“İlk
andan bu alətin səsinə valeh oldum”
Həmyerlimiz Cəmilə Cavadova-Spitsberq
okeanın o tayında
Azərbaycan musiqi mədəniyyətini uğurla
təmsil edir
Bu gün Azərbaycan
musiqisi dünyada uğurla təbliğ olunur və tanınır. Ölkəmizdən kənarda yaşayan
sənətçilərimiz də Azərbaycanın mədəniyyətini, musiqisini
vətənin bir parçası kimi özləri ilə daşıyır, musiqisevərlərə
ərməğan edirlər.
Musiqi mədəniyyətimizi Avropa
və Amerikada tanıdan, onu yüksək səhnələrdən
səsləndirən həmvətənlərimizdən
biri də Cəmilə Cavadova-Spitsberqdir.
Cəmilə xanım Azərbaycanda musiqi ifaçılığı
sənəti doktoru adını qazanmış
ilk orqan ifaçısıdır. Hazırda ABŞ-ın Texas ştatının
Dallas şəhərində yaşayır və bu şəhərin dövlət universitetində
professor-mühazirəçi kimi çalışır.
Eyni zamanda solo və ansambl ifaçısı kimi fəaliyyət göstərir. Onun ötən
ay Bakıda keçirilən
konserti musiqi ictimaiyyəti tərəfindən
böyük maraqla qarşılandı. Sənətinin
vurğunu olan ifaçı bizimlə söhbəti zamanı orqan musiqisinin keçmişindən bəhs
etdi və yeni layihələri haqqında məlumat verdi.
- Cəmilə xanım, musiqiyə gəlişiniz öz istəyinizlə olub, yoxsa ailənizin məsləhəti rol oynayıb?
- Beş yaşımdan musiqiyə maraq göstərməyə başlamışam.
Məndən 13 yaş böyük
bacım Həmidə
bu zaman artıq professional şəkildə
ifaçılıqla məşğul
idi. Mən də onun ifalarını dinləyər,
musiqi aləti ilə necə davranmasına baxardım.
Beləliklə, məlum
oldu ki, mənim də qabiliyyətim var. Valideynlərimin
istəyi ilə imtahan verərək Bülbül adına
orta ixtisas musiqi məktəbinə daxil oldum. O zaman fortepiano musiqisini çox bəyənirdim. Sevdiyim musiqi əsərləri də var idi
və bacımdan xahiş edirdim ki, bacarmadıqlarımı
o ifa etsin.
Orqanın səsini isə ilk dəfə on bir yaşım olanda televizorda eşitdim və o andan bu alətin səsinə valeh oldum. Həmin vaxt anama dedim ki,
mənim sinfimi dəyişsin. Lakin o dövrdə məktəbimizdə
orqan musiqisi bölməsi yox idi. Təbii ki, bu istəyim reallaşmadı.
Nəhayət, Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul olunandan sonra bu arzum
həyata keçdi. Orqan ifaçılığı
kafedrasında Əməkdar
incəsənət xadimi,
professor Tahirə Yaqubovadan dərs aldım. Təhsilimi iki ixtisas üzrə:
musiqi nəzəriyyəçisi
və orqan ifaçısı kimi bitirdim.
- Hazırda
Amerikada yaşayırsınız. Bu ölkədə və Azərbaycanda musiqiyə, o cümlədən
orqan musiqisinə münasibəti necə müqayisə edərdiniz?
- 1995-ci ildən vətəndən
kənarda yaşayıram.
İlk olaraq Bəhreyndə yaşadım
və iki il orada
dərs dedim. Ondan əvvəl - 1992 və
1994-cü illərdə təhsilimi
Avropada davam etdirmək məqsədilə
Danimarka və İsveçdə olmuşdum.
2001-ci ilə qədər Hollandiyada yaşadım. Burada olduğum
müddətdə orqan
musiqisi üzrə təhsilimi də davam etdirdim. Amsterdam Konservatoriyasını orqan
ifaçılığı üzrə bitirərək
holland bəstəkarı
Antoni fon
Nordun yaradıcılığı
mövzusunda dissertasiya
müdafiə etdim. Həmin illəri ömrümün
ən xoşbəxt illəri hesab edirəm. Çünki bu müddətdə
XVII-XVIII əsrlərin alətlərində
ifa etmək mənə nəsib oldu. Dahi bəstəkar Motsartın
çaldığı orqanda
mən də ifa etdim, konsertlər
verdim. Bir musiqiçi kimi
bu mənim üçün şərəf
idi.
Amerikaya isə 2001-ci ildə köçdüm və orada doktorluq dərəcəsi aldım. Müqayisədə isə onu deyə
bilərəm ki, həm Azərbaycan, həm də Hollandiya və Amerikada klassik musiqiyə maraq eynidir. Çox sevindirici haldır
ki, Azərbaycan klassik musiqisində Üzeyir bəyin yaratdığı məktəb
bu gün Avropa və Amerika məktəbləri
ilə eyni səviyyədədir. Təhsil sistemləri
fərqli olsa da, sonda eyni
nöqtədə birləşirlər.
Mən Azərbaycan məktəbinin
yetirməsiyəm və
bu özü dəlalət edir ki, əgər mənim təhsildə təməlim zəif olsaydı, onlarla eyni səviyyəyə qalxmağa çətinlik
çəkərdim. Demək, bu
yollar bir başlanğıcın müxtəlif
qollarıdır və
axırda yenə də birləşirlər.
Orqana münasibət barədə
isə deyərdim ki, bir vaxtlar
Avropada yalnız kilsələrdə quraşdırılan
və dini musiqi ifa edilən
bu alətə indi bütün dünyada musiqi ocaqlarında, konsert salonlarında rast gəlmək olar. Amerikada orqana dini musiqi
aləti kimi, Azərbaycanda isə sadəcə bir musiqi aləti kimi yanaşılır.
Bilirsiniz
ki, Azərbaycanda konsert salonu üçün orqan ilk dəfə 1964-cü ildə
Bakı Musiqi Akademiyasında Almaniyanın
“Eule Bautzen” şirkəti
tərəfindən quraşdırılıb.
Amma Bakıdakı alman kirxasında hələ
XIX əsrdə alman ustası Valker tərəfindən orqan quraşdırılmışdı. Bu gün artıq
orqan sədləri aşaraq konsert aləti kimi təqdim edilir və ona daha
çox tələbat
var.
- Amerikada
fəaliyyətiniz nədən ibarətdir?
- Amerikada tələbəlik illərimdə də oxuduğum universitetdə fakültativ dərslər deyirdim. Universiteti bitirəndən sonra iki il Korsekana şəhərində kollecdə müəllimlik fəaliyyəti ilə məşğul oldum. Hazırda Texas Universitetində çalışıram. Musiqi sahəsi üzrə mühazirələr oxuyur, musiqi tarixindən dərslər verirəm. Amerika universitetləri ilə bizim universitetlərin fərqli təhsil sistemi var. Orada əsas kurslarla yanaşı, müəllimlərə istədikləri kursları təşkil etməyə imkan yaradılır. Bu imkandan yararlanaraq mən “Musiqi tarixində ziddiyyətli şəxslər” adlı kurs açmışam və bu kursa tələbələrin böyük marağı var. Musiqi tarixində ziddiyyətli şəxslər, bəstəkarlar çox olub. Biz onlar haqqında danışırıq. Onların sırasında alman bəstəkarı Rixard Vaqner, rus bəstəkarı İqor Stravinski və digərləri var. Eyni zamanda şəxsi piano və orqan studiyam var. Mütəmadi olaraq tələbələrimlə konsertlər veririk. Bu konsertlərə Azərbaycan bəstəkarlarının əsərlərini daxil etmişəm. Tələbələrimi Azərbaycan bəstəkarlarının piano və orqan əsərlərini ifa etməyə həvəsləndirirəm. Qara Qarayevin, Tofiq Quliyevin, Nazim Əliverdibəyovun əsərlərindən ibarət tələbə konsert gecələrini təşkil edirik. Musiqiçi kimi kilsələrdə də çalışmışam. Müəllimim Tahirə Yaqubovanın orqan üçün işlədiyi Qara Qarayevin prelyüdlərini ifa etmişəm. Bundan əlavə, Amerikada, dünyanın müxtəlif şəhərlərində konsertlərim olur.
- Bakıdakı konsertinizi necə dəyərləndirirsiniz?
- Paytaxtımızda ilk konsertim 2005-ci ildə Bakı Musiqi Akademiyasında olmuşdu. Kamera və Orqan Musiqisi Zalında təşkil olunan budəfəki konsert də çox gözəl keçdi. Fürsətdən istifadə edib konsertin təşkilinə göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. Konsertimə sənət yoldaşlarım da qatılmışdı. Dinləyicilərdən çox razı qaldım. Onlar məni təəccübləndirdilər. Dünyanın dinləyiciləri fərqlidirlər. Avropada ifa bitdikdən sonra musiqiçini alqışlayırlar. Amerikada isə dinləyici daha çılğındır. Mən Amerikada olan dinləyicilərin azadlığını və çılğınlığını Azərbaycan dinləyicisində gördüm. Onlar öz hislərini tam şəkildə büruzə verirdilər.
- Bakı Musiqi Akademiyası ilə əlaqələrinizi
davam etdirirsinizmi?
- Bu tədris ocağına çox bağlıyam. Orqan musiqisi sinfi isə xüsusilə mənə əzizdir. Burada Tahirə Yaqubova, Rasimə Babayeva kimi pedaqoqlar dərs deyir. Bakıda olduğum zaman tədris prosesində iştirak edirəm və bir neçə dəfə tələbələrə ustad dərsləri də keçmişəm. Budəfəki gəlişimdə də tələbələrlə görüşdüm, fikir mübadiləsi apardıq. Onlara hər zaman kömək etməyə hazıram. Bizdə bu sahənin inkişafı çox vacibdir. Qara Qarayev, Zakir Bağırov, Xəyyam Mirzəzadə, Firəngiz Əlizadə, Sərdar Fərəcov, Cəlal Abbasov və başqa bəstəkarlar orqan üçün əsərlər yazıblar.
- Nə kimi planlarınız, layihələriniz var?
- Tətildən sonra dahi bəstəkarımız Qara Qarayevin əsərləri üzərində işləyəcəyəm. Ən böyük arzum bu bəstəkarın əsərlərindən ibarət albomumun işıq üzü görməsidir. Albom Hollandiyada hazırlanacaq.
Lalə Azəri
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 10.