İpək Yolu
festivalından vətənimizə ən xoş
duyğularla qayıdırıq
Türkdilli ölkələrin rəssam və
modelyerlərin Şəki təəssüratları
Xəbər
verdiyimiz kimi, iyulun 1-dən 5-dək Şəkidə
keçirilən İpək Yolu V beynəlxalq
musiqi festivalı bir
sıra maraqlı tədbirlərlə yadda
qaldı. Festival çərçivəsində
Şəkidə keçirilən TÜRKSOY-un
XVII Rəssamlar görüşünün yekun sərgisi
açıldı. 14 türkdilli ölkə
və diyarı təmsil
edən 17 rəssam iki həftə ərzində
qədim şəhərdə bir araya gələrək Şəki ilə
bağlı təəssüratlarını,
yaradıcılıq axtarışlarını kətan üzərinə
köçürmüşdülər. Rəssamların yekun sərgisinin İpək Yolu
musiqi festivalı çərçivəsində
təşkili sənət və musiqi
bayramını bir-birinə qovuşdurdu.
Festivalın daha bir sənət tədbiri isə iyulun 3-də Yuxarı Karvansaray kompleksində türkdilli ölkələrin milli geyimlərindən ibarət dəfilənin nümayişi oldu. TÜRKSOY-un hazırladığı dəfilədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyasının Altay, Saxa-Yakutiya, Xakasiya, Tuva, Başqırdıstan, Kalmıkiya respublikalarının modelyer-dizaynerlərinin əl işləri milli musiqilərin müşayiəti ilə təqdim edildi. İndiyədək TÜRKSOY tərəfindən müxtəlif ölkələrdə düzənlənən bu layihənin məqsədi türkdilli ölkələrin dizaynerlərinin hazırladıqları milli geyim nümunələrini təbliğ etmək, türk dünyasının dəb və zövq anlayışını nümayiş etdirmək idi. Dəfilədə 11 türkdilli ölkənin 60-a yaxın milli geyim nümunəsi, etnik dizayn modelləri göstərildi. Azərbaycan modelyer-dizaynerləri ilk dəfə qatıldıqları bu layihədə Qarabağ, İrəvan, Şəki, Quba, Bakı və Azərbaycanın digər xanlıqlarına aid milli geyimləri yeni dizaynda təqdim etdilər. Dəfilə gecəsi böyük maraqla qarşılandı. Sonda TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək layihənin İpək Yolu festivalı çərçivəsində reallaşmasına görə festivalın təşkilatçılarına - Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Beynəlxalq musiqi festivalına rəng qatan bu tədbirlərin iştirakçıları - türkdilli ölkələrin rəssam və modelyerləri təəssüratlarını bizimlə bölüşdülər.
Mulder Saqıntikova (Qazaxıstan):
İlk dəfə TÜRKSOY-un Rəssamlar görüşündə iştirak edirəm. Layihəyə müxtəlif türkdilli ölkələrdən rəssamlar dəvət alıb. Biz bir araya gəlir, söhbət edir, fikir mübadiləsi aparırıq. Nə yaxşı oldu ki, tədbir bu dəfə Azərbaycanın Şəki şəhərində keçirildi. Bu şəhər öz zəngin təbiəti ilə çox əsrarəngizdir və bu da bizə rəsmlər çəkmək üçün gözəl imkandır. Məni Şəkidə daha çox dağ mənzərələri və evlərin maraqlı quruluşu cəlb etdi. Ona görə də iki rəsmimdə dağ mənzərələri təsvir olunub. Bundan başqa, insanları və xüsusilə də onların gözəl, səmimi simalarını yağlı boya ilə öz tabloma köçürmüşəm. Şəkidəki maraqlı, qədim qablarla bağlı natürmort rəsmlər də çəkmişəm. Onların koloriti çox maraqlıdır. Layihə çərçivəsində Şəkidə müxtəlif rəssam emalatxanalarında çalışdıq və həmkarlarımızla dostlaşdıq. Eyni zamanda insanların istiqanlılığı, qonaqpərvərliyi də çox xoşumuza gəldi. Bir sözlə, Şəkidən və İpək Yolu musiqi festivalından vətənimizə xoş təəssüratlarla qayıdırıq.
Yelena Yermolina (Rusiya Federasiyası Tatarıstan Respublikası):
Layihə çərçivəsində əvvəlcə natürmort
çəkdim. Sonra düşündüm ki, insan belə
bir məkanda öz duyğularını
necə canlandıra bilər. Özünəməxsus koloriti ilə
Şəki, doğrudan
da, çox gözəldir və heç bir şəhərə bənzəmir.
Bu günə qədər İspaniya, Almaniya və Polşada olmuşam.
Gördüyüm şəhərlər arasında ən çox xoşuma gələn Şəkidir.
Şəki mənim doğma şəhərim
Kazana bənzəyir və burada özümü evimizdəki
kimi hiss etdik. İnsanlar qonaqpərvər, səmimi,
ürəyiaçıqdırlar. Səhər oyananda quşların səsini eşidirsən, sakitlik insanı valeh edir. Artıq belə sakitlik Kazanda çoxdan yoxa çıxıb.
Hər kəs bir-biri ilə dostlaşıb, emalatxanada çox səmimi atmosferdə işləyirik. Rəsmlərə gəlincə, Xan sarayını, təbiət
təsvirlərini çəkdim
və bu mənim Şəki ilə bağlı təəssüratlarımdır. Burada özümüzə gözəl
dostlar qazandıq.
Bu şəraitə görə layihə rəhbərliyinə, Şəki
Şəhər İcra
Hakimiyyətinə öz
minnətdarlığımızı bildiririk.
Qalina Kakayomova (Rusiya Federasiyası Yakutiya Respublikası):
Əslində, mən çoxdan idi ki, belə
bir layihədə iştirak etmək istəyirdim və buna görə çox sevinirəm. Mən Moskvada
yaşayıram, bu vaxta qədər bir çox Avropa ölkələrində,
Çində olmuşam.
Lakin mənə həmişə
maraqlı idi ki, keçmiş Sovet İttifaqı ölkələrində olum,
görüm, onlar necə yaşayır.
Şəki çox xoşumuza
gəldi, insanlar çox xeyirxahdır.
Burada şəhər öz tarixiliyini qoruyub-saxlayıb.
Karvansaralar, Xan sarayı
üzərindəki qədim
yazılar, işləmələr
əsrarəngizdir. Mən antikvar
əşyaları, dağ
çaylarını öz
tablolarıma köçürdüm.
Bilirsiniz,
Ramazan ayının
ilk günü burada yağış yağdı
və təbiət elə ecazkar şəkil aldı ki, bu, bir
rəssam kimi mənim üçün gözəl fürsət idi. Bilirəm ki, vətənə
qayıdıb bunları
danışanda həmkarlarım
mənə həsəd
aparacaq.
Mənsur Qaralov (Azərbaycan):
TÜRKSOY-a belə bir
layihə ilə İpək Yolu V beynəlxalq musiqi festivalına qatılmasına
görə çox minnətdarıq. Burada iştirak edən
rəssamların 14 türkdilli
ölkədən olmalarına
baxmayaraq, onların arasında gözəl ab-hava var. Hətta bəzi rəssamlar Şəkini öz şəhərlərinə bənzətdilər.
Bizə rəsm çəkmək
üçün sərbəst
mövzu seçimi verilmişdi. Lakin rəssamlar
əsərlərinin çoxunu
Şəkiyə həsr
etdilər. Bir sözlə,
bu tədbir hər birimizin yaddaşına xoş xatirələr həkk etdi.
Sabit Bulud (Türkiyə):
Bu layihə həm
peşə, həm də qəlb yaxınlığı baxımından
türkdilli ölkələri
bir araya gətirdi. Çünki bundan əvvəl, məsələn, bir xakasiyalı ilə, başqırdla tanış
olmamışdım. Amma indi
bizim bir-birimizi tanımaq şansımız
oldu. Dillərimiz də yaxın
olduğundan çox gözəl münasibətlərimiz
yarandı. Mən daha
çox Şəki ilə bağlı rəsmlər çəkdim.
Buraya alban kilsəsi, Şəki ipəyi, şəbəkə sənəti
ilə bağlı nümunələr, milli geyimləriniz, insanların
portretləri aiddir.
Şəki doğrudan da,
gözəl şəhər
imiş. Doğrudur, Azərbaycanla
hələ uşaqlığımdan
maraqlandığımdan Şəki
ilə bağlı məlumatlarım var idi. Mənim əcdadlarım çərkəzdir
və çox illər əvvəl Şimali Qafqazdan Türkiyəyə köç
ediblər. Bu baxımdan Qafqaz mədəniyyətinə böyük
marağım var və rəqslərini də öyrənmişəm.
Şəki də Qafqaz
dağlarına yaxındır,
səhər yuxudan oyanınca bu təbiəti görmək
insanı məmnun edir. Bu məkanı,
onun insanlarını çox sevdim.
* * *
Tatyana Milovanova (Rusiya Federasiyası Kalmıkiya Respublikası):
Sovet dövründə
milli geyimlər tarixin arxivinə köçmüşdü və
o, qədim bir geyim hesab olunurdu. Lakin sonradan yeni parçaların,
aksesuarların meydana gəlməsi bizə imkan verdi
ki, etnik kostyumları daha gözəl, parlaq, rəngarəng formada müasirləşdirək. Biz milli geyimlərimizdə əsas elementləri saxlayırıq, amma onu daha da
gözəlləşdiririk. Onsuz da qonşu regionların
adət-ənənələri bizim mədəniyyətimizə
istər-istəməz təsir
edir. Məsələn, biz kalmıklar nə
vaxtsa, Qərbi Monqolustandan gəlmişik.
Ötən müddət ərzində
kostyumlarımız çox
dəyişikliyə məruz
qalıb və indi daha başqa
bir forma alıb.
Məsələn, etnik geyimlərimizdə
slavyan və Şimali Qafqaz geyimlərinin izləri
var. Bu gün kalmık
etnik geyimləri daha çox Şimali Qafqaz xalqlarının geyimlərinə
bənzəyir. Amma buna
baxmayaraq, bu geyimlər gündəlik həyatda istifadə olunmur. Lakin işgüzar kostyumlarda,
gecə paltarlarında
etnik elementlər sadəcə olaraq tətbiq edilir. Bizə öz milli geyimlərimizi
nümayiş etdirməyə
şərait yaratdığına
görə, TÜRKSOY-a və
İpək Yolu musiqi festivalının təşkilatçılarına minnətdarlığımızı bildirirəm.
Yüksel Deyirmançı (Türkiyə,
Əskişəhər):
Şəkiyə Əskişəhər - Türk
Dünyası Mədəniyyət
Paytaxtı-2013 Agentliyi ilə
birgə gəldik. Əskişəhərdə 1959-cu ildə Sənət
Təkmilləşdirmə İnstitutu qurulub. Sonradan bu qurum Türkiyənin
15 şəhərində meydana
gəlib. Məqsəd qədim əl sənətlərini aşkar
edib onları günümüzə uyğunlaşdırmaqdır.
Bu geyimlərin dizaynlarını mən edirəm, başqa bir yerdə isə naxış, əl sənətlərində
dekorativ bəzəklər
vurulur. Biz dəfilədə 6 qədim
Osmanlı saray kostyumu ilə çıxış etdik.
Bundan başqa, mən daha öncə Finikiya geyimlərini, daha sonra, Yunus
Əmrə dövrünün
geyimlərini də araşdırıb nümunələr
hazırlamışam. Həmçinin türk dünyası
geyimlərini də hazırladıq. Bütün bu
kolleksiyaların dəfiləsini
keçirdik. Şəki ilə
bağlı çox gözəl təəssüratlarımız
var. Şəki öz
zəngin tarixi abidələri və təbii gözəlliyi ilə diqqətimizi cəlb etdi.
Yelena Milberqer (Özbəkistan):
Mənim Daşkənddə özümün
şəxsi moda evim var və
geyimlərlə yanaşı,
parçaların da üzərini bəzəyirəm. Artıq ikinci
dəfədir ki,
TÜRKSOY-un milli geyimlərlə
bağlı bu layihəsində iştirak
edirəm. Budəfəki layihədə hazırladığım
yeni kolleksiyamla çıxış edirəm.
Belə layihələrdə iştirak
etmək biz dizayner-modelyerlərin
məsuliyyətini daha
da artırır.
Biz hər il
daha yeni kolleksiyalar hazırlayırıq.
Həm də düşünürük
ki, bizim işimiz faydalıdır və buna kənardan
böyük diqqət
var. Eyni zamanda türkdilli ölkələrin
dizaynerləri ilə bir araya gəlirsən,
fikir mübadiləsi aparırsan. Məsələn, mən Azərbaycan ornamentlərinə fikir verdim və onlar mənim çox xoşuma gəldi. Özbək ornamentləri ilə
oxşarlıqları var. Bu mədəniyyət layihəsi
bizim bir araya gəlməmizdə, mədəni dialoq yaratmamızda böyük
rol oynayır.
Mehparə
Mədəniyyət.- 2014.- 9 iyul.-
S. 8.