Qədimliklə müasirliyin
qovuşduğu məkan
Qafqaz regionunun ən böyük ticarət, mədəniyyət və elm mərkəzi olan Bakı həm də Xəzər dənizi sahilində ən iri liman şəhəridir. Tarixiliklə müasirliyin birləşdiyi bu məkan orta əsrlərdən səyyahların maraqla təsvir etdiyi şəhərlərdən olub. Şəhərin tarixi, qədim tikililəri, karvan yollarının üzərində yerləşməsi, əlverişli təbii-coğrafi şəraiti əcnəbi qonaqları özünə cəlb edib.
“Odlar
Allahının məskəni”
V-VIII əsr ərəb mənbələrində şəhərin adı müxtəlif şəkildə qeyd olunur: “Baqavan”, “Atli (Atəşi) Baqavan”, “Atəşi Baquan” və s. Adın etimologiyası haqqında da müxtəlif fikirlər var. “Baqavan” toponomi Hind-Avropa dillərinin bir çoxunda “allah”, “günəş” mənalarını bildirən “baqa” kökündəndir. Eyni zamanda “baqa” sözünə “böyük”, “ilahə”, “allah” mənalarında qədim türk dillərində də rast gəlinir.
Bakı tarixinin görkəmli araşdırıcısı, Əməkdar elm xadimi Sara Aşurbəylinin mülahizələrinə görə, “Atəşi Baquan” sözü “odlar Allahının yeri”, “odlar Allahının məskəni” anlamına gəlir. Ehtimal olunur ki, bu ad atəşpərəstlərin şəhərdəki ziyarətgahı ilə bağlı olub. Atəşpərəstlər odu müqəddəs sayır, ona tapınırdılar. Bakı ətrafında yanar ərazilərin olması, atəşpərəstlərin əsas məbədlərinin burada yerləşməsi və ətraf ərazilərdən də insanların buraya ziyarətə gəlmələri bunu təsdiq edir.
Zaman keçdikcə “Baquan” sözü “Bakı” kimi tələffüz olunub. XVI-XVII əsrlərdən etibarən bir sıra yerli və fars mənbələrində “Badkubə” adı işlədilməyə başlayır. “Badkubə” sözü fars dilində (bad-külək, kubə, kubidən-döymək, vurmaq sözündən) “külək döyən yer” deməkdir. Lakin bu cür yozum xalq etimologiyası olub, həmin sözün qədim yazılış şəklini təhrif edir...
Tarixdən səhifələr
Şəhərin tarixi
haqqında qədim mənbələrdə dəqiq məlumatlar
azdır. Arxeoloji materiallar bu ərazinin eradan əvvəl II minilliyin sonundan yaşayış yeri olduğunu isbat edir. Ərəb mənbələrində
Bakının I əsrdə
kiçik liman şəhəri olması
haqqında bilgilər
verilir. Bakının ticarət və
mədəniyyət mərkəzinə
çevrilməsi 1192-ci ildə
Şirvanşahlar dövlətinin
paytaxtının Şamaxıdan
buraya köçürülməsindən
sonrakı dövrə
təsadüf edir.
Bakı liman şəhəri və ticarət mərkəzi kimi XV əsrdən etibarən daha sürətlə inkişaf etməyə başlayıb. Bu xüsusda əlverişli təbii-coğrafi şəraitlə
yanaşı, təbii
sərvətlərin də
mühüm təsiri
olmuşdur. XIX əsrin ortalarından başlanan neft bumu Bakını regionun ən böyük sənaye şəhərinə çevirdi.
Qədim şəhər tarixən
Azərbaycanın əsas
sənətkarlıq mərkəzlərindən
(dulus, metal, şüşə
məmulatı istehsalı)
biri kimi də tanınıb. Bakıdan Şərq
ölkələrinə neft,
duz, zəfəranla yanaşı, sənətkarlıq
məhsulları aparılıb.
Sənətkarlar müxtəlif silahlar,
bəzək əşyaları,
saxsı qablar və məişətdə
istifadə olunan müxtəlif məmulatlar
hazırlayırdılar.
Yüksək təpə üzərində
amfiteatr formasında salınan şəhər
aşağıdan dənizə
baxır, yuxarı hissədən isə kiçik dağlarla əhatə olunmuşdu. Üçqat qala divarları və Qız qalası ilə bərabər şəhər
sanki bütövlükdə
möhtəşəm müdafiə
istehkamını xatırladırdı.
Digər
orta əsr şəhərləri kimi
qala divarı içində olan bütün binalar da taktiki və
strateji baxımdan müdafiə xarakteri daşıyırdı.
Mənbələrdə qeyd olunur ki,
XVIII əsrdə Bakı
xanları Şamaxı
qapısının sol tərəfindəki
ərazidə yerləşən
sarayda yaşayırdılar. Bakı xanlığına
Abşeronun 39 kəndi
də daxil idi. Çar Rusiyasının istilasından
(1806-cı il) və Bakıda neft istehsalının genişlənməsindən sonra
şəhər sürətlə
inkişaf etməyə
başladı. İmperiyanın müxtəlif yerlərindən
şəhərə gələnlərin
sayı kəskin surətdə artdı.
Bu, əhalinin milli tərkibinin dəyişməsinə də
təsir göstərirdi.
1806-1881-ci illərdə Bakının ərazisi
1300 hektara qədər
böyüdü. Sənaye şəhərinə çevrilməsi şəhərin
simasının hərtərəfli
dəyişməsinə şərait
yaradırdı. 1873-cü
ildə “Qara şəhər” adlanan neft zavodları rayonu yarandı. XIX əsrlə XX əsrin qovşağında
neft hasilatına görə Bakı dünyada birinci yeri tuturdu.
Ağır, təlatümlü bir tarixi yol keçən
Bakı indi müstəqil Azərbaycanın
paytaxtı olaraq müasir ticarət, mədəniyyət mərkəzi
kimi özünün çiçəklənmə dövrünü
yaşayır. Burada həm Şərq,
həm də Qərb memarlığı
üslubunda milli ənənələri özündə
yaşadan yeni binalar inşa edilməkdədir.
Dünyanın diqqət mərkəzində
Bakı qədim dövrlərdən
mühüm ticarət
yollarının kəsişdiyi
məkan olmaqla yanaşı, maddi-mədəniyyət
nümunələri ilə
də əcnəbilərin
diqqətini çəkib. Bu gün
Şərq və Qərb memarlığını
təcəssüm etdirən
Bakıda ecazkar İçərişəhəri, Şirvanşahlar sarayını,
Qız qalasını,
həmçinin müasir
dünya memarlığının
inciləri hesab olunan Heydər Əliyev Mərkəzini, Alov qüllələrini, mavi Xəzərin sahillərini görmək
istəyənlərin sayı-hesabı
yoxdur. Tarixən müxtəlif xalqların
nümayəndələrinin yaşadığı şəhər
həm də tolerantlığın mərkəzidir.
Dinindən, etnik mənsubiyyətindən
asılı olmayaraq, xalqlar əsrlər boyu burada adət-ənənələrini,
mədəniyyətlərini yaşadıblar.
Bu gün Bakı
qollarını dünyaya
açmışdır. Nüfuzlu beynəlxalq
təşkilatların mühüm
tədbirlərinin, eyni
zamanda müxtəlif festivalların, idman yarışlarının burada
keçirilməsi artıq
ənənə halını
almışdır. Təsadüfi deyil ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin
paytaxtı” seçilmişdi.
2012-ci ildə “Eurovision” kimi
mötəbər musiqi
yarışmasının paytaxtımızda
keçirilməsi, şəhərin
böyük beynəlxalq
tədbirlərə ev sahibliyi etməsi Azərbaycan dövlətinin qüdrətinin
və Bakının müasir infrastruktura malik olmasının göstəricisidir. Bu gün Bakı daha möhtəşəm
bir beynəlxalq tədbirə - 2015-ci ildə
keçiriləcək I Avropa
Oyunlarına hazırlaşır.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 9 iyul.-
S. 10.