Ağsuda Dünya Arxeologiya Günü qeyd edilib
İyulun 11-də MİRAS İctimai Birliyinin təşəbbüsü ilə Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində Dünya Arxeologiya Günü münasibətilə seminar keçirilib.
Seminarda ilk öncə arxeoloji turizm kompleksinin 3D təqdimatı olub. Tədbiri Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev açaraq son illər Azərbaycan rəhbərliyinin bu sahəyə diqqət və qayğısı sayəsində ölkəmizdə arxeoloji tədqiqatların miqyasının genişləndiyini xüsusi vurğulayıb.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev seminar iştirakçıları qarşısında çıxış edərək, arxeoloqların apardıqları tədqiqatların nəticələrindən bəhs edib və bu sahədəki xidmətlərinə görə onlara minnətdarlığını bildirib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova seminar iştirakçılarına müstəqillik illərində Azərbaycan arxeoloqlarının əldə etdiyi uğurlar barəsində məlumat verib.
MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli isə Orta əsr Ağsu şəhərinin tədqiqi, təbliği və onun beynəlxalq miqyasda tanıdılması istiqamətində görülən işlərdən danışıb, tələbə və gənc mütəxəssislər üçün təşkili nəzərdə tutulan I YOCOCU Ağsu məktəbi haqqında geniş məlumat verib.
Professorlar Əhməd Qəşəmoğlu, Abbas Seyidov, Şikar Qasımov, “Az-Granata” şirə və şərab emalı zavodunun direktor müavini Vüqar Mikayılov və başqaları çıxış edərək arxeoloqların çətin işi barəsində mülahizələrini bildiriblər. Perudan olan arxeoloq Alvaro Hiqueras da çıxışçılar arasında olub.
Daha sonra seminar iştirakçıları arxeoloji tədqiqatların ən son nəticələrinə həsr olunmuş «Azərbaycan arxeologiyasının inciləri» sərgisi ilə tanış olublar.
Fəxriyyə Abdullayeva
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 9.