“Məhsəti Gəncəvi” yeddi dildə

 

Nəşr Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il yanvarın 16-da görkəmli şairə "Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi" haqqında sərəncam imzalayıb. Sərəncamın icrası məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan tədbirlər planına əsasən nazirliyin dəstəyi ilə akademik Rafael Hüseynovun "Məhsəti Gəncəvi" portret-oçerki 7 dildə (italyan, çex, alman, yapon, ispan, tacik, urdu) işıq üzü görüb. Kitablarda şairənin həyat və yaradıcılığından bəhs edilir, rübailərindən parçalara yer verilir.

Portret-oçerk daha öncə də bir sıra xarici dillərdə nəşr olunub və Məhsəti Gəncəvinin ötən il 16 may tarixində Parisdə, UNESCO-nun Baş qərargahında keçirilmiş yubiley tədbiri zamanı iştirakçılara təqdim edilib.

"Şərq-Qərb" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitablar nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanacaq.

 

Mədəniyyət.- 2014.-  9 iyul.- S. 4.