Azərbaycanda aparılan arxeoloji tədqiqatların Türkiyədə təqdimatı

 

AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutu ilə Türkiyənin Mustafa Kamal Universiteti arasında əldə edilmiş razılaşmaya əsasən, Anadolu və Azərbaycan kurqanları mədəniyyətinin məlumat bazasının (data baza) yaradılması layihəsi həyata keçirilir. Layihə çərçivəsində tədqiqatlar aparmaq üçün institutun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Bəxtiyar Cəlilov və Müzəffər Hüseynov Türkiyədə elmi ezamiyyətdə olublar.

Səfər müddətində Azərbaycan ərazisində son zamanlar aşkar edilən kurqanların məlumatlar bazası hazırlanaraq təqdim edilib. Həmçinin Mustafa Kamal Universitetində son illər Azərbaycanda aparılmış arxeoloji tədqiqatlar haqqında təqdimat keçirilib.

Səfər çərçivəsində iki elm müəssisəsi arasında təcrübi mübadilə və əməkdaşlıq haqqında müzakirələr aparılıb. Azərbaycan ərazisində mövcud olan kurqanların türkiyəli elm adamları ilə birgə işlənməsini nəzərdə tutan yeni layihə hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Layihə baş tutarsa, yaxın iki il ərzində Azərbaycan arxeoloqları türkiyəli həmkarları ilə birgə ölkəmizdə mövcud olan zəngin kurqanlarda genişmiqyaslı tədqiqatların aparılması və nəticələrinin beynəlxalq elmi ictimaiyyətə çatdırılması nəzərdə tutulur.

 

Mədəniyyət.- 2014.- 11 iyul.- S. 12.