Muxtar respublikanın 90 illiyi ilə bağlı beynəlxalq konfrans
İyulun 4-də AMEA Naxçıvan Bölməsində muxtar respublikanın 90 illik yubileyinə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək beynəlxalq konfransın əhəmiyyətini diqqətə çatdırıb, bölgənin inkişafı, o cümlədən mədəniyyət, təhsil, elm sahəsində uğurlardan danışıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin, ictimai-siyasi fikrinin inkişafında Naxçıvanın mühüm yeri olduğunu, muxtar respublikada elmi məktəblərin yaradıldığını, akademiyanın Naxçıvan Bölməsində akademiklər korpusunun formalaşdığını qeyd edib.
Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və digər tanınmış elm adamları, Türkiyə, Rusiya və ABŞ-dan qonaqlar çıxış ediblər.
Daha sonra A.Əlizadə Naxçıvan Bölməsinin həqiqi və müxbir üzvlərinə AMEA-nın döş nişanlarını təqdim edib.
Konfrans beş bölmə
iclası ilə davam etdirilib. Tədbirdən sonra Naxçıvanın
tarixi məkanlarına
ekskursiyalar təşkil
olunub.
Mədəniyyət.- 2014.- 9 iyul.- S. 4.