“Əsas işimiz Azərbaycan
mədəniyyətini təbliğ etməkdir”
Özbəkistanda
fəaliyyət göstərən Azərbaycan Mədəniyyət
Mərkəzinin layihəsi əsasında hazırlanan diskin təqdimatı
İyulun 15-də Bakıdakı Xətai Sənət
Mərkəzində gənc xanəndə Aytən Məhərrəmovanın
“Ana yurdum” adlı albomunun təqdimatı keçirildi.
Albom Özbəkistanın paytaxtı
Daşkənddə fəaliyyət göstərən Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
(AMM) layihəsi əsasında hazırlanıb.
Mərkəzin direktoru, Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi Samir Abbasov qurumun fəaliyyəti barədə danışdı. Bildirdi ki, mədəniyyət mərkəzi Prezident İlham Əliyevin 2010-cu ildə Özbəkistana rəsmi səfəri zamanı açılıb: “Əsas işimiz Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtmaqdır. Bununla yanaşı Azərbaycan haqqında həqiqətlərin Orta Asiyanın böyük dövlətlərindən olan Özbəkistanda təbliği bizim üçün çox vacib məsələlərdəndir. Mədəniyyət mərkəzi olaraq Qarabağ haqqında həqiqətlərin özbək ictimaiyyətinə çatdırılmasına çalışırıq”.
Layihə barədə məlumat verən Samir Abbasov bildirdi ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə gənc xanəndə Aytən Məhərrəmova “Aypara” muğam qrupu ilə birgə bu il martın 18-də Daşkənddə Azərbaycan-Özbəkistan dostluğuna həsr edilmiş konsertdə çıxış edib. Dost ölkədə Azərbaycan musiqisinə olan maraq nəzərə alınaraq bu albom hazırlanıb. İyulun 4-də Daşkənddəki Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində diskin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov ölkəmizin mədəni irsinin təbliğində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin gördüyü işləri yüksək qiymətləndirdi, belə layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğuladı.
Gənc xanəndə Aytən Məhərrəmova albomun hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu, ümumilikdə Azərbaycan musiqisinin uğurudur.
Tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunan nəşrlər də nümayiş olundu.
Mərasim Aytən Məhərrəmovanın rəhbərlik etdiyi “Aypara” muğam üçlüyünün çıxışları ilə davam etdi. Qeyd edək ki, “Ana yurdum” albomuna xanəndənin ifasında 23 muğam, təsnif, xalq və bəstəkar mahnısı yer alıb.
Fariz Hüseynov
Mədəniyyət. - 2014.- 16
iyul.- S. 2.