Eynəli Bilal oğlu Nurullayev
Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Tanınmış səhnə ustası, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru Eynəli Bilal oğlu Nurullayev qısa müddətli xəstəlikdən sonra iyulun 9-da 67 yaşında vəfat etmişdir.
Eynəli Nurullayev 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1969-1973-cü illərdə Hüseyn Ərəblinski adına Lənkəran rayon xalq teatrının rejissoru vəzifəsində işləmişdir. 1973-cü ildən ömrünün sonuna kimi N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışmışdır.
100-dən çox obraza səhnə həyatı bəxş edən və rejissor kimi 10-a yaxın əsərə quruluş verən Eynəli Nurullayev ictimai və yaradıcılıq fəaliyyətinə görə 1979-cu ildə Respublika Ali Sovetinin Fəxri fərmanı, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuş, bir sıra sənət festivallarında diplomlara layiq görülmüşdür.
Eynəli Nurullayevin işıqlı xatirəsi onu tanıyanların, sənət dostlarının xatirəsindən heç vaxt silinməyəcək.
Allah rəhmət eləsin.
Lənkəran
Dövlət Dram Teatrının kollektivi
Mədəniyyət.- 2014.- 11 iyul.-
S. 13.