“Dəli Kür”ün Mələyi
Zemfira Sadıqovanın 75 illiyi
qeyd edildi
İyulun 15-də Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasında Əməkdar artist Zemfira
Sadıqovanın 75 illiyi qeyd
edildi.
Tədbirdə
çıxış edən kinostudiyanın direktoru
Müşfiq Hətəmov aktrisanın yubileyinin bu məkanda
keçirilməsinin simvolik məna
daşıdığını bildirdi: “Çünki onun gəncliyi
bu kinostudiyada keçib. Buna görə
də kollektivimiz onu doğma məkanda təbrik etmək qərarına
gəldi”. Qeyd olundu ki, aktrisa kinoda
bir sıra maraqlı rollar yaradıb. Bu obrazlardan
biri də “Dəli Kür” filmində Mələk obrazıdır. Müşfiq
Hətəmov “Azərbaycanfilm”in
kollektivi adından yubilyarı təbrik edərək ona hədiyyələr təqdim
etdi.
Əməkdar artist Ənvər Həsənov,
Əməkdar rəssam
Rafiq Nəsirov, Əməkdar incəsənət
xadimi, kino rəssamı Pərviz Quliyev və digərləri çıxış
edərək yubilyarın
ömür yolu və yaradıcılığından
söz açdılar.
Qeyd edildi ki, Zemfira
Sadıqova 40-dan çox
filmdə rol alıb. Bu filmlərdən
“Bağ mövsümü”
(1985), “Dantenin yubileyi”
(1978), “Qətl günü”
(1990) və başqalarını
göstərmək olar.
Çıxış edənlər aktrisa ilə uzun illər
birlikdə çalışdıqlarını
diqqətə çatdıraraq
bu illər ərzində yaddaqalan xatirələrini tədbir
iştirakçıları ilə bölüşdülər. Bildirildi ki,
Zemfira xanım təkcə aktrisa kimi deyil, qayğıkeş
insan kimi də hər zaman kollektivlə birgə olub. Ona görə də səmimi dost və mehriban ana kimi hər
zaman sevilir. Bu gün onun
kinostudiyanın dəhlizində
görünməsi belə
gənc kadrlara ruh və sənət
eşqi bəxş edir. Tədbirdə Zemfira xanımın
həyat yoldaşı,
unudulmaz aktyor, Xalq artisti Yusif
Vəliyevin də xatirəsi anıldı.
Aktrisa ona göstərilən diqqət
və qayğıya görə kinostudiyanın
rəhbərliyinə təşəkkür
etdi. İlk dəfə kinostudiyaya
1965-ci ildə qədəm
qoyduğunu deyən aktrisa təxminən yarım əsr bu sənət məbədinin sakini olduğunu dilə gətirdi, bundan sonra da kinoda
öz xidmətlərini
əsirgəməyəcəyini bildirdi.
Lalə Azəri
Mədəniyyət. - 2014.- 16
iyul.- S. 4.