Həqiqi dinli “dinsiz”...
Böyük islami və milli dinli Mirzə
Fətəli...
Bu dəfə bu
böyük Milli Mirzəmizin
məktubları haqda. Onun həm də “mən bütün dinləri puç
və əfsanə hesab edirəm” qənaətilə
bağlı sovet rəvayətlərini
heçə endirən məktubları. Öz
ali milliliyi, fədakar
ziyalılığı, iman və inam sağlamlığı barədə şəhadət
verən məktubları...
Uzun illər sadə xalqa yeganə və “tərslikdən” çox güc-qüdrətli “Kəmalüddövlə məktubları” ilə - təkrarsız sənət məktubu ilə tanıdıldığından onun “şəhid qanı ilə yazılmış”a timsal sənəd-məktubları kölgədə qalıb.
Dövrünün “hər ləhzə” nələr-nəsnələrini bilənlərdən olan bu böyük filosof-ədib, çox ayıq-sayıq zat əski türk düşüncəsindəki “Allah var, bəndə var - araçı yox” inancından da yaxşı xəbərdar idi, qeyri-müsəlman bir müdrikin “Əgər Allah olmasaydı da, onu uydurmaq lazım idi” deyimindən də. Lakin o bunu da gözəl bilirdi ki, şagirdin elm-bilik, şəyirdin sənət-peşə öyrənməsi müəllimsiz, ustadsız mümkün olmadığı kimi, kütlələrin də Tanrıya tapınması araçısız - peyğəmbər və imamlarsız hasilə gələn iş deyil. Bəs nədən bu böyük biləndər dövri olaraq (hətta ölümərəfəsi vəsiyyətində belə!) vurğulayırdı ki, bütün dinləri “puç və əfsanə” hesab edir? Sözsüz ki, onun bildikləri ilə gördükləri arasındakı yer-göy fərqlərə, təfavütlərə görə. Və elə “bildikləri”nə rəğmənlikdəndi ki, o, bütün Qafqazın ən əxlaqlı, yüksək səviyyəli, milli məfkurəli şeyxləri, axundları, müftilərilə çox yaxın ünsiyyətdə, mədəni münasibətlərdə idi.
Əvvəlcə, bütün bunları təsdiqləyən həmin fəlsəfi-irfani namələrdən -
Sonuncusu...
Ona görə sonuncusundan başlayıram ki, ölümündən az əvvəl “Əkinçi” qəzetində şiə təəssübkeşliyi və şəbihçiliyinin qızğın müdafiəçisi kimi çıxış edən bir kapitana yazdığı bu məktub onun islama məlum və “məlum” münasibətini xeyli dərəcədə incələyir. Öncədəncə də qeyd edim ki, bolşevik-sovet mətbuatının (deməli, həm də ideologiyasının) xüsusi vurğu ilə “alovlu ateist” kimi təqdim etdiyi Mirzə Fətəli həmin məktubunun sonunda toxunduğu vacibatlara əvvəlindəki həqiqətlə ayaq verir, islamın universal-ruhsal daşıyıcılarından, xüsusən, öz ideya mayakına çatımı uğrunda hər an ölümə hazır olan İmam Hüseyndən ehtiramla söz açır. Bu “dinsiz”, dövrün bir çox dinlilərindən fərqli düşünən azərbaycanlı, o ərəbi türkün ana dilində belə qutlayır: “...Biz gərək öylə cavana afərin oxuyaq və mərdanəliyindən fəxr edək!”
“Yad”lar haqqında elə deyən bəşər imanlı bu adam həmin məktubunda həmyerlilərimizə belə söyləyirdi: “Əgər biz istəyirik ki, bir günə əməllərlə İmam Hüseyni özümüzdən razı və xoşnud edək və öz iradətimizi ona nisbət sübuta yetirək, onda gərək onun təziyədarlığından əl çəkib, bu şəbihlərə sərf olunan pullar ilə hər şəhərdə o həzrətin şiələrinin övladlarına təlim-tərbiyə vermək üçün məktəbxanalar açaq və hər məktəbxananın qapısında yazıb yapışdıraq ki, İmam Hüseyn Əleyhissəlamın eşqinə bu məktəbxana bərpa olunubdur”.
Sonuncu məktubu ilə bütün gələcəklərimizi milli əməl və təəssübkeşliklərə səsləyən filosof-ədib, bunaqədərki məktublarında öz avtoportretini də yaratmış olub ki, zənnimcə, bunu belə də ifadə etmək olar:
Fırça
çalarlı qələm...
Onun “Kəmalüddövlə məktubları”ndakı daha çox rasional, bəzən irrasional fikirləri, düşüncələri, “...əgər hər hansı bir günaha görə insan o dünyada “qıl körpü”dən keçirilib qır qazanına düşürülürsə, Allah ən böyük despot deyilmi?!” kimi dillematik sual və nidaları ədəbiyyatşünas alimlərin, ədəbi publisistikanın əbədi tədqiqat mövzusu olaraq qalacaqsa da, digər məktubları qələmə alındıqları zamandan bütün gələcək zamanlaradək əbədi mühafiz-müdafiəçi rolunu oynayacaq. Nədən ki, bu fəlsəfi fərd öz idrak doktrinaları ilə bütün Qafqaz və qismən Yaxın Şərq aləmi üzrə xalqımızın xarici işlər nazirliyi, informativ-mənəvi əlaqələr təşkilatı, milli məlumat agentliyi rolunu oynayıb və bu akt onun bədii əsərləri kimi hər zaman səhnədə olacaq.
Mirzə Fətəli məktubları şəxsi düşüncələri, fərdi dərd-sərləri ehtiva edən yazışmalardan daha çox, milli hədəfləri axtarıb-arayan, ümumxalq işığını yandırmağa çalışan əsərləri xatırladır. Böyük islahatçı-ədib əlifba dəyişiminə dair fikirlərini başqalarıyla bölüşmə cəhdlərilə bağlı məktublarında da məqsəd-məramın daha geniş arealda yayımı üçün ciddi və orijinal metodlara səy edirdi. O, iranlı Mirzə Yusif xana yazırdı: “Ruhulqüdsün əlifbanı dəyişdirməyin lazım olmasına dair yazdığı kitabçasını münasib gördüyünüz və mümkün saydığınız hər kəsə verin, oxusun. Kitabçanın məzmunu və əqidəsi haqda oxucuların fikrini zəhmət çəkib bizim üçün yazın ki, mənim və cənab Şeyxülislamın arasında müzakirə vasitəsi olsun”.
Xalqın inkişafı, maariflənməsi yolunun yorulmaz yolçusu elə həmin il (1870) Mirzə Melkum xana yazırdı: “Cənab Şeyxülislamla birgə xahiş edirik ki, mükəmməl tərtib etdiyiniz yeni sait və samit hərflərin şəkillərini - çap nüsxəsi olarsa, çap olunmuş halda, olmazsa, qələmlə yazılmış halda - çox zəhmətə səbəb olan təfsilat ilə deyil, bir-iki səhifədə yazıb bizə göndərəsiniz ki, nəzərdən keçirə bilək”. Yaxud, İranda ruhani məhkəmələri ilə bağlı fikir bildirmək üçün göndərilən məktuba cavabı: “Tiflisdə mənim və cənab Şeyxülislamın oxuyub həzz aldığımız və üzünü köçürdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət hədər getmədi. İndi mən və cənab Şeyxülislam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq Ədliyyə Nazirliyinə tapşırasınız ki, ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə dini məsələlərlə məşğul olsunlar”.
Hə, bu sətirlər də “dinsiz” ədiblə Qafqaz Şeyxülislamının rəy şərikliyi deyilmi? Hələ - Həsən bəy Zərdabi başda olmaqla, bu xalqın milli övladı kimi doğulmaqda olan “Əkinçi” qəzetinin dünyaya gəlimində Şeyxülislam və Müftinin dəstəyinə də Mirzə Fətəli nail olmamışdımı?..
Onun dünyaya baxış, həyata münasibət “üçbucağı” kimi də xarakterizə ediləsi növbəti məktubuna diqqət yetirək. Elm-bilim aləmi və aləmçilərindən başqa heç bir istinadgahı olmayan “hərbçi”-ədibin öz oğlu Rəşidlə bağlı qələmə aldığı bu məktub həm də ünvanlandığı şəxsin - İranın Parisdəki səfiri Mirzə Yusif xan Müstəşarüddövlənin kimliyinə, onun dostluq sədaqətinə, ədəb-irfan adamları üçün bir məhrəmlik, ərk yeri olmasına dəlalət edir: “Renanın, Boklun əsərlərini oxumuş Rəşid fəlsəfəni məndən pis bilmir, fizikanı, təbiətşünaslığı məndən daha yaxşı anlayır. Lakin o bu ramazan ayını - bütün şərtləri və əməlləri yerinə yetirməklə - oruc tutdu. Deyir ki, istəyirəm hamı məni təmiz müsəlman və xalis şiə kimi tanısın. Mən də mane olmurdum. Ramazan ayında hər gün namaz qılır, dua oxuyurdu”.
Belə... Bu sətirlərdən sonramı da onu (doğma oğlunun belə inancına müdaxilə etməyən bir atanı) birmənalı olaraq “puç və əfsanə” devizli dinsiz, Allahsız kimi qəbul etmək olar?!.
O, ağrıya-ağrıya o qədər yazdı, yaratdı ki, “başqalar”ı fəxr edə-edə yazırdılar:
“Baş idarə dəftərxanasının mərhum tərcüməçisi M.F.Axundov kiçik yaşlarımdan etibarən Şərq dillərini öyrənməyimi nəzarətdə saxlamış, türk, ərəb, tatar və fars dillərinə mükəmməl yiyələnməyim üçün bilikli və təcrübəli müəllimlər tutmuşdu”. Bunu uzun illər Qafqaz canişinliyinin hərbi-inzibati aparatının əvəzsiz tərcüməçilərindən olmuş, ərəb, fars, türk, erməni dillərini mükəmməl bilən Mirzə Mustafa rəhbərliyə ünvanladığı məlumatlardan birində yazırdı.
“...Mən bu böyük Mirzəmizi gözəl sifətlərinə görə səmimi-qəlbdən sevirəm və Sizin diqqətinizə təqdim etməkdən böyük şərəf duyuram”. Bu isə general Rzaqulu xan Qacarın məşhur əcnəbi tanışlarından birinə yazdığı məktubundandır.
Və...
son günlər, ölüm yatağı...
Onun başına yığılmış
“böyük, yaxın,
uzaq əşxaslar”dan
general Yadigarov:
“- Mirzə, Siz nə sayaq dəfn
olunmaq istərdiniz?
- Bilirsiniz ki, mən heç bir dinə inanmıram.
Ölülərin əziyyətlərindən dirilərin nə cür, nə sayaq xilas olmalarının
mənimçün elə
bir əhəmiyyəti
yoxdur. İstədiyiniz
kimi dəfn edə bilərsiniz...”
Həyatın bu real-fəlsəfi
epizoduna sentimental bir xəyal: görəsən
o anlar onun ətrafına yığışmışlar
arasında belə bir sual haqda
da düşünən
olubmu ki, “Mirzə, sənin heykəl, büst, barelyef-qorelyeflərinin harada
qoyulmasını, adının
hansı ictimai ünvanlara, küçələrə,
prospektlərə verilməsini
istərdiniz?..”
Tahir Abbaslı
Mədəniyyət.- 2014.- 11 iyul.-
S. 12.