“Hər il layihəyə
yeni-yeni əlavələr edəcəyik”
“İpək Yolu” böyük bir coğrafiyanı əhatə edir. Burada o
qədər yeni gözəl ideyalar var ki,
onlar tükənmir”
İyulun 1-dən 5-dək Şəki şəhərində Azərbaycan
Bəstəkarlar İttifaqının və Şəki Şəhər
İcra Hakimiyyətinin birgə təşkilatçılığı,
Mədəniyyət və Turizm Nazirliyinin və “Mədəni İrsin
Qorunmasına Dəstək” İctimai Birliyinin dəstəyi ilə “İpək Yolu” V beynəlxalq musiqi
festivalı keçirildi. 2010-cu ildən ənənəvi
olaraq təşkil olunan
festival yenə dünyanın müxtəlif
ölkələrindən sənətçiləri bir araya gətirdi.
Maraqlıdır, ötən beş ildə
festival hansı uğurlara
nail olub? Bu tədbirin ölkəmizdə keçirilən
digər beynəlxalq festivallardan fərqli
özəlliyi nədir? Festivalın bədii rəhbəri, Azərbaycan
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor,
UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadə ilə
müsahibəmiz bu barədə oldu. Söhbət əsnasında Bəstəkarlar
İttifaqının yeni layihələrinə
də nəzər saldıq.
- Firəngiz
xanım, artıq beşinci ilini arxada qoyan
“İpək Yolu” beynəlxalq musiqi festivalının bədii rəhbəri kimi bu layihəni necə
xarakterizə edərdiniz? Bu festivalın
artıq bir brend olduğunu dilə gətirmişdiniz. Elə
isə ötən beş ildə
qarşıya qoyulan hədəflərə
nail oldunuzmu?
- Təkcə mənim deyil,
festivalda iştirak edən,
onu izləyən insanların da təəssüratları çox
gözəl oldu. Xüsusilə onu vurğulamaq istərdim
ki, sənətsevərlər, yerli sakinlər bilet
alıb həvəslə bu konsertlərin
hər birini izləyirdi. Biz
orada Şəki sakinlərinin mədəni
səviyyəsini müşahidə edə bildik.
Tədbirdə həmçinin Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, TÜRKSOY-un baş katibi, TÜRK PA-nın sədri, digər qonaqlar iştirak edirdi. Təqdim etdiyimiz proqram çox gözəl
qarşılandı. Bu layihəni ona görə brend
adlandırıram ki, onu
reallaşdırmağa başladığımız ilk ildən özümüzə xas olan bir
formanı, təqdimat üslubunu
tapdıq. Bu da Şəkinin
gözəlliyini ortaya qoydu.
Bu qədim şəhərdə Xan sarayı, karvansaray və
s. daxil olmaqla çoxlu sayda memarlıq abidəsi var.
Onlar dövlət tərəfindən qorunub saxlanılır və tədricən bərpa
olunur. Bu baxımdan
ötən beş ildə bizim
gözümüzün önündə
Şəki sanki dəyişdi. Şəkinin
Kiş kəndində, alban
kilsəsinin önündə biz birinci festivalımız çərçivəsində
“Sarı gəlin” konsertini keçirdik.
Artıq 3-cü festivalımız zamanı “Aşağı Karvansaray” memarlıq kompleksi
çox yüksək səviyyədə
bərpa olundu və tədbirlərimiz burada keçirildi. Bu məkanda Gürcüstanın məşhur
“Erisioni” mahnı və rəqs ansamblı
möhtəşəm çıxış etdi.
Bu il konsertlərimizin bir qismi şəhərdəki
“Yay teatrı”nda reallaşdı. Sabit Rəhman adına
Şəki Dövlət
Dram Teatrı bərpa
olundu və festivalda iştirak edən Bakı Marionet Teatrının tamaşasını orada göstərə bildik. Yəni Şəkidə quruculuq, abadlıq və bərpa işləri bir növ festivalla
paralel aparılır və bizim imkanlarımız
da genişlənir.
Bizim festivalın öz imici var: bu,
memarlıq abidələri
önündə keçirilən
konsertlərdir. Eyni zamanda
biz təkcə musiqini
təqdim etmirik, milli geyimləri, qədim musiqi alətlərini də nümayiş etdiririk.
Nəticədə insanlar təkcə
eşitmirlər, həm
də tarixi abidələri görür
və onu öyrənməyə çalışırlar.
Builki festivalımıza gəlincə,
deyim ki, TÜRKSOY-un layihəsi olan türkdilli xalqların milli geyimlərinin nümayişi - dəfilə
gecəsi çox möhtəşəm oldu.
Orada 13 türkdilli xalqın nümayəndələri iştirak
edirdi. Biz bir daha türk
dünyasının böyüklüyünü,
zənginliyini, gözəlliyini
gördük. Azərbaycanın qədim geyim nümunələri - Naxçıvan,
Qarabağ, Quba, İrəvan və digər xanlıqların geyimləri də nümayiş olundu. Düşünürəm ki, “Yuxarı
Karvansaray” kompleksindəki
bu gecədə hər kəs gözəl anlar yaşadı.
- Azərbaycanda artıq ənənə halını almış digər musiqi festivalları da keçirilir. Bu mənada
“İpək Yolu” musiqi festivalının onlardan fərqi, özəlliyi nədən
ibarətdir?
- Təbii ki, özəlliklər var. Məsələn,
2009-cu ildən etibarən
Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə
çox böyük beynəlxalq musiqi festivalı keçirilir. Bunun üçün müasir
texnika ilə təchiz olunmuş xüsusi səhnə qurulub və orada klassik musiqi
səsləndirilir. Hər bir
festivalın öz imici var. Bizim festival, qeyd etdiyim kimi,
tarixi məkanlarda, qədim abidələrin önündə gerçəkləşir.
Biz də festival proqramına bir simfonik orkestr, opera, balet daxil edirik.
Bu il Marionet
Teatr “Arşın mal alan” tamaşasını göstərdi. Bu baxımdan “İpək Yolu” V beynəlxalq musiqi festivalı teatrı, estradanı özündə birləşdirdi.
Bu il həmçinin
ilk dəfə “Eurovision” müsabiqəsi
iştirakçıları da bir səhnədə
yer aldılar.
- Festivala hər dəfə müxtəlif ölkələrdən
sənətçilər dəvət
olunur, müxtəlif təşkilatlarla əməkdaşlıq
edirsiniz. Gələcək illərdə layihəyə
daha hansı yenilikləri əlavə etmək istərdiniz?
- Dünya çox böyükdür, “İpək
Yolu” da böyük bir coğrafiyanı əhatə
edir. Burada o qədər yeni
gözəl ideyalar var ki, onlar
tükənmir. Vaxt keçdikcə
yeni ideyalar meydana gəlir. Nə qədər ki, türk dünyası var, “İpək Yolu” da olacaq.
Bizim öz xəttimiz var: klassik musiqiyə o qədər də yer vermirik. Hədəflərimiz
fərqlidir, bizi ənənəvi xalq sənəti, mərasimlər,
muğam, aşıq musiqisi maraqlandırır:
onları qoruyub-saxlamaq,
bərpa etmək, yeni bir şəkildə
təqdim etmək. Düşünürəm ki,
hər il
layihəyə yeni-yeni
əlavələr edəcəyik.
Bu dəfə “Mədəni İrsin Qorunmasına Dəstək”
İctimai Birliyi bizim layihəyə kömək etdi. Mədəniyyət və Turizm
Nazirliyi bizə Hindistandan və Çindən böyük
musiqi qruplarının
gətirilməsinə kömək
etdi. Rusiyanın “Ermitaj” simfonik
orkestrinin festivalda iştirakını onlar öz üzərlərinə
götürdülər. Nəticədə, ortaya uğurlu bir iş qoymuş olduq.
- Yeri gəlmişkən, xarici ölkələrin festivalda
iştirakını necə
dəyərləndirdiniz?
- Çox yüksək dəyərləndirirəm. Ona görə
ki, bizim təklifimizə çox ciddi yanaşdılar.
Eyni zamanda iştirakçı
ölkələrdə fəaliyyət
göstərən Azərbaycan
səfirlikləri də
layihəyə çox
ciddi münasibət göstərdilər. Onlar
ən gözəl kollektivləri bizə təklif etdilər və sonra iş
başladı. Biz əvvəlcə təklif
olunan kollektivlərin videolarını izlədik
və gördük ki, çıxışlar
bizim profilimizə uyğundur. Türkiyədən gələn İstanbul
Dövlət Modern Folk Müzik
Topluluğundan başqa
heç bir ansamblın videolarını
izləmədən qəbul
etməmişik. Bu qrupu isə bizə Türkiyənin Mədəniyyət və
Turizm Nazirliyi təklif etdi.
- Bəstəkarlar İttifaqı “İpək Yolu” V beynəlxalq musiqi festivalını uğurla başa vurdu. İttifaq hansı yeni layihələr üzərində işləyir?
- Bu il Bəstəkarlar İttifaqının 80 illik yubileyidir və biz buna hazırlaşırıq. Yubileyin keçirilməsini noyabr ayına nəzərdə tutmuşuq. Biz qocaman və bu gün çox aktiv olan gənc bəstəkarlara, həm də ittifaqa üzv olmayan bəstəkarlara səslənərək onları yeni yazdıqları əsərləri təqdim etməyə dəvət etmişik. Yubileydə yeni yazılmış əsərlərin premyerası olacaq. Təbii ki, burada klassik əsərlər də səslənəcək. Məsələn, Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıbəylinin yaradıcılığından nümunələr ifa ediləcək. Bəzi insanlar deyir ki, indi Azərbaycanda yüksək səviyyədə əsərlər yazılmır. Əksinə, heç vaxt Azərbaycan bəstəkarlarının əsərləri dünyada belə yüksək səviyyədə təqdim olunmayıb. Burada Heydər Əliyev Fondunun çox böyük zəhməti var. Hazırda dünyanın hər yerində bizim bəstəkarların əsərləri səslənir. Bəstəkarlar İttifaqının 80 illik yubileyində oratoriya, kantatalar, kamera instrumental musiqiləri səslənəcək, simpoziumlar keçiriləcək. Simpoziumlarda musiqişünaslar iştirak edəcək. Tədbirə xaricdən qonaqlar dəvət olunacaq. Bundan başqa, dəyirmi masaların keçirilməsini də nəzərdə tutmuşuq. Təkcə konserti dinləmək deyil, əsəri xaricdən gələn həmkarlarla müzakirə etmək tamamilə başqa məqamdır. Hazırda digər ölkələrdə bu proseslər necə gedir - fikir mübadiləsi əsasında bunları bilmək maraqlıdır.
- Firəngiz
xanım, bir qədər də
yaradıcılığınıza nəzər salmaq istərdik. Siz
xalqımızın mədəniyyətini təbliğ etməklə
bərabər, onun tarixini
əsərlərinizdə əks etdirirsiniz.
İlk dəfə 2007-ci ildə səhnəyə
qoyulan “İntizar”
operası da bu qəbildəndir.
Bu operanın özəlliyi bir də ondan ibarətdir ki, hər dəfə müxtəlif versiyalarda səslənir. Bununla
bağlı nə deyə bilərsiniz?
- Bu əsərin çox gözəl premyeraları keçirilib. Dörd dəfə isə müxtəlif versiyalarda səslənib. Mən çox məmnunam ki, hər dəfə rejissorlar bu operaya müraciət etdikdə özləri üçün tamamilə yeni bir məqam dərk edirlər. Məsələn, Dmitri Bertman bu operanı tamamilə başqa səpkidə işləyib. Hafiz Quliyev isə tamamilə başqa cür təqdim edib. “Mədəniyyət” kanalı həmişə bu əsəri tarixi anım günlərində göstərir. Mənə zənglər olur, gözəl rəylər bildirilir. Operada Afaq Abbasova, Fərid Əliyev öz rollarını çox gözəl oynayırlar. Bunlar gənc və gözəl səslərdir. Mən bundan çox məmnun oldum. Əsərin libretto müəllifi professor Nərgiz Paşayeva ilə mən bu süjeti tariximizdən götürmüşük. Bilirik ki, Qarabağda erməni quldurları azərbaycanlı gənclərin toy mərasiminə basqın edib və toy gününü faciəyə çeviriblər. Belə hadisələr olub. Biz sadəcə bir epizodu ümumiləşdirmişik. Təbii ki, söhbət burda Qarabağdan gedir. Amma bu gün belə faciə dünyanın münaqişə, müharibə gedən başqa yerlərində baş verə bilər və baş verir. Biz bu hadisələrə qarşı bu əsəri meydana gətirdik. Əsər çox gözəl qarşılanır və hər dəfə yeni rənglər qatılaraq nümayiş etdirilir. İndi isə mən yeni opera üzərində işləyirəm. Əvvəllər daha çox kamera musiqisi yazırdım, sonra “Ağ atlı oğlan”, “İntizar” operalarını, “Boş beşik” baletini yazdım. Ona görə ki, bu janrlarda bir az boşluq görürəm. Bəstəkarlar İttifaqının beşinci qurultayında iştirak edən ulu öndər Heydər Əliyev demişdi: “Təbii ki, sevinirik ki, gözəl mahnılar yaranır. Amma istərdim ki, Azərbaycan bəstəkarları irihəcmli əsərlərə daha çox diqqət yetirsinlər. Ona görə ki, tarixdə bunlar qalacaq. Məsələn, “Koroğlu”, “Leyli və Məcnun” operaları əsrlərlə yaşayacaq”. İstərdim ki, bəstəkarlarımız ulu öndərin fikirlərinin bugünkü aktuallığına diqqət yetirsinlər və musiqimiz bu janrlarda əsərlərlə zənginləşsin.
Mehparə
Mədəniyyət.- 2014.- 11 iyul.-
S. 7.