Bakının cazibəsinin yeni cizgiləri

 

Bu gün Bakı son dərəcə dəbdə olan şəhərdir. Onun haqqında çox yazır, çox danışırlar. Çoxsaylı əcnəbi və yerli turistlər buraya şəhərin qədim memarlıq abidələrinə tamaşa etmək və dincəlmək üçün gəlirlər. Bu fikirlər “Baku” jurnalının növbəti (iyul-avqust) nömrəsinə baş redaktorun ön sözündən götürülüb.

Jurnalın baş redaktoru Leyla Əliyeva yazır: “Bu şəhərin aurasını hiss etmək üçün xüsusi ovqat lazımdır. Bakının ruhunu təkcə İçərişəhər və Qız qalası, Alov qüllələri, yaxud Heydər Əliyev Mərkəzi barədə mühakimə yürütməklə başa düşmək olmaz. Bakı bütün bunların məcmusu deməkdir. Qədim və müasir, rəngarəng və çoxcəhətli, xeyirxah və səmimi şəhər...”

İndi oxucunu nəşrin qəşəngliyi ilə heyrətləndirmək çətindir - jurnalların sayı-hesabı yoxdur, hamısı da ən müasir texniki səviyyədə tərtib olunur. Buna baxmayaraq, “Baku” jurnalı bu nəşrlər arasında xüsusi yer tutur. Qüsursuz dizaynı, materialların maraqlı seçimi, ən başlıcası - Azərbaycan paytaxtının mədəni həyatına aid son xəbərlər və çoxsaylı, bir-birindən gözəl illüstrasiyalar...

Nəşrin bu sayında son aylar Bakıda keçirilən mədəniyyət tədbirləri, “Qız qalası” V beynəlxalq incəsənət festivalı, müxtəlif sərgilər haqqında da məlumat verilir.

Azərbaycan paytaxtının musiqi həyatını “Ulduzların musiqisikimi səciyyələndirmək olar. “Boney M” qrupunun solisti Liz Mitçell, islam pop-ulduzu Sami Yusif, amerikalı müğənni və bəstəkar Maykl Bolton, fransalı estrada ulduzu Patrisiya Kaas və başqaları şəhərin qonağı olublar.

Forma axtarışında” adlı məqalədə fransız rəssamı Lorans Jenkelin müsahibəsi təqdim edilir. Qonaq öz uşaqlıq dövrü, sevdiyi rəssamlar və bu gün rəssam olmaq nə deməkdir - bu haqda öz mülahizələrini bölüşür. Modelyer Renato Balestranın yeni kolleksiyası da Bakının mədəni həyatında əlamətdar hadisə olub.

Jurnalın son nömrəsində bu və digər bir-birindən maraqlı mövzularda söhbət açılır.

 

Mədəniyyət.- 2014.- 9 iyul.- S. 10.