Azərbaycan Konqreslər Bürosu
fəaliyyətini genişləndirir
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun fəaliyyət planındakı hədəf bazarları sırasında birinci yerdə Rusiya və MDB ölkələri durur. Bu ölkələr də Azərbaycanın biznes turizm sahəsində geniş imkanlarının öyrənilməsinə maraq göstərir.
Xəbər verdiyimiz kimi, Konqreslər Bürosu bu günlərdə Rusiyanın MİCE (biznes turizmi) bazarı iştirakçıları üçün tanışlıq səfəri təşkil edib. Səfərin məqsədi Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ etmək idi. Artıq bu istiqamətdə nəticələr var. Səfərdən sonra Rusiyanın MİCE bazarı iştirakçıları tərəfindən təqdim olunan təkliflərin sayı artır. Qəbul olunan bütün təkliflər Konqreslər Bürosunun tərəfdaşı olan mehmanxana və turizm şirkətlərinə yönəldilir. Peşəkarlıqla hazırlanan təkliflərdən biri Rusiya bazarında müsbət qarşılanıb. Büronun tərəfdaşlarından biri olan şirkət tədbirin təşkil edilməsi fürsətini əldə edib. Rusiyanın MİCE agentliyi büronun tərəfdaşı ilə apardığı danışıqlardan və edilən təklifin dəyərləndirilməsindən sonra daha bir tədbirin Bakıda keçirilməsinə qərar verib.
Nəzərinizə çatdıraq ki, Azərbaycan Konqreslər Bürosu
müştərilərin rahatlığını təmin etmək
üçün özünün
internet səhifəsində (azcb.com) online sorğu
formasını təqdim edir. Bütün alıcı və MİCE
bazarı iştirakçıları sayta
daxil olaraq təklif üçün sorğu
göndərə bilər.
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 3.