Daşdan...
Çörəyi
də, şan-şöhrəti də bu kobud əşyadan çıxmış incəsənətçi...
Kələ-kötür
daşlar sənətdaşı Cəlal
Qaryağdı. Zəhmətkeş əlləri natiq dillər kimi
“danışan” bir sənətkar. Ürəyigeniş,
qəlbidolu məlum dədələr qədər müdrik, mehriban uşaqlar təki səmimi bir
insan.
Hələ onun həmsöhbətcilliyi!..
Tez-tez görüşərdik. Belə bir məşhurun məni bəzi həmkarlarımdan fərqləndirdiyinə görə, zəngləşməkdən, görüşüb-söhbətləşməkdən doymazdım. Bir kərə də dedi ki, sizin qələmçilərin çoxusu sözə yalnız “natürmort”çu kimi baxır. Amma əslində, bizim sənətimizlə - yəni heykəltəraşlıqla sizin sənətiniz yəni - söztəraşlıq arasında bir yaxınlıq var; bizdə məqsəd-məram tişə ilə yonulursa, sizdə ifadələrlə yoğrulur...
Bu kimi söhbətlər məndə daha yüksək məsuliyyət hissi doğurar, onunla bağlı yazı-pozularımda əməlli-başlı tər tökər və bu qənaətə gələrdim ki; “incəsənət” ifadəsi tək elə iki sözdən yaranmış bir möcüzə deyil və nə yaxşı ki, bunu bacaranların sayı çox azdır. Yoxsa bu iş də adiləşər, bir para adamlarda cəm olmuş intəhasız xoşbaxtlıqlar, var-dövlət kimi gözdən düşüb, dəyərsizləşərdi.
Beləliklə...
incəsənət təkcə maddi zinətlərin yox, həm də bütün mənəvi nemətlərin başında, incəsənətçilər isə bunların hamısının peşində duran nadir nəsnə, qadir kimsələrdir. Bu vəzifə xüsusi qabiliyyət, ilham, istedad, səbr-cəbr tələb etdiyindən, istehsalçılarının sayı istehlakçılarınınkından dəfələrlə azdır.
Və heykəltəraşlar yeganə sənətçilər ki, əllərindəki “çörək ağacı” qabar “məhsulu” da yetirir: məsələn, bu yazı qəhrəmanının əmisi - yetmiş il qaval döymüş Qaryağdıoğlu Cabbarın əlləri qabar görməyib.
Bu qabarlar İlahi və ilhami...
Yəni, tez-tez dəyişən sənət “arka”ları, çeşid-çeşid pozalar,
pyedestal-pəstahlar yaradan
əllər də var, olumdan-ölümə
- yaradıcılıq məzmunu
nə qədər dəyişsə də - formaca eynən qalan əllər də. Həm də... bütün
başqa sənət adamlarının problemi - bir qədər redaktə və ya əlgəzdirim şərtilə “bazar münasibətləri” olduğu
halda, heykəltəraşların
işləri daha çox, mənəvi “bazar” müsibətlərilə
əlaqəlidir. Onların illərlə
tişələdikləri monumental bir əsər, bəzən kor-koramal bir “inqilab” əsiminin
badına gedir.
Bəli,
başqa incəsənətçilərin
işi xeyli asandır; zəmanə bəd gəldimi, rəssam hər hansı naqolay işini aradan çıxara, ədib öz “köhnə”lərini
yeni “seçilmiş əsərlər”inə salmaya,
bəstəkar “dosye”li
- simfoniyasını səsləndirməyə
bilər. Bəs sənətin bu
möhtəşəm “çöl
növü”nü - gecə-gündüz
kütləvi tamaşaçı-xalq
qarşısında ideologiya
tərənnümatı saçan
“ağır artilleriya”ları
neyləyəsən?
Dövrünün seçkin sənətkarlarından,
baş heykəltəraşlarından
sayılan Cəlal Qaryağdıya bilavasitə
dəxli olan bu məsələyə daha bir bənzətmə
əlavə edib, onun sovetizmdən dolayı “yaralı” yaradıcılığına keçəcəm. Növbəti
“bənzətməm”sə bu
ki, əgər başqa sənətkarların
matahları nəhəng
“ictimai seyf”in içərisindəkilərdirsə, heykəltəraşlarınkı məhz o zindan seyfin özüdür...
29 il
bundan öncə...
Hansı ki, həmin gün ünlü sənətkarımızın yetmiş
yaşı tamam olurdu və mən o vaxt ondan AzTV-nin “Günün ekranı” proqramına 4-5 dəqiqəlik
bir süjet hazırlamalıydım. Yol boyu, təbii, öz növbəti obyekt-subyektim haqda düşünürdüm: - qoca
tarixin “hər zaman cavan” prizmasıyla
yanaşsaq, Şuşamızın
dünənki qızı
Xurşidbanu Natəvanı
xalqımızın ulu
nənəsi, qədimlik
anası kimi təcəssüm etdirmiş
sənət Fərhadımız
barədə, hələ
otuz yaşını yenicə adlayarkən yaratdığı Mirzə
Ələkbər Sabir
abidəsində milli müdrikliklə bəşəri
satira-sarkazm vəhdəti
yapmış kamil sənətkar haqda...
Emalatxanası ətrafındakı bir ağac kölgəsində
sərinlənməkdə olan
ustadı görüncə,
çoxdankı və
bu yolboyu təəssürat və qənaətlərim doğuldu;
yetmiş sinli bu kişinin sifətindən, yalan olmasın, yeddi yaşlı bir uşaq məsumluğu yağırdı.
Əvvəlcə bir atüstü
“dedim-dedi” söhbətimiz
oldu ki, bunu “kəşfiyyat” da adlandırmaq olar. Məlum oldu ki, əsil-kök
və şəxsi məfkurə etibarilə təpədən-dırnağa özgür olan bu sənətkarın bütün yaradıcı
ömrü - beş-on milli mövzulu nümunəsi istisna edilməklə, özgələri
tərənnüm etməkdə,
yad-yabançıları yonub-yontalamaqda
keçib: Lenin, Stalin, Fioletov,
Çaparidze və başqaları. Bu “və başqaları” mənim hazırladığım
süjetin xronometraj saniyələrindən də
çox olduğuna görə, söhbət və hisslərinin gizlinində bir faciə yaşayan qocaman sənətkara çox əziyyət verməli olmadım.
Hətta kefi bir az durulsun deyə, bu ideoloji tragikomediyanın
bütün həyat səhnələrimizdə oynanıldığını
bildirdim və ona öz redaksiyamızla
bağlı “bir şəkil”lik qaravəlli
də söylədim.
Dedim, bizdə də bəzən plandakı 1 milyon ton əvəzinə 2 milyon
ton neft çıxarılması
faktı ilə rastlaşanda mikrofonlarımızın
“çiçəyi çırtlayır”,
bu şad xəbəri xalqa bəxtəvər-bəxtəvər çatdırır və
hələ aşağı
düşüb, hər
ay “Krunk”a “dolya” ötürən Zina “xanım”ın bufetində
bu plan və öhdəlikdən əlavə
yağmalanmağımızı “yuyan”lar da olur...
Nəysə... ikibaşlı gülümsünüb,
onun böyük sənət tikintisi meydançasını xatırladan
emalatxanasına keçdik. Mənim
“İncə sənətin
yaradıcısı əllər”
mövzu-motivimdən xəbərdar
teleoperatorumuz onun qabarlı əllərini, hər şeyi incələməyə yönəli
gözləri ətrafındakı
qıyıqları, alnındakı
çalın-çarpaz qırışları
“krupnı”layıb obrazlaşdırmaqda,
mən isə bu zəhmətkeş, istedadlı əllərin illərlə sığal-tumar
verib yaratdığı
saysız barelyef, qorelyef, büst, heykəl, eskizlərini, bəzisi sınmış,
bəzisi isə heç vaxt tamaşaçı, küçə,
meydan vüsalına yetməyəsi fiqur və abidələri müşahidə etməkdə.
Qısaca tanışlıq ərzində,
mənə bel bağladığından, “lazım
olmayan” mətləblərə
də yönələn
sənətkar, Sabirin
Elmlər Akademiyası
Rəyasət Heyəti
binası yanındakı
heykəlindən söhbət
düşəndə gülümsündü. Dedi ki, bəli, əvvəl o heykəl ayaqüstü formada idi. Və qısası,
sonralar... köhnə
millətçi kişilərin
“Sabiri də oturtdular!” dediyi o işin müəllifi mənəm...
Dedim, ən qədim sələflərinizdən olan
Fərhadın heykəlini
yaratmaq arzunuz da olubmu? Dedi,
olub, amma heç vaxt heç kimə duyurmamışam. Bilirəm
ki, desəm, deyəcəklər olar, amma mütləq, nəsə bir sovet ştrixi, bolşevik çaları ilə...
Söhbətimizin qaçaraq bir dəmində soruşdum ki, niyə bu
Qırat, Dürat xalqının paytaxtında
bir at heykəli yoxdur? Bu barədə gen-geniş
söhbətinin məğzi,
sözünün canı
bu ki; “...o atı minib İran-Turana atlanmaq xəyallarımızın qarşısının
alınması üçün...”
Və danışmadıqlarımızdan...
Yəni nüvəsində tər-təmiz
- özgür-özümüzlük olan məsələ-mətləblərdən,
yaşadığı çox
ciddi, “köhnə kişilər” sifətli, mərdlik-mərdanəlik siqlətli
şəxsiyyətindən. 15 yaşında
Azərbaycan Rəssamlıq
Texnikumunu, 20 yaşında
Tbilisi Rəssamlıq Akademiyasını
bitirən, 22 yaşında
mükafata layiq görülən üç
büst, beş barelyef yaradan bu sənətkar öz dövründə bütün ictimai rakurslardan görünənlərdən,
sayılıb-seçilənlərdən
olub. Sovet İttifaqı Qəhrəmanı
Həzi Aslanovun, görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanovun abidələri, dahi Qara Qarayevin, Fikrət Əmirovun büstləri, dillər əzbəri Səməd Vurğunun qəbirüstü
abidəsi onun o vaxtkı söhbət və müsahibələrimizdə
danışmağa çətinlik
çəkdiyi “əsərsiz”
əsərlərindən fərqli
olaraq, yüzillərlə
ucadan və qürurla danışacaqlar.
Nizami muzeyinin qərb fasadı lojasındakı monumental işi
- Molla Pənah Vaqifin son dərəcə
lirik, şairanə heykəli isə, tək elə “Xumar-xumar baxmaq göz qaydasıdır” kimi misralar yox,
həm də müqəyyəd “usta-usta
yonub-yapmaq ustad əl qaydasıdır!” kimi öygü nidaları da dalğalandırmırmı?..
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 16 iyul.-
S. 10.