Tarixin yaddaşında musiqi
Bu günün musiqisi uzaq keçmişlərdən
uzun yol gələrək
zaman-zaman təkamülə
uğramış, dəyişmiş, inkişaf
etmiş müasir
görkəmini alaraq bizlərə qədər
gəlib çatmışdır. Tarixlə tanış olarkən
görürük ki,
hələ ta qədim zamanlardan
incəsənətə münasibət müxtəlif olub. Bu müxtəlifliyə
səbəblərdən biri də, təbii
ki, ictimai
quruluşların təsiridir.
Ən qədim dövrlərdə insanlar öz səslərini quşların, heyvanların, təbiət hadisələrinin səslərinə bənzədirdilər. Bunları təkrar etməklə müəyyən ritmlər, sadə musiqiyə bənzər səslər və xor yaranırdı. Heç bir musiqi alətinin olmadığı dövrdə ibtidai insanlar ov edərkən heyvanları öldürmək üçün istifadə etdikləri daşları bir-birinə vuraraq çıxan səslərdən istifadə edərək öz ovlarını qorxudurdular. Ovdan əvvəl və sonra müəyyən rituallar həyata keçirilirdi ki, bu zaman da “musiqi alətləri” rolunu xaotik səslər və rəqsi xatırladan ritmik hərəkətlər oynayırdı.
Zamanla bu hərəkətlər nizamlı ritm və primitiv musiqiyə çevrilir. Quldarlıq dövrünün musiqi mədəniyyətinə nəzər salanda görürük ki, qədim Misirdə incəsənətin əsas məqsədi fironların tərənnümü idi. Bu dövrdə mərasimlərdə xüsusi təlim görmüş musiqiçilər iştirak edirdilər.
Musiqişünas Rauf İmanov “Müxtəlif ictimai quruluşlarda musiqi” adlı elmi əsərində hər dövrün musiqi mədəniyyətinin tarixi haqqında geniş məlumatı oxucuya çatdırır. Antik dövrün musiqisi haqqında məlumat verən müəllif bildirir ki, qədim yunanlar insanın daxili aləminin formalaşmasında musiqinin böyük rolunu qəbul edirdilər. Musiqi haqqında ilk elmi mülahizələrə də yunun filosofu Aristotelin əsərlərində rast gəlmək olar. Aristotelə görə musiqi tərbiyəsinin məqsədi musiqi bilik və vərdişlərinə ifaçılığa malik olmaq deyil, insan ruhunun mənəvi cəhətdən formalaşmasıdır.
Orta əsrlərdə musiqi sənəti çoxqatlı və çoxcəhətli inkişaf yolunda idi. Feodalizm dövründə monopoliya kilsə xadimlərinin əlində olduğu üçün musiqi təhsili dini xarakter daşıyırdı. Orta əsrlərdə Avropada monastır və kilsələr elmin, mədəniyyətin əsas mərkəzləri idi. Bundan əlavə, kilsə xadimləri dini emosional təsir vasitəsilə insanların şüuruna yeritməyə çalışırdılar. Bunun ən yaxşı üsulu isə musiqi idi. Kilsələrdə uşaqların tərbiyəsində musiqidən, xüsusilə də dini təbliğ edən musiqilərdən istifadə edilirdi.
Daha sonrakı dövrdə dini musiqidən fərqli olaraq azad musiqi inkişaf etməyə başladı. Müxtəlif musiqi alətlərində ifa etmək dəb halını aldı. Həmin dövrdən artıq bayramlarda, evlərdə, əkin yerlərində musiqilər səslənməyə başladı.
İslam aləmində də musiqiyə münasibət müxtəlifdir. Hələ qədimdə dini ayinlərin yerinə yetirilməsi, mərsiyə və dini ayinlər oxunması zamanı muğam intonasiyalarından çox geniş şəkildə istifadə edilib. Bu da bir daha onu göstərir ki, “Qurani Kərim”in məzmununun mənimsənilməsində musiqinin də köməyi var. Son dövrlərdə isə ilahi musiqilərə daha geniş yer ayrılır.
Kapitalizm dövründə musiqi artıq öz mükəmməl inkişaf dövrünə çatmışdı desək, yanılmarıq. Kapitalist dövründə əhalinin seçilmiş təbəqələrində musiqiyə xüsusi yer ayrılırdı. Zadəgan ailələrində uşaqlar hansı sənətə yiyələnmələrindən asılı olmayaraq, mütləq musiqi alətində ifa etməyi bacarmalı idilər. Bəlkə də elə bu səbəbdən Avropa klassik musiqisində biz bu qədər möhtəşəm isimlərlə rastlaşırıq.
Hazırda əsrlərin dolanbac yollarından keçərək müasir dövrümüzə qədər inkişaf yolu keçmiş musiqi sənəti özünün ən yüksək zirvəsindədir. Bu gün dünyanın mədəniyyətləri bir araya gəlir, musiqi bayramları, musiqi yarışmaları keçirilir. Xalqlar öz musiqilərini, mədəniyyətlərini dünyaya tanıtmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Həm müasir, həm də etno-musiqi bizə çox uzaq keçmişdən xəbər verir. O keçmişdən ki, hələ heç bir musiqi aləti icad edilməmişdi və insanlar ilk ritmlərini yaradırdılar...
Lalə Azəri
Mədəniyyət.- 2014.- 16 iyul.-
S. 13.