-da işini yekunlaşdıracaq.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 9 iyul.- S. 3.