Dillərin bilicisi
Orta Asiya
xalqlarının maarif ziyasına
bürünməsində böyük xidmətləri
olan bu azərbaycanlı
oğlu bu gün də Özbəkistanda və Tacikistanda ehtiramla
xatırlanır
Orta Asiyada elmin, təhsilin,
mədəniyyətin inkişafına böyük
töhfələr verən görkəmli azərbaycanlılardan
biri də jurnalist, pedaqoq, ədəbiyyatşünas, ictimai xadim, tərcüməçi
və rejissor kimi
tanınan Seyid Rza
Əlizadədir. 10-dan çox əcnəbi
dil bilən, bu dillərdə
elmi-ədəbi irs yaradan pedaqoq-ədib Orta Asiya xalqlarının maarif ziyasına bürünməsi üçün ardıcıl fəaliyyət
göstərib.
Seyid Rza Əlizadənin valideynləri gözəl xalça ustası olublar. 1887-ci ildə Azərbaycandan Səmərqəndə köçüblər. Rza bu qədim şəhərdə dünyaya göz açıb. O, ali ruhani mədrəsəsində ərəb-fars dillərini öyrənib, mükəmməl dini təhsil alıb. 1904-cü ildən Səmərqənd mətbuatında mühərrirlik edib. 1908-ci ildə “Ayna” adlı qəzetdə işə düzəlib. On il sonra müstəqil “Şərq” adlı qəzet təsis edib. Qəzetin türk ellərində yayılması üçün böyük səy göstərib.
O, vətəndən uzaq düşsə də, doğma ata yurdu ilə əlaqəni kəsməyib. Buradakı ədəbi mühitlə daim əlaqə saxlayıb, tanınmış şair və yazıçılarla məktublaşıb. Bununla da o, Özbəkistanla və digər Orta Asiya xalqları ilə Azərbaycan arasında bir mədəniyyət körpüsü salıb.
Xalq
yazıçısı, professor Əzizə
Cəfərzadə xatirələrində yazır: “Özbəklər,
taciklər bizim bu azərbaycanlı
oğlunun xeyirxah xidmətlərini
unutmayıblar. Bəzən öz ana dilindən başqa beş dil bilənə az qala heyrətlənirik. Qəribə budur ki, Seyid Rza
Əlizadə on beş dil bilib. Özü də elə
təmiz, səlis, rəvan danışırmış
ki, buna görə də dillərin bilicisi sayılırmış. Xalqımızın bu dilçi, maarifpərvər oğlu həm də gözəl jurnalist, qəzet, jurnal redaktoru olub”.
Seyid Rza özbək, tacik balalarının savad alması üçün
məktəblər açıb. “Əlifba” kitabı və digər tədris vəsaitləri hazırlayıb. Tacik dilinin
qrammatikasını yazıb.
Rusca-tacikcə lüğət tərtib
edib. Əlişir
Nəvai adına
Səmərqənd Dövlət
Universitetində ərəb
və fars dillərindən dərs deyib.
O, 1917-ci ildə özbək dilində yazdığı
“Əlifba” kitabını
Səmərqənddəki “Zərəfşan” nəşriyyatında
“Birinci yil” (“Birinci sinif”) adı ilə çap etdirib. 1920-ci ildə isə
tacik məktəbliləri
üçün ilk dəfə
“Soli na xustin” (“Birinci il”) kitabını
nəşr etdirib.
Kitab üç dəfə
(1920, 1924, 1925) təkrar çap
olunub. Həmin kitabın sonuncu
nəşrindən bir
nüsxə hazırda
Səmərqənd Dövlət
Universitetində saxlanılır.
Onun xalq maarifi sahəsindəki
fəaliyyəti təkcə
orijinal dərsliklərin
tərtibi ilə bitməyib. O, eyni zamanda, bir sıra
dərslikləri rus dilindən tacik dilinə tərcümə
edib. Həmin dərsliklər onun
tərcüməsində uzun
müddət tacik məktəblərində istifadə
olunub. “Əsri-səadət”
əsəri 1924-cü ildə
Pakistanın Lahor şəhərində çap
olunub. Akademik Vasili Bartoldun “Türküstan” əsərini
fars, əfqan
və urdu dillərinə tərcümə
edərək Lahor şəhərində nəşr
etdirib. Maarifçilik sahəsindəki xidmətlərinə görə
1923-cü ildə ona
“Maarif qəhrəmanı”
fəxri adı verilib.
Araşdırmalarda qeyd olunur ki,
1920-1930-cu illərdə Orta
Asiyada çıxan qəzet və jurnalların əksəriyyətində
Seyid Rza Əlizadənin məqalələri
dərc olunub. O, Bakıda
nəşr olunan “İrşad”, “İqbal”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallarla müntəzəm əlaqə
saxlayıb. Orta Asiyadan bu mətbuat orqanlarına fasiləsiz olaraq materiallar göndərib.
Özbək, tacik və
Azərbaycan xalqları
arasında mədəni
əlaqələrə mühüm
töhfələr verib.
Rejissor kimi də fəaliyyət
göstərən ziyalı-ədib
dahi bəstəkar Üzeyir Hacıbəylinin
“Arşın mal alan”, “O olmasın, bu olsun” və
s. musiqili komediyalarının
Səmərqənddə tamaşaya
qoyulmasının təşkilatçısı
olub. Görkəmli şair-dramaturq Hüseyn
Cavidin “Şeyda” əsərinin ilk dəfə
Aşqabadda, sonra da Səmərqənddə
səhnələşdirilməsində onun mühüm xidmətləri olub.
Görkəmli tədqiqatçı-jurnalist Qulam Məmmədli yazır: “Seyid Rza Əlizadə Orta Asiya xalqlarının
mədəniyyətində, maarifində azərbaycanlı
ziyalıların göstərdiyi
rolun bir nümunəsidir. Belə ki,
Əbülqasım Gəncəvi,
Fatma xanım Gəncəvi, Əli İsmayılzadə, Qulaməli
Kazımzadə, Əliş
bəy Əliyev və başqaları məhz bu qəbildəndir.
Təsadüfi deyildir ki, özbək şairi Qafur Qulam 30-cu illərdə Bakıda olarkən “Kommunist” qəzeti üçün
verdiyi müsahibəsində
demişdir ki, mən ilk təhsilimi Səmərqənddəki azərbaycanlıların
məktəbində almışam.
Şeir aləminə isə Cavidin, Sabirin yolu ilə gəlmişəm”.
Fəaliyyət göstərdiyi bütün
sahələrdə uğurlara
imza atan alim eyni zamanda
dinşünas kimi də şöhrət tapıb. Onun “İslam mədəniyyəti”, “İslam
tarixi”, “Din vacibləri”,
“Əsabeye-İkram”, “Məhəmməd
peyğəmbərin yaxın
əqrəbaları haqqında”
və s. əsərləri
elmi-ədəbi ictimaiyyətdə
böyük maraq doğurub. Əsərlərinin nüsxələri dünyanın bir çox kitabxanasında saxlanılır.
Seyid Rza Əlizadə Azərbaycan
və dünya ədiblərinin əsərlərini
müxtəlif dillərə
tərcümə edib. Puşkinin,
Tolstoyun, Ostrovskinin, Qladkovun, Karamzinin, Qoqolun, Şoloxovun, Voyniçin əsərlərini
tacik, Nizami, Füzuli, Sabir, Nəvai və Firdovsinin əsərlərini
isə rus dilinə çevirərək
geniş oxucu auditoriyasına çatdırıb.
1937-ci ilin qanlı
repressiyası bu görkəmli ziyalıdan
da yan keçməyib. O, 1945-ci ilin
dekabrında həbsxanada
vəfat edib.
1982-ci ilin fevralında
Bakıda Seyid Rza Əlizadənin anadan olmasının 95 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib. Mərasimdə
çıxış edən
mərhumun oğlu Fərhad Əlizadə deyib: “Seyid Rza
Əlizadənin repressiya
zamanı sönmüş
ulduzu qədirbilən
xalqı tərəfindən
Azərbaycan torpağında
yenidən parladı.
Bu ulduzun nuru elə bol, parıltısı
elə güclü və işıqlıdır
ki, bir də
sönəcəyinə inanmıram...”
1987-ci ildə xalqımızın bu görkəmli oğlunun nəşi doğulduğu Səmərqənd şəhərinə gətirilib, “Pəncab” qəbiristanlığında dəfn edilib. Onun ədəbi irsi bu gün də Səmərqənd Dövlət Universitetində öyrənilir. Türk ellərinin bu böyük ziyalıya olan məhəbbətinin təzahürü kimi Səmərqənddə onun adını daşıyan küçə var. Yaşadığı evin divarına xatirə lövhəsi vurulub.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 11 iyul.-
S. 15.