“İnsan
orqanizmi sanki bir canlı orkestrdir”
“İnsanın ürəyi
başqa ritmdə, qaraciyəri isə tamam başqa ritmdə hərəkət
edir. Hər orqanın öz səsi var”
Musiqi ruhun qidasıdır,
deyiblər. Musiqinin təsiri mənəvi zövqlə məhdudlaşmır,
o, bəzən keçirdiyimiz
sarsıntının, çəkdiyimiz
ağrının məlhəminə
çevrilir, qəzəbimizi,
kin-küdurətimizi aradan
qaldırır. Qədim zamanlardan
musiqinin bu ecazkar təsirini bilən insanlar ondan terapiya vasitəsi kimi də istifadə ediblər. Min illər öncə Misirdə və Yunanıstanda həkimlər
xəstələri harmonik
səslərlə müalicə
edirmişlər.
Çinlilərdə belə bir düşüncə
formalaşıb ki, musiqi ilə bütün xəstəlikləri
sağaltmaq olar. Onlar xəstə
üçün “musiqili
reseptlər” belə yazırmışlar. Fərabi,
Razi, İbn Sina, Həsən Əfəndi kimi Şərqin məşhur
alim və təbibləri də bu sahəyə diqqət ayırıblar.
Bütün bunlardan aydın olur ki, musiqi
və sağlamlıq
anlayışları bir-birinə
çox yaxındır. Ruhun qidası
olan musiqi depressiyanı da aradan qaldırmaqda təsirli vasitədir.
Bu baxımdan psixologiya elmində də uzun illər
musiqi terapiyasından istifadə edilib. Musiqi ilə müalicənin təməlini təşkil
edən monoton ritmlər mövcud reaksiyalara görə (sürətli, yavaş, yumşaq və ya sərt melodiya
ritmləri) istifadə
edilib. 1947-ci ildə ABŞ-da (Miçiqan ştatı) musiqili müalicə proqramı tətbiq olunub. Bu müalicə
son dövrlərdə aparılan
elmi-tədqiqat işlərinin
əsas mövzularından
birinə çevrilib.
Axtarışlar
Dahi Avstriya bəstəkarı
Volfqanq Amadey Motsart musiqini belə ifadə edib: “Duyğularımı
şeirlərlə anlada
bilmərəm, çünki
şair deyiləm, özümü kölgə
və işıqlarla
ifadə edə bilmərəm, çünki
rəssam deyiləm, düşüncələrimi hərəkətlərlə
də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm. Lakin bunların hamısını
musiqi ilə edə bilərəm”.
Bu fikirləri həmyerlimiz,
uzun müddət Türkiyədə çalışan
musiqişünas, bəstəkar
Züleyxa Abdullayevanın
da yaradıcılığına
aid etmək olar. Züleyxa xanımla
Üzeyir Hacıbəylinin
ev-muzeyində görüşüb
həmsöhbət olduq.
Bakıda yaşadığı illərdə bu muzeydə çalışıb.
Həmsöhbətimin qeyri-adi istedadı
və bacarığı
qarşısında musiqinin
sehrinə düşərək
onun insan həyatı üçün
nə qədər gərəkli olduğunun fərqinə vardım.
Züleyxa xanım 1981-ci ildə
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasına daxil olub, professor Səadət Abdullayevanın sinfini bitirib. Təhsil müddətində musiqi terapiyasına və musiqi vibrasiyasının ənənəvi
köklərinin araşdırılmasına
marağı yaranır.
Diplom mövzusunu Bakının Qala kəndinin musiqi mədəniyyətinə
həsr edir. Kənddəki sərdabələrin
bu ərazidə qədim bir mədəniyyətin izindən
xəbər verdiyini
hiss edən musiqişünas
orada araşdırmalarını
davam etdirir. Araşdırmalar zamanı
Bakının dərviş
mədəniyyəti ilə
tanış olur. Bu tədqiqatlar
onu zəngin bir mənəvi səyahətə aparır.
Mövzunun diplom işinə
sığmadığını görən Züleyxa xanım belə qərara gəlir ki, Elmlər Akademiyasının aspiranturasına
daxil olsun. Amma həmin dövrdə bu mövzuda dissertasiya müdafiə etmək o qədər də asan deyildi.
Mövzunu təsdiqlətmək problemə çevrilir.
Lakin musiqişünas inadından
dönmür. Bu mövzuya elmi-fəlsəfi
prizmadan yanaşır.
Böyük çətinliklə də olsa, sübut
edir ki, Bakıdakı dərviş
mədəniyyətinin dərin
kökləri var. Nəhayət,
gərgin tədqiqatların
nəticəsində uğurla
dissertasiya müdafiə
edərək sənətşünaslıq
namizədi elmi dərəcəsi alır.
Musiqi terapiyası insanların
daxili aləmini təmizləyir
Amma musiqinin təsirlərinin elmi cəhətdən öyrənmək həvəsi onu tərk etmir. 1997-ci ildə İstanbula köçən Züleyxa Abdullayeva Türkiyədə musiqidən dərs deyir, eyni zamanda musiqinin insan orqanizminə təsiri, musiqi aurasının əhəmiyyətli dəyişikliyə səbəb olması və çakra (“çarx” sözündən olub, yoqalara məxsus hərəkətləri ehtiva edir) ilə bağlı araşdırmasını davam etdirir. Həmçinin çoxlu yerli və xarici təlimçilərin proqramlarında və interaktiv vahid şəfa məktəbində, Sankt-Peterburqda beynəlxalq peşəkar alternativ tibb seminarında iştirak edir. Bu təlimlər onun mövzu ilə bağlı baxışlarını daha da mükəmməlləşdirir. Azərbaycanın zəngin musiqisi və Qərbin elmi sistemi nəticəsində öz yolunu, araşdırmalarını uğurla həyata keçirir.
Bu gün bəstəkarın fəaliyyəti Türkiyədə yüksək dəyərləndirilir. Həmsöhbətim bildirir ki, musiqi terapiyası insanların xoşbəxt olmalarına imkan yaradır, onların ruhlarını, daxili aləmlərini təmizləyir. İstanbulda silsilə olaraq hər ay musiqi terapiyası konsertləri təşkil edən musiqişünas bu konsertlərə insanların böyük maraq göstərdiyini bildirir. Burada ortaq ruhlu insanlar bir araya gəlirlər. Konsertlər zamanı o öz auditoriyası ilə enerji əlaqəsi yaradır və auditoriyanın axıcılığını pianoya ötürür. Bununla da auditoriya ilə dialoqa girmiş olur. Eyni nöqtədə auditoriya onun nümayiş etdirdiyi improvizasiyanı görə və hiss edə bilir. Dəyişikliklər praktika zamanı baş verdiyindən buraya tənəffüs sistemi də cəlb olunur. Buna görə də Züleyxa xanım Amerikadan gələn mütəxəssislərdən alternativ nəfəs texnikasının sirlərini öyrənib. O, musiqi terapiyası konsertləri təşkil etməklə əhəmiyyətli bilik və təcrübə əldə edib.
Musiqişünas bildirir ki, canlı piano improvizasiyası auditoriya axıcılığını bir yerdə və bir anda qaldırır: “Bəşər övladı bizim adətən eşitdiyimiz səs axıcılığına bənzər müntəzəm tezliklərə nisbətən daha çox şey hiss edə bilir. Xüsusilə də sakitlikdə bu tezlikləri tutmaq mümkündür. Bizim auramız normal qulağın eşitməsinin mümkün olmadığı tezliklərin aurası ilə yüklənir. Bu vibrasiyaları balanslaşdırmadan real şəfa tapmaq qeyri-mümkündür. Hətta güclü dərman bizə nəzərdə tutulan nəticəni vermir. Mən auditoriya ilə əlaqəyə girəndə bizim aramızda baş verən vibrasiya gərginlikləri pianoya ötürülür. Vibrasiyalar adətən eşidilmir, katalizator kimi mənim bədənimə keçir və pianodan qəbulediciyə çatır. İnsanın orqanizmi sanki bir canlı orkestrdir. Eyni anda insanın ürəyi başqa ritmdə, qaraciyəri isə tamam başqa ritmdə hərəkət edir. Onun hər orqanının özəl səsi var. Bu səsləri hiss edirəm. Mən insanla söhbət etdiyim zaman onun enerjisini duya bilirəm. Bu proses davam edən vibrasiya dəyişikliyi ilə başa çatır. Bu zaman bizim bədənimiz dönür və o, şəfaya hazır olur”.
Bəstəkarın “Azərbaycanda dərviş toyları, musiqi mədəniyyəti” adlı elmi əsərində vaxtilə “Rast”, “Segah” və digər muğamlarla müalicə aparıldığı haqqında tarixi məlumatlar yer alıb. Türkiyədə bəstəkarın “Aşkın halleri” adlı diski işıq üzü görüb və dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Diskdə piano musiqiləri yer alıb.
Züleyxa xanım Azərbaycandan kənarda yaşayan elm və sənət adamlarını canlı təbliğat maşınına bənzədir. Bildirir ki, onlar öz mədəniyyətləri, elmləri ilə ölkəmizi təbliğ edirlər: “Vətəndən uzaqda yaşasaq da, hər zaman Azərbaycanın adını yüksək tutmağa çalışırıq”.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 11 iyul.-
S. 9.