“İpək Yolu” V beynəlxalq
musiqi festivalı başa
çatdı
Xəbər verdiyimiz kimi, iyulun 1-dən 5-dək Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin dəstəyi ilə “İpək Yolu” V beynəlxalq musiqi festivalı keçirildi. Festivalın son iki günü Azərbaycan və xarici ölkələrdən olan iştirakçılar maraqlı proqramlar təqdim etdilər.
“Arşın mal alan” marionet-kuklaların
ifasında
İyulun
4-də Sabit Rəhman
adına Şəki Dövlət
Dram Teatrında tamaşaçılara
Bakı Marionet Teatrının dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın
mal alan” musiqili komediyası əsasında
hazırladığı eyniadlı
tamaşa təqdim olundu.
Nümayişdən öncə teatrın fəaliyyəti barədə
məlumat verildi. Bildirildi ki,
teatr 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə
yaranıb. Bakı Marionet
Teatrı hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğunun nəzdində
fəaliyyət göstərir.
Teatr indiyədək “Arşın mal alan”
musiqili komediyasının
marionet tamaşasını
müxtəlif ölkələrdə
- Fransa, ABŞ, Rusiya,
Polşa, Almaniya, İsveçrədə uğurla
nümayiş etdirib.
Sonra marionet-kuklalarının canlandırdığı
“Arşın mal alan” tamaşası təqdim olundu. Maraqla qarşılanan səhnə
əsəri başa çatandan sonra kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim olundu.
“Çin - müxtəlif rənglər
işığında”
Həmin gün “Aşağı Karvansaray” kompleksində Çin mahnı və rəqs ansamblının konserti oldu. “Çin - müxtəlif rənglər
işığında” adlı
proqramın təqdimatından
əvvəl kollektivin
rəhbəri Jan Ya Fonq çıxış edərək bu gözəl musiqi festivalına dəvət aldıqlarına görə
təşkilatçılara təşəkkür etdi.
Qeyd edək
ki, Çin opera teatrı özündə
musiqi, dialoq, oxuma sənəti, rəqs, akrobatika və hərb sənəti elementlərini
üzvi şəkildə
birləşdirir. İfaçılar ənənəvi qayda-qanunlara ciddi surətdə riayət etməlidirlər. Cilalanmış xüsusi vokal, rəqs və hərb sənəti elementləri ilə məşhur olan kollektiv müxtəlif ölkələrdə mədəni
layihələrdə iştirak
edib, beynəlxalq müsabiqələrin qalibi
olub. Azərbaycanda ilk dəfə çıxış
edən ansamblın təqdim etdiyi proqram tamaşaçılar
tərəfindən alqışlarla
qarşılandı. Sonda kollektivə
festivalın xatirə
hədiyyələri təqdim
edildi.
“Eurovision” ulduzlarının
qala-konserti
“İpək Yolu” musiqi festivalı bu il
“Eurovision” müsabiqəsi iştirakçılarının
qala-konserti ilə də yadda qaldı.
İyulun 5-də “Yay teatrı”nda
gerçəkləşən konsertdə tamaşaçılar
müxtəlif illərdə
“Eurovision” mahnı müsabiqələrində
iştirak etmiş Fərid Məmmədov, Dilarə Kazımova və digər ifaçıların çıxışlarını
maraqla izlədilər.
“Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri
Eldar Qasımovla Nigar Camalın ifa etdikləri məşhur “Runninq Scared”
mahnısı isə tamaşaçılar tərəfindən
gurultulu alqışlarla
qarşılandı.
Növbəti festivalda görüşənədək!
İyulun 5-də “Aşağı Karvansaray”
kompleksində festivalın
son konserti və təntənəli bağlanış
mərasimi oldu. Mərasimdə Sankt-Peterburq “Ermitaj” dövlət simfonik orkestri (Rusiya) Azərbaycan solistlərinin
iştirakı ilə
maraqlı konsert proqramı təqdim etdi. Bu, muzey
məkanında daimi fəaliyyət göstərən
yeganə simfonik orkestrdir. 1994-cü ildə
“Ermitaj” dövlət simfonik orkestri statusu alan
kollektiv Rusiya və xarici ölkələrin bir çox mötəbər
konsert salonlarında çıxış edib.
Azərbaycana ilk dəfə gələn
orkestr sənətsevərlər
qarşısında dirijor
Arkadiy Şteynluxtin rəhbərliyi ilə çıxış etdi.
Azərbaycan Dövlət
Opera və Balet Teatrının solistləri,
Əməkdar artist Gülnaz
İsmayılova və
Fərid Əliyevin ifasında Avropa və rus bəstəkarlarının
əsərləri, həmçinin
Tofiq Quliyevin “Bakı haqqında mahnı” və Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettasından Əsgərin
ariyası alqışlarla
qarşılandı.
Konsertin
sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri
Firəngiz Əlizadə
və festivalın təşkilat komitəsinin
üzvü, “Mədəni
İrsin Qorunmasına
Dəstək” İctimai
Birliyinin rəhbəri
Dünyamin Xəlilov çıxış edərək
bu mötəbər musiqi tədbirinin yüksək səviyyədə
keçirilməsinə görə
Şəki Şəhər
İcra Hakimiyyətinin
rəhbərliyinə minnətdarlığını
bildirdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan
Usubov festivalın Şəkinin mədəni
həyatında çox
mühüm hadisə
olduğunu vurğulayaraq
onun keçirilməsində
zəhməti olan qurumlara və bütün iştirakçılara
təşəkkür etdi. Azərbaycan Bəstəkarlar
İttifaqının sədri
Firəngiz Əlizadəyə
və ictimai birliyin rəhbərinə
Şəki Şəhər
İcra Hakimiyyəti adından xatirə hədiyyələri təqdim
olundu.
Beləcə, “İpək Yolu” beynəlxalq musiqi festivalı yenidən Şəkidə sənətsevərləri
bir araya gətirmək arzuları ilə başa çatdı.
Mehparə
Mədəniyyət.- 2014.- 9 iyul.- S. 6.