II Bakı Beynəlxalq İdman Filmləri Festivalı keçiriləcək

 

Müsabiqə proqramına beş kateqoriyada ekran əsərləri təqdim olunacaq

 

Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman NazirliyiMilli Olimpiya Komitəsinin təşkilatçılığı ilə 17-22 noyabr 2014-cü il tarixində Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF) keçiriləcək.

 

Festivalın məqsədi bütün idman növlərinə həsr olunan, idmanın inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ərəfəsində ölkəmizin idman potensialına diqqəti cəlb etməyi də qarşısına məqsəd qoyub.

Təqdim olunan filmlər kinematoqrafçılar və idman ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Münsiflər heyəti beş kateqoriya (idmandünya; idman və şəxsiyyət; bədii film; TV filmləri və proqramları; milli film) üzrə üç filmi müəyyən edəcək. Qaliblər diplompul mükafatları ilə təltif olunacaq. Festivalın ən yaxşı filmi baş mükafata (Qran pri) layiq görüləcək.

II Bakı Beynəlxalq İdman Filmləri Festivalı çərçivəsində, müsabiqə proqramları ilə yanaşı, seminarlar, film müəlliflərinin idman mütəxəssisləri və media təmsilçiləri ilə müzakirələri keçiriləcək.

Filmləri festivalın www.bisff.az saytı vasitəsilə təqdim etmək mümkündür.

Festival mənzil qərargahı Milan şəhərində yerləşən İdman KinoTeleviziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) üzvüdür. Layihə barədə daha ətraflı məlumatı www.bisff.az veb-saytından əldə etmək olar.

 

Mədəniyyət. - 2014.- 16 iyul.- S. 2.