Xalq yazıçısının
100 illiyi bölgələrdə qeyd edilir
Ölkə Prezidentinin 2014-cü il 16 yanvar tarixli sərəncamına əsasən, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin (1914-1996) anadan olmasının 100 illiyi bölgələrdə də müxtəlif tədbirlərlə qeyd edilir.
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. Mərkəzin direktoru Seyidzadə Şəfiyeva, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri İltifat Saleh, AYB-nin üzvləri Ağamir Cavad, Aqil Yaqub, Mehman Qaraxanoğlu, tarix-diyarşünaslıq muzeyinin direktoru Ülviyyə Əliyeva və başqaları İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında danışıblar. Çıxış edənlər əsası XIX əsrdə Mirzə Fətəli Axundzadə tərəfindən qoyulmuş milli dramaturgiyamızın inkişafında İlyas Əfəndiyevin xidmətlərini yüksək qiymətləndiriblər.
Yubiley tədbirləri böyük dramaturqun doğulduğu Füzuli rayonunda da təşkil olunub. Rayonun Böyük Bəhmənli kəndində və 2 nömrəli Qayıdış qəsəbəsindəki mədəniyyət evində ədəbi-bədii gecə keçirilib. Tədbirdə ədibin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, İlyas Əfəndiyevin zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatında, xüsusilə də milli dramaturgiyada yeni mərhələnin təşəkkülünə böyük təsir göstərib.
Ədəbi-bədii gecədə Füzuli Dövlət Dram
Teatrının aktyorlarının ifasında dramaturqun
“Unuda bilmirəm”, “Mahnı dağlarda qaldı”, “Bizim
qəribə taleyimiz” və “Bahar suları” pyeslərindən səhnələr
göstərilib.
Mədəniyyət.- 2014.- 16 iyul.-
S. 14.