“Yuğ”un mövsümə
son sözü
Daha bir teatr mövsümü sona çatır. İsti yay günlərində
teatrların çoxunun
tamaşa nümayişlərini
dayandırdığı bir
vaxtda “Yuğ” Dövlət Teatrında yaradıcılıq prosesi
hələ davam edir. İyulun 2-də teatr sənətsevərləri
“Misis və mister cəsəd” adlı yeni tamaşanın premyerasına cəm etdi.
Gənc rejissor Ər-Toğrul A.P.Çexovun “Mərc” hekayəsindən sonra bu dəfə ünlü kolumbiyalı yazar, ədəbiyyat üzrə Nobel mükafatçısı
Qabriel Qarsiya Markesin yaradıcılığına
müraciət etmişdi. Yazıçının “Dünyanın ən gözəl ölüsü”
hekayəsi və “Gözlənilən bir qətlin tarixçəsi”
povesti rejissor üçün ədəbi
əsas rolunu oynamışdı. Komik mistika
janrında hazırlanmış
tamaşanın quruluşçu
rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Mələk
Vəlizadə, rejissor
assistenti Yaqut Paşazadədir. Tamaşada
Əməkdar artist Yaqut
Paşazadə (Luisa Santyaqo),
Amid Qasımov (Santyaqo
Nasar), Rasim Cəfər (Bayyardo San
Roman), Könül Cəfərzadə
(Anxela Vikario), Elgün Həmidov (Pedro Vikario), Təranə Ocaqverdiyeva (Marqot) və Vüqar Hacıyev (Keşiş
Amador) çıxış edirlər.
Xronometraj
baxımından elə
də uzun olmayan (55 dəqiqə) tamaşada maraqlı mətləblər qısa,
lakonik, həm də fərqli mistik-komik, bir az da fəlsəfi boyalarla öz əksini tapır. O biri dünyada “Yeraltı gözəllik yarışması”
keçirilir. Yarışmanın şərtlərinə görə,
iştirakçılar dirildilib,
bu dünyaya göndərilir. Sağ
olarkən etdikləri
əməlləri təkrarlayaraq,
öz əməllərinə
qiymət verirlər. Məlum olur ki, özünü az qala müqəddəs sayan iştirakçıların heç
biri dirilməyə layiq deyillər.
“Ölüm haqdır”
ideyasından çıxış
edən rejissorun yozumu maraqlı və realdır. Ona görə,
dünyanın ən gözəl ölüsü
bu dünyada yaxşı əməllərə
sahib olan və öləndə cəsədi
“sahibsiz” qalmayan kəslərdir. Məhz bu
ideya ilə insanlara şüuraltı
fərqli mesajlar verən səhnə nümunəsi həm də reallığı qışqıranlara əslində
hər şeyin bitiş nöqtəsində
görünməyən bir
başlanğıc olduğunu
deyir.
Qəribə notlar üstə
köklənmiş tamaşa
bitdikdən sonra “yəqin ki, bu, mövsümün sonuncu premyerasıdır” düşünənlər üçün
də xəbərimiz
var. Teatrın ədəbi
hissə müdiri Elçin Cəfərov hələ mövsümün
sonuna qədər daha iki tamaşanı
seyrçilərinə təqdim
edəcəklərini dedi.
Əməkdar artist Vidadi Həsənovun
Xalq yazıçısı
İlyas Əfəndiyevin
pyesləri əsasında
hazırladığı “Unudulmaz
Əfəndi” tamaşası
da tezliklə tamaşaçıların ixtiyarına
veriləcək. Rejissor tamaşada
İlyas Əfəndiyevin
dramaturgiyasının mərkəzindən
qırmızı xətt
kimi keçən məhəbbət mövzusunu
qabardıb və onu istənilən ümidsiz vəziyyətdən
çıxış yolu
kimi təqdim edib. Tamaşanın qısa süjet xətti belədir: Nevrotik bir stixiya
içərisində yaşayan
- “adamlar arasında olsa da, özünü
Robinzon Kruzo kimi hiss edən” Yaşlı kişi
bir gecə qəflətən maddiləşən
fantomları ilə üzbəüz qalır.
Bu irreal, eyni
zamanda da, bəşəri varlıqlar
- Yaşlı qadın,
Gənc oğlan, Gənc qız və Virtual şəxs - tənha qoca ilə əcaib bir oyun oynayırlar.
Bu oyun onu
amansız tənhalığın
cəngindən xilas edir. Bütün həyatını bir daha saf-çürük edən Yaşlı kişi, nəhayət,
ən son seçimini
edir. Tamaşada Vidadi Həsənov (Yaşlı kişi),
Sonaxanım Mikayova (Yaşlı qadın), aktyorlar Amid Qasımov (Gənc oğlan), Könül Cəfərzadə
(Gənc qız) və Vüqar Hacıyev (Virtual şəxs)
çıxış edirlər.
Dövlət sifarişi ilə hazırlanan səhnə əsərinə ictimai baxış 10 iyul tarixinə nəzərdə
tutulub.
Cari mövsümdə
teatrsevərlərə təqdim
olunacaq növbəti tamaşa isə Orxan Fikrətoğlunun hekayələri əsasında
hazırlanan “Fəna”
adlı səhnə əsəridir. Mir Sahib Ağayevin quruluşunda hazırlanan tamaşada Qasım Nağı, Natəvan Qeybani, Oktay Mehdiyev və Novruz Novruzlu çıxış
edirlər.
Beləliklə, “Yuğ” teatr mövsümünü 22 iyulda “Unudulmaz Əfəndi” tamaşası ilə bağlayacaq. Növbəti mövsümdə teatr tamaşaçılarını yeni layihələrlə sevindirəcək.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2014.- 9 iyul.-
S. 7.