Bələdçi işinin
təkmilləşdirilməsinə dair fəaliyyət
planı hazırlanıb
Mədəniyyət
və Turizm Nazirliyi
müxtəlif dillərdə çalışan bələdçi-tərcüməçilərin
hazırlanmasını prioritet hesab edir
Turizmin inkişafı bir tərəfdən
güclü infrastrukturun
qurulması, müasir hotellərin, istirahət
mərkəzlərinin tikilməsi ilə şərtlənirsə,
digər tərəfdən ölkəyə gələn turistlərin
yüksək səviyyədə qarşılanması, onlara lazımi xidmətin göstərilməsi
də mühüm amillərdən hesab edilir. Bu baxımdan bələdçi-tərcüməçilər
və bələdçi-təlimatçıların peşəkarlığı,
dünyagörüşü, mükəmməl
biliyi, insanlarla
ünsiyyət qurmaq bacarığı nəticə
etibarilə turizm məhsulunun keyfiyyətinə
təsir edir.
Turizmin inkişaf etdiyi ölkələrdə bu məsələyə xüsusi önəm verilir. Bələdçilərin fəaliyyəti bir neçə qurum tərəfindən tənzimlənir və müvafiq idarənin icazəsi olmadan hər hansı turizm müəssisəsi bələdçi xidmətindən istifadə edə bilmir. Üstəlik, bələdçiliklə məşğul olmaq istəyən şəxsin mütləq lisenziyası olmalıdır. Ukraynada və Rusiyada turist bələdçilərinin lisenziyasız fəaliyyətinə görə cərimələr nəzərdə tutulur. İtaliyada isə belə sənədi olmayan bələdçinin xidmətindən istifadə edən turistin hətta özünü də cərimə edirlər.
Azərbaycanda turizm sektoru inkişaf etdikcə, ölkəmizə gələn turistlərin sayı da artır. Onlarla birbaşa ünsiyyətdə olan yüksək ixtisaslı bələdçilərin hazırlanması hazırda Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun və digər müvafiq qurumların qarşısında duran ən vacib vəzifələrdən biridir.
Bu səbəbdən də nazirlik mövcud vəziyyətin təhlilinin nəticəsini, uzunillik təcrübəsi olan peşəkar bələdçilərin təkliflərini və turizmin inkişafının hazırkı mərhələsində tələb olunan öhdəliklərin icrasını nəzərə alaraq bələdçilərin fəaliyyətinin təkmilləşdirilməsi, problemlərin aradan qaldırılması məqsədilə tədbirlər planı hazırlayıb.
Bu ilin fevral ayında Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində respublikada çalışan bələdçi-tərcüməçilərlə görüş keçirilib. Görüşdə ölkəmizə gələn qonaqlara və turistlərə ekskursiya xidməti göstərən bələdçilərin fəaliyyətində mövcud olan problemlər müzakirə olunub və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb. Gələn il ölkəmizdə keçiriləcək Avropa Oyunları və digər mötəbər tədbirlər çərçivəsində Azərbaycana gələcək qonaqlarla çalışması nəzərdə tutulan tərcüməçi-bələdçilərin hazırlığı səviyyəsi prioritet kimi qeyd olunub.
Şöbədən aldığımız məlumata görə, Nazirlər Kabinetinin «İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı»nın təsdiq edilməsi haqqında qərarında turizmlə əlaqədar dağ-xizək turizmi (dağ-xizək turizm növü üzrə bələdçi və bələdçilik) ekoturizm üzrə bələdçi, milli park bələdçisi və yerli bələdçi ixtisasları mövcuddur. Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq edilmiş «Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı»na görə turizm üzrə peşə kadrları hazırlana biləcək ixtisas isə «bələdçilik işi»dır. Ali təhsil müəssisələrində, eləcə də Azərbaycan Turizm İnstitutunun (ATİ) “bələdçi” ixtisası üzrə bakalavr pilləsində «tərcümə» ixtisası da mövcuddur. ATİ-nin magistratura pilləsi üzrə isə «turizmin bələdçisi» ixtisası tədris edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi «Sosial Müdafiənin İnkişafı» layihəsinin «İSCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması» tapşırığı çərçivəsində «Yaşıl turizm üzrə bələdçi», «Dağ turizm marşrutları üzrə bələdçi» və «Ekskursiya bələdçisi» peşə standartı hazırlanıb.
Peşə təhsili sahəsindəki mövcud qanunvericiliyi nəzərə alaraq, bələdçilik üzrə beynəlxalq təcrübəni əsas tutaraq Azərbaycanda bələdçilik fəaliyyətini formalarına görə aşağıdakı kimi təsnifata bölmək olar:
Bələdçilər (muzeydə, milli parkda, tarix-mədəniyyət qoruğunda olan bələdçilər və yaşadığı kənd ərazisi üzrə yerli bələdçi);
Bələdçi-tərcüməçi (beynəlxalq turizm bələdçisi, milli səviyyəli bələdçilər və inzibati ərazi üzrə bələdçi).
Məlumatda daha sonra qeyd olunur ki, beynəlxalq turizm bələdçisi Azərbaycanda və ən azı başqa bir ölkədə akkreditə olunmuş, WFTGA-nin sertifikatını almış bələdçilərdir. Milli səviyyəli bələdçilər ölkə ərazisində bütün rayonlar və ya marşrutlar üzrə bələdçilik etmək hüququ əldə etmiş, Mədəniyyət və Turizm Nazirliyinin Bələdçilərin akkreditasiya komissiyasından keçmiş bələdçilərdir. İnzibati ərazi üzrə bələdçi isə ölkədə olan mövcud turizm 7 marşrutdan biri və konkret rayon və ya şəhər ərazisində bələdçi olan və akkreditasiya komissiyasından keçən şəxslərdir.
Hazırda turizm sənayesində müxtəlif dilli bələdçi-tərcüməçilər, o cümlədən ingilis, fransız, italyan, yapon, alman, rus, türk dilli mütəxəssislər çalışır. Ölkəmizə gələn qonaqların əksəriyyəti ingilis dilinə üstünlük verir. Amma bəzi qeyri-ingilis dilli qonaqlar öz ana dillərində bələdçi-tərcüməçi arzulayarkən problemlər yaranır. Nazirliyin bələdçilik fəaliyyəti sahəsində hədəf götürdüyü əsas məqsədlərdən biri də ingilis dili daxil olmaqla, digər dillərdə çalışa bilən bələdçi-tərcüməçilərin hazırlanmasını təşkil etmək və bu sahədə işin təşkilinə çoxillik təcrübəsi olan bələdçiləri cəlb etməkdir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 11 iyul.-
S. 9.