Nağıllaşan ömür
Xatirələr
karvanı... Sabahlara doğan günəş... Ürəyimizin
içindən çıxanda gah günəş kimi isidər,
gah da buz olub dondurar bizi...
Hədər əsmə,
ey dağ yeli,
Ürəyimə
həsrət dolar.
Xatirələr
karvanından
Nələr gedər,
nələr qalar...
Xatirələr
karvanından qalanlardan biri də... Biri vardı,
biri yox. Gözəl Bakımızda
“Qırmızı əmək bayrağı” ordenli Azərbaycan
Dövlət Universiteti vardı. Universitetin
jurnalistika fakültəsinin 1010-cu qrup tələbələri
vardı. Bir-birinin ürəyində
onların özlərinin yerindən başqa, onlara elm, bilik
öyrədib, sabaha hazırlayan müəllimlərin də
öz yeri vardı. Bütün bunlar tələbələrin
yaddaşında silinməz izlər buraxardı.
Xatirələr
karvanında bu izlər çözələndikcə Nurəddin
Babayevə də pay düşür, xatirələr dilə gəlir...
“Oçerk sənətkarlığı”ndan dərs
deyərdi bizə. Qabaqcadan qeyd edim ki,
jurnalistikada oçerk mənim ən çox sevdiyim
janrdır. Onun üçün bu dərsi
də, Nurəddin müəllimin (Allah ona rəhmət eləsin)
hər gəlişini də səbirsizliklə gözləyərdim.
Çünki onun peşəkarlıqla, ustalıqla
qələmə alınmış oçerklərindən,
kitablarından xəbərdar idim. Dərslərimiz
sual-cavab, bir növ fikir mübadiləsi xarakterli olduğundan
90 dəqiqənin nə zaman başa
çatdığını hiss etməzdik.
Zaman keçdikcə məlum oldu ki, o da mənim
yaradıcılığımla maraqlanırmış. O vaxtlar (1981-1986)
dövrün aparıcı mətbu orqanlarından olan, Azərbaycan
KP MK-nın “Sovet kəndi” qəzeti vardı. Həmin qəzetin
baş redaktoru rəhmətlik Nəriman Zeynalovun bizə dərs
deməsindənmi, ya orada çalışan kollektivin Sədaqət
Kərimova, Müştəba Əliyev, Müzəffər Məlikməmmədov
və başqaları kimi üzvlərinin peşəkarlığındanmı
irəli gələn qayğısındanmı, hər nədənsə,
“Sovet kəndi”ndə biz tələbələr diqqət mərkəzində
idik. Yazdığımız balaca bir xəbəri
də operativ olaraq qəzetin səhifəsində görərdik.
Günlərin
bir günündə Nurəddin müəllim mənim “Sovet kəndi”ndə
dərc olunmuş bir neçə müxtəlif janrlı
yazılarımla bərabər, “Ağ gecənin
aydınlığı”, “Ağ qar, ağ ləpir” kimi
oçerklərim dərc olunmuş qəzetləri özü
ilə götürüb dərsə gəlmişdi. Yazılar təhlil olundu, müxtəlif fikirlər səsləndi.
N.Babayev bildirdi ki, onu razı salan məqamlardan
biri də öyrətdiklərinin yazıda yerində
olmasıdır.
O gündən
hiss etdim ki, bu insan mənim yaradıcılığıma
biganə deyil. Açıq etiraf edim ki,
qürurlanırdım və bu məni yazmağa daha da həvəsləndirirdi.
* * *
Elə adam var ki, olduğu kimi görünmür, adam
da var ki, göründüyü kimi ola bilmir. Onda
isə hər şey tamam başqa idi. Elə
bil ikisi də tamamlayırdı bir-birini; daxili aləmi ilə
xarici görkəmi vəhdət təşkil edirdi.
Ürəyinin işığı qəlbindən
çöhrəsinə süzülürdü: sifəti daim
təbəssümlü idi. Acı sözü də
elə deyərdi ki, inciməzdin.
Babayev Nurəddin
Həsən oğlu 1921-ci il martın 21-də
Gəncədə anadan olmuşdur. İndiki
Bakı Dövlət Universitetinin filologiya fakültəsini
bitirmişdir. Ədəbi fəaliyyətə
hələ orta məktəb illərindən maraq göstərmişdi.
1939-cu ildən hekayələri, oçerkləri
və müxtəlif məqalələri çap olunmağa
başlamışdı. 1940-41-ci illərdə “Azərbaycan
pioneri” qəzetində ədəbi işçi
çalışdıqdan sonra “Kommunist”, “Azərbaycan müəllimi”
qəzetlərində, “Uşaqgəncnəşr”də baş
redaktor, eyni zamanda ADU-nun jurnalistika kafedrasında baş müəllim
işləmişdi.
Publisist-naşir,
Azərbaycan Yazıcılar Birliyinin üzvü, Azərbaycan
Jurnalistlər Birliyinin “Qızıl qələm”
mükafatı laureatı (1966-67), respublikanın Əməkdar
mədəniyyət işçisi (1982), filologiya elmləri
namizədi (1958), professor (1981) N.Babayev, həmçinin
Jurnalistlər İttifaqı idarə heyətinin katibi,
Yazıçılar Birliyində oçerk və publisistika
bölməsinin sədri, SSRİ Yazıçılar
İttifaqında oçerk və publisistika
şurasının üzvü kimi ictimai vəzifələr də
daşımışdır.
1991-ci ildə
dünyasını dəyişən bu gözəl
insanın, qələmə aldığı müxtəlif
oçerklər toplusunu - “Ədəbi qəhrəmanlıq”,
”Bacılar”, “Mübariz janr” kitablarını bizim nəslə
yadigar qoyub getmişdir. Bundan başqa, “Bahar övladları”,
“Təzə dostlar”, “Ürəklər bir olanda”, “Zərif
duyğular”, “İşıq və məhəbbət”, “Biz Azərbaycandanıq”,
“Oğluma məktublar”, “Ulduzlar sönmür”, “Səni
unutmuruq”, “Qızlar, sözüm sizədir”, “Qızlar söz
istəyir”, “Oçerk sənətkarlığı”,
“Açıq söhbət”, “Elə yaz ki”, “Gəlin,
kişilikdən danışaq”, “Babam-nənəm, atam-anam və
biz”, “Adamın özü və sözü” və s.
kitabları nəşr olunmuşdur.
Onu səmimi olduğu üçün çox sevirdik. Gələcək
jurnalistlərə-jurnalistika fakültəsinin tələbələrinə
təkcə dərs öyrətmirdi, həm də həyat dərsi,
enişli-yoxuşlu, daş-kəsəkli həyat
yollarının çətinliyindən söhbət
açırdı, gəncləri gələcəyə-sabaha
hazırlayırdı. Şəxsən mən
oçerk yazmağın sirli-sehrini bu zəhmətkeş,
geniş dünyagörüşünə malik insandan, onun
ömrünü şam kimi əridib, zərrə-zərrə
topladığı kitablarından öyrənmişəm,
sevmişəm. İndi də sevirəm,
baxmayaraq ki, bu janr dəbdən düşüb.
* * *
Nurəddin
müəllimin tez-tez işlətdiyi kəlamlardan biri də
belə idi: “Arxalıya arxa olma, deyərlər ki, yamaqdı. Arxasıza arxa ol ki, qoy desinlər, dayaqdı”.
Çünki həyatda dayaqlarım olmasaydı, bəlkə
də mən bu yolda büdrəyib yıxılardım...
Qalxardım, qalxmazdım, bilmirəm... Bəlkə də
başqa peşə sahibi olardım...
* * *
1983-84-cü
tədris ili başa
çatmışdı. O vaxtlar fakültəmizdə belə
bir qayda var idi ki, tələbələr yay tətili günlərində
hər kəs öz qrupu üzrə (qəzet, televiziya, radio,
nəşriyyat, tərcümə) yaradıcılıq təcrübəsi
keçməli idi. Yəni hər birimiz yay
istirahətinin qırx gününü müvafiq redaksiyalarda
çalışmalı idik. Qabaqcadan
aparılmış bölgüyə əsasən mən
İsmayıllı rayonunu seçmişdim. Çünki bu rayonun füsunkar gözəlliyi, təbiəti
haqqında çox eşitmişdim. “Təbiət
əlindən gözəllik düşüb, qalıb bir
parçası İsmayıllıda” - deyənlərin
sözlərinin təsdiqi üçün bu fürsətdən
istifadə etməyi qərarlaşdırmışdım.
İsmayıllı
rayonunda çıxan “Zəhmətkeş” qəzeti
redaksiyasında bizdən yuxarı kursda təhsil alan Mehriban və Zöhrab Alməmmədovları
(onda onlar nişanlı idilər) gördüm. Fakültəmizin
qiyabiçi tələbəsi Elxan da sorağımızı
eşidib redaksiyaya görüşümüzə gəlmişdi.
İlk gün beləcə bizim
üçün də, redaksiyanın işçiləri
üçün də yaddaqalan olmuşdu.
Mən məktublar şöbəsini seçdim. Çünki redaksiyaya daxil olmuş bütün məktublar burada toplandığından rayonun kəndləri haqqında müəyyən məlumat əldə etmək mümkün idi. Onlara cavab hazırlamaq, uyğun şöbələrə paylamaq da bu şöbənin öhdəsinə düşürdü. Bundan başqa, yerli radio verilişləri redaksiyasının təşkilatçı-müxbiri Xavər Abbasova da verilişlərində həmin məktubların xülasəsindən istifadə etdiyindən, həmçinin yeni-yeni məlumatlar toplamaq məqsədilə demək olar ki, hər gün müxtəlif obyektlərdə olur, məlumatlar əldə edirdik. Elə buna görə də qısa vaxt ərzində demək olar ki, bütövlükdə rayon haqqında məlumatlı olmuşdum.
Belə günlərin birində eşitdik ki, Nurəddin Babayev redaksiyaya gəlir. Doğrusu sevincli idik. Redaksiyanın, mətbəənin bütün işçiləri, başda redaktor, sevimli şairimiz Musa Yaqub olmaqla hamımız bu görüşü səbirsizliklə gözləyirdik. Sanki əqrəblərdən daş asılmışdı, - saat işləmirdi ki, vaxt tamam olsun... Elə tələsirdik ki... “Qəzet günü” olmasına baxmayaraq, iki mərtəbəli (birinci mərtəbə mətbəə idi), bağlı-bağatlı redaksiyanın həyətində toplaşıb onu gözləyirdik.
Çox keçmədi ki, maşın “Zəhmətkeş”in fotoguşəsi yerləşdirilmiş böyük lövhənin qarşısında dayandı. Nurlu, həmişə şən olan sifəti bir az da işıqlanmışdı.
“Məni gözləyirsiniz, eləmi?! Bu da mən. Axır ki, gəlib çıxdım”, - deyə gülə-gülə maşından düşdü.
Şux zarafatları, şən gülüşləri ilə hamımızla görüşüb əhvallaşdı:
- Musa ilə
mənimki tutur də, neynim. Həm də belə isti havada
Bakıdan uzaqlaşıb May dərəsində, Buynuzda,
Qaranohurda, Lahıcda, Basqalda çay başında, bulaq
üstə kabab yemək xatirinə mütləq “Musa əziz
qardaşımdır” deyəm gərək, - zarafatyana dediyi bu
sözlərinə mimikaları ilə şirinlik qatıb Musa
Yaquba göz vurdu.
Musa müəllim ərkyana onun qoluna girib, - qardaş, bu
yerlər Sizin kimi insanlara layiqdir, - deyib hamımızı
redaksiyanın həyətində müxtəlif meyvə
ağacları altında açıq havada
hazırlanmış çay stollarına dəvət etdi. Bulaq suyunu belə
gözəl dağ havasında yanğınlıqla
başımıza çəkdik.
Söhbətə
öncə bizdən başladı:
- Deyin
görüm, Musa müəllim Sizinlə necə davranır, qəzetində
sizə yer ayırırmı?! Qayğılarınızla,
problemlərinizlə maraqlanırmı?
Biz də
öz növbəmizdə hər şənbə, bazar
günlərində redaksiyanın sürücüsü
Əlinin, fotoqraf Novruz Haşımovun bizi istədiyimiz yerlərə
aparmasından, ismayıllılarla artıq
doğmalaşıb, gəzməli, görməli guşələrdən
reportajlar, müsahibələr, təhlilli yazılar,
“Qayçı” daimi rubrikası altında tənqidi materiallar
hazırlamağımızdan həvəslə
danışdıq.
Nurəddin
müəllim üzünü Musa Yaquba tutaraq dedi:
- İsmayıllıda hansı qapını döysən,
şeirlə cavab verəcəklər. Buranın təbiəti
kimi, insanları da şairanədir. Bu
gözəllikləri bu uşaqların (bizə işarə
ilə) yaddaşına yazacağını bilirdim, vallah
bilirdim. Elə həmişə
yaddaşlarda gözəl naxışlarla ilmələnən
xalı kimi, hər güldən, çiçəkdən
şirə çəkən arı kimi qalacaqsan, qardaş.
Bəlkə nə vaxtsa bu uşaqlar şirin xəyallara
dalıb xoş xatirələri yaşayanda səni, məni
yada salacaqlar...
Axırda xatirə şəkilləri çəkdirdik.
* * *
O zamanlar
5 mayı “Mətbuat günü” kimi qeyd edərdik.
İçərişəhərdə, “Ensiklopediya”nın binası qarşısına toplaşar,
bayramlaşardıq. Respublikamızda nəşr
olunan bütün mətbu orqanlar burada təmsil olunardı.
Hansı qəzeti, jurnalın yaradıcı heyətini
istəsən burada tapa bilərdin. Onda da
biz tələbələr Nurəddin müəllimin duzlu-məzəli,
şirin ləhcəli söhbətlərini eşitmək
üçün onun ətrafına toplaşardıq. Bilirdik ki, nəsə maraqlı bir şey öyrənəcəyik.
Çünki buna adət etmişdik. Onunla hər görüş peşəmiz
haqqında, insanlıq haqqında nəsə öyrənmək
demək idi.
* * *
“Sovet kəndi”
qəzetində 5 il ərzində çap
olunmuş oçerklərdən bəhs edən diplom işimə
də o rəhbərlik edirdi. Bununla əlaqədar
sonuncu kursda onunla tez-tez görüşməli olurduq. Günlərin bir günündə onun yanına -
“Yaradıcılıq evi”nə getməli olduq. Rafiq, Arifə,
Mətanət və mən. Onun ömür-gün
yoldaşı Azadə xanımla da orada tanış
olduq. Hər ikisi istirahətdə idi.
Bununla belə tələbələrindən yanına kim getsəydi, mütləq
yaxınlıqdakı yazıçı, şair dostları ilə
tanış edərdi. “Dayaq, yamaq” məsələni
çəkib, - həyatda insan-insana gərək olur, - deyirdi.
Şərafət Dağıstanlı, Söhrab Tahir, Musa
Yaqub, Nəriman Həsənzadə kimi qələm sahibləri
ilə məhz belə məqamlarda görüşüb tanış olmuşuq.
Sonluq.
Allah sənə qəni-qəni rəhmət eləsin, ey
böyük İNSAN! Kəlamlarındakı
“istedadlı adamların əl tutanı az olur” sözlərinin
böyüklüyündən çox bəhrələnmişəm.
Kim bilir, daha kimlərə pay düşəcək,
bu nurun şöləsi daha kimlərə yol göstərəcək.
Qoyub getdiyin mənəvi irsdən kimlərin yolu
işıqlanacaq!
Sizləri
qəlbində yaşadanlar özündən sonrakı nəsillərə
belə bir nağıl, hekayət söyləyəcək: təpədən
dırnağa səmimiyyətdən yoğurulmuş, nurdan
yaranmış gözəl İNSAN, hələ
cavanlığından belə ağsaqqal (belə olmasaydı
yaza bilməzdi) olan Nurəddin Babayev soyadlı bir İNSAN
vardı.
Amalı
insanlara yaxşılıq etmək, istəyi
xalqımızı məlumatlı, bilikli, maariflənmiş
görmək idi...
Zəminə Həmidova
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 11.