Turizm sahəsində qurumlar əlaqəli şəkildə fəaliyyət göstərməlidir

 

Ruslan Quliyev: «Azərbaycanda turizm mediasının inkişaf etdirilməsinə ehtiyac var»

 

«Azərbaycanda turizm sektorunun daha da inkişaf etməsi, problemlərin koordinasiyalı şəkildə həll edilməsi üçün bəzi məqamlara diqqət yetirilməlidir. Düşünürəm ki, ilk öncə bu sahədə fəaliyyət göstərən təşkilatlar - Azərbaycan Turizm Assosiasiyası, Bakı Turizm İnformasiya Mərkəzi, «Skal Bakı» klubu, Sağlamlıq Termal Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu və digər qurumlar bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidir».

Bu fikri qəzetimizə açıqlamasında Azərbaycan Sağlamlıq Termal Turizm Assosiasiyasının sədri Ruslan Quliyev bildirdi. Onun sözlərinə görə, sözügedən ictimai təşkilatların birgə fəaliyyəti həm də ona görə lazımdır ki, qeyri-peşəkarlara qarşı bəlli bir ictimai qınaq olsun: «Çünki hər hansı turizm təşkilatının yerliya xarici turistə xidmət zamanı vurduğu maddi və mənəvi ziyandan ümumilikdə ölkə turizminin imici zərər çəkir. Bu, gələcəkdə yaranacaq problemlərin qarşısını almaq üçün lazımdır».

Ruslan Quliyevin fikrincə, hazırda Azərbaycanda turizm mediasının inkişaf etdirilməsinə də ehtiyac var: “Bu mövzuda yazan jurnalistlər üçün yay məktəbləri təşkil olunmalıdır. Burada turizmlə bağlı xüsusilə araşdırmalar zamanı hansı məqamlara diqqət yetirmək barədə, sahənin inkişafına mane olan səbəblər haqqında onlara məlumat verilməlidir. Bəzi jurnalistlər öz yazılarında Türkiyədəki 3 ulduzlu hotelin qiyməti ilə Azərbaycandakı 5 ulduzlu mehmanxananın qiymətini müqayisə edir, sonda da nəticə çıxarır ki, bizdə qiymətlər bahadır. Axı bu düzgün müqayisə deyil. Yaxşı olardı ki, jurnalistlərimiz xarici dillərdə maraqlı yazılar hazırlaya bilsinlər ki, dünyanın aparıcı saytları onları işıqlandırsın. Fikrimcə, bu, Azərbaycan turizminin təbliğinə bir töhfə olardı”.

Assosiasiya sədri onu da bildirdi ki, turizm və xidmətlər bazarında hər kəsin öz büdcəsinə uyğun yer seçmək imkanı var. Əgər standartlardan danışılırsa, dünyanın bütün ölkələrində 3, 4 və 5 ulduzlu mehmanxanalarda limitli bir intervalda eyni qiymətlər təklif edilir: «Etiraf etmək lazımdır ki, bu qiymətlərin qarşılığında bizdə təklif edilən xidmətin keyfiyyəti ürəkaçan deyil. Üstəlik, bizim istirahət məkanlarımızda əlavə xidmətlərin sayı azdır. Bu səbəblərdən də təklif edilən qiymətlərin baha olması ilə bağlı fikirlər yaranır. Bir faktı da qeyd edim ki, hazırda Qəbələdə və Nabran istiqamətində 30-a yaxın xidməti əhatə edən paket qiymətlər təklif olunur. Hesab edirəm ki, bu bir başlanğıcdır».

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 16 iyul.- S. 9.