“Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu

 

Milli mətbuatımızın banisi, böyük maarifpərvər, pedaqoqalim haqqında kitabın təqdimatı

 

İyulun 15-də Beynəlxalq Mətbuat Mərkəzində aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas alim Eldəniz Həsənovun “Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu” kitabının təqdimatı oldu.

Azərbaycan Mətbuat Şurasının, “Kaspi” qəzetinin və Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşəbbüsü ilə gerçəkləşən tədbirdə millət vəkilləri, tanınmış alim və ziyalılar, Həsən bəy Zərdabi nəslinin Azərbaycanda və xarici ölkələrdə yaşayan nümayəndələri iştirak edirdi.

Tədbiri Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirdi ki, kitab Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr edilib. Nəşr “Həsən bəy Zərdabinin 170 illiyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə açılır. Həsən bəy Zərdabinin Azərbaycanın ictimai, mədəni həyatında əvəzsiz xidmətlər göstərdiyini deyən Ə.Amaşov belə şəxsiyyətlərin həmişə xalqına hörmət və şöhrət gətirdiyini vurğuladı.

Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist, kitabın rəyçilərindən olan Sona Vəliyeva çıxış edərək bildirdi ki, zaman, dövr dəyişsə də, Həsən bəy Zərdabi irsinə münasibət dəyişmir. Çünki o, Azərbaycan xalqının maarif və mədəniyyətinin tərəqqisi yolunda çox böyük işlər görüb: “Əminəm ki, Zərdabi irsi gələcəkdə daha geniş şəkildə araşdırılacaq, daha maraqlı şəkildə oxuculara təqdim olunacaq”. Kitabın müəllifi Eldəniz Həsənova “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurası tərəfindən Həsən bəy Zərdabi irsinin öyrənilməsində çoxillik səmərəli fəaliyyətinə görə diplom təqdim edildi. Müəllif monoqrafiyanın hazırlanmasında ona yaxından kömək edən hər kəsə minnətdarlığını bildirdi: “İki il əvvəl “Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist Sona Vəliyeva mənə dedi ki, siz Həsən bəy Zərdabi irsinin tədqiqatçılarındansınız. Amma indiyədək mən bu böyük şəxsiyyətin anası haqqında geniş bir araşdırmaya rast gəlməmişəm. Bu məsələ məni daha geniş formada tədqiqatlar aparmağa sövq etdi. Axtarışlarımı başqa ölkələrin arxivlərində də davam etdirdim. Nəticədə belə bir əsər ərsəyə gəldi”.

Millət vəkili Jalə Əliyeva çıxış edərək bildirdi ki, XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda sosial-mədəni həyatın sürətli canlanmasında və ictimai fikrin maarifçi demokratik ideyalarla zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri olub. O, “Əkinçi” qəzeti ilə milli mətbuatın əsasını qoyub, dövrün ziyalılarını bu qəzet ətrafında birləşdirib.

Tədbirdə millət vəkili, professor Xanhüseyn Kazımlı, akademik Teymur Kərimli, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, tibb elmləri doktoru, akademik Böyükkişi Ağayev və başqaları çıxış edərək nəşrin əhəmiyyətindən söz açdılar. Bildirdilər ki, müəllifin illərlə apardığı tədqiqatlar nəticəsində ərsəyə gələn kitabda ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi tərtib olunub.

Sonda ədibin qardaşı nəvəsi Sara İsayeva Həsən bəy Zərdabi irsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi.

Qeyd edək ki, nəşrin elmi redaktorları filologiya elmləri doktoru Jalə Əliyeva və fəlsəfə elmləri doktoru İzzət Rüstəmov, rəyçiləri tibb elmləri doktoru Böyükkişi Ağayev, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva, tarix elmləri doktoru İsmayıl Məmmədov, coğrafiya elmləri doktoru Bəhruz Şəkuridir. KitabQarantholdinqin dəsəyi ilə “Zərdabi” nəşriyyatında işıq üzü görüb.

 

Savalan Fərəcov

 

Mədəniyyət. - 2014.- 16 iyul.- S. 4.