Həqiqət aşiqi
Yunus Əmrə
yaradıcılığında insan sevgisi Allah sevgisiylə
birləşib
Ən böyük tərbiyə nəfsin tərbiyəsidir.
Nəfsinə sahib olan
insan gözəlliyin, doğruluğun
və kamilliyin timsalıdır.
Türk dünyasının ulu ozanı, hikmət və məhəbbət yozanı, ilahi eşqin ən böyük tərənnümçülərindən olan Yunus Əmrə orta əsr humanist düşüncəsinin parlaq nümayəndəsidir. Onun təbliğ etdiyi eşq insanı Yaradana istiqamətləndirən, bu yolda bütün maneələri asanlıqla ram etməyi öyrədən bir eşqdir. İnsana ali dəyərlər prizmasından yanaşan müdrik şair-ozan eşqin ecazkar təsir qüvvəsinə inanaraq əfsanəvi bir obraza çevrilmişdir...
Yunus Əmrə 1238-ci ildə Türkiyədə Porsuq çayının Sakarya çayına töküldüyü yerdə - Sərfi kəndində dünyaya göz açıb. Erkən çağlardan mədrəsə təhsili alıb, Tapdıq Əmrə adlı şeyxin şəyirdi olub. Mövlana Cəlaləddin Ruminin məclislərində iştirak edib. Anadolunun bir çox bölgələrini gəzib, Şamda və Azərbaycanda olub.
Araşdırmalarda qeyd olunur ki, Yunus Əmrə sufizm fəlsəfəsini sadə xalq dilində, əsasən heca vəznində yazdığı qoşma, gəraylı, qəzəl və məsnəvilərdə ifadə edib. O, türk dilini yüksək ədəbi-bədii səviyyəyə çatdırıb.
Ədəbi irsi əsrləri geridə qoymasına baxmayaraq, Yunus Əmrə bu gün də sevilir və əsərləri könülləri oxşayır. Aşıq sənətinə dərindən bələd olduğuna görə yaradıcılığında aşıq şeirinə üstünlük verib. Zəngin məna dolğunluğuna malik qoşmaları, gəraylı və təcnisləri ilə məşhur olub. Hər bir əsəri forma və məzmunca ürəkləri vəcdə gətirən bədii nümunələrdir:
Məni məndə
demə, məndə deyiləm,
Bir mən vardır məndə məndən
içəri.
Süleyman quş dili bilir, dedilər,
Süleyman var, Süleymandan
içəri.
İnsanı uca tutan şair
onun daxili aləminə böyük
önəm verir, diqqəti daxili “mən”ə yönəldir.
Görkəmli şairin yaradıcılığındakı
xəlqilik çox qabarıq və başadüşüləndir. O, ilahi-ürfani
fikirlər dəryası
olsa da, özünü “el qulu” bilir, əzəmətini, ululuğunu məhz elin varlığında tapır. “Elim
varsa, mən uluyam” deyən şair el-obası ilə öyünür, fəxr edir. Çünki yurdunun qayğıları ilə
yaşayan, sevincini, kədərini onunla bölüşən sənətkarı
xalq sevir və yaşadır:
Yunus deyər: el quluyam,
Elim varsa, mən uluyam!
Ərənlərin haqq yoluyam,
Xalq ucaldar tutduğunu.
Yunus Əmrə
əsərlərində bir
el aşığı kimi
xalqına, xüsusilə
gənc nəslə gözəl nəsihətlər
verir. Vətənini sevməyi, elinin
kasıbına, xəstəsinə
qayğı ilə yanaşmağı tövsiyə
edir. Pis əməllərdən uzaq
olmağa, xalq qarşısında öz
məsuliyyətini dərindən
dərk etməyə çağırır:
Yanlarıma qona əlim,
Söz söyləməz ola dilim.
Qarşıma gələ əməlim
Neyləmişəm, görəm bir gün.
Onu da deyək ki, zaman-zaman müxtəlif təriqətlər Yunus Əmrəyə sahib çıxmaq
istəyib. Niyyətləri isə onun şöhrətindən, ideallarından
yararlanmaq olub. Ancaq o, hikmət dəryası ilə bütün cərəyanların fövqündə
dayanıb. Çünki onun mənəvi dünyası təriqətlərin
sərhədinə sığmaz
olub.
Sıxıntılarla dolu bir dövrdə yaşayan mütəfəkkirə görə, insan ilk növbədə nəfsinə sahib olmalıdır. Yunus Əmrənin inanclardan uzaqlaşan və imanını itirən toplumun nə hala gəldiyini anladan bir çox şeirləri var. Onun inanca dərin və kamil baxışı, dinə zahirdən baxan dindarlardan fərqləndirən mənəvi özəlliyi olub. Şairin düşüncə dünyası təkcə inanmaq və ibadət etmək olmayıb. Şeirlərində mənəvi kamillik üçün lazım olan qaydalar və əxlaq dəyərləri geniş yer tutur. O, insanlara yalan danışmamağı, səbirli olmağı, xoş rəftar etməyi və könül qırmamağı aşılayıb.
Şairə görə, ən böyük tərbiyə nəfsin tərbiyəsidir. Yəni tərbiyənin sonunda insanın könül gözünün açılması mühüm əhəmiyyətə malikdir. Nəfsinə sahib olan insan könül gözünü hər cür pisliklərdən, keçici həvəslərdən təmizləyən insandır. Bu cür insanlar gözəlliyin, doğruluğun və kamilliyin timsalıdır.
Yunus Əmrə yaradıcılığında insan sevgisi Allah sevgisiylə birləşib. Şairin gözündə insan qəlbini ovundurmaq, könülləri sevindirmək bir Kəbə qədər qiymətlidir. Buna görə də yaradıcılığında insanları bir-birini sevməyə, kədərlərini və sevinclərini bölüşməyə çağırıb:
Bir yol könül yıxar olsan
Bu qıldığın namaz deyil.
Yetmiş iki millət
gələ
Əlin-üzün
yumaz deyil.
Bununla da şair insanları ötəri hislərə aldanmamağa, gerçək arzularla yaşamağa və könüllərdə gözəl əməllərlə qalmağa səsləyir. Yunus Əmrə həqiqət aşiqi olub. Əsərlərində mifik obrazlardan məharətlə yararlanan mütəfəkkir-şair bundan bədii nümunələrin təsir gücünü artırmaq üçün istifadə edib. Məlumdur ki, ağız ədəbiyyatımızda Xızırın zülmətə getməsi, dirilik suyunu tapıb içməsi, ölümsüzlüyə qovuşması və gəncliyindən qocalığına qədər ancaq yaxşılıq, xeyirxahlıq haqqında düşünməsi və bunu əməlində gerçəkləşdirməsi haqqında bir çox rəvayətlər mövcuddur. Yunus Əmrənin də yaradıcılığında Xızır İlyas “haqq qapısını açmış” bir obraz kimi tərənnüm edilir. Əslində isə Xızır sağlığında əməlləri ilə ölümsüzlüyə qovuşub. Xalq onu xeyirxahlıq, insanlara xoşbəxtlik gətirən və öz əməlləri ilə sevgisini qazanan qüdrət sahibi kimi yaşadır.
Yunus Əmrə də Xızır İlyas yolunun yolçusu olmaq istəyib, bəşəriyyətin yalnız humanizmlə, sevgi ilə səadətə çatacağını ifadə edib. İnsanların yalnız sevdiyi zaman seviləcəyini deyən şair, bu böyük hissə əsir olmağı xoşbəxtlik hesab edib.
Əsrlərin yaddaşında öz sözü və əməli ilə bir məhəbbət, hikmət obrazına çevrilən Yunus Əmrə 1320-ci ildə vəfat edib, dünyaya göz açdığı kənddə dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 16 iyul.-
S. 13.