İstedadın dadı...
Məhəmməd
Füzuli - 520
Ey ustadlar
Ustadı, səndə öz Məcnunundanmı
da füzun aşiqlik istedadı varmış?..
...Sənin o qara baxtın hansı canan “həbs”ində yatırmış ki, bütün xalqı oyadan əfğanından oyanmırmış? Muradının şamı hansı dərinliklərdəymiş ki, fələkləri yandıran ahından bir çınqı da alıb yanmırmış? Özün öz qələm ələminlə yaratdığın o aləm-ölkədə necə qəribmişsən ki, qapını heç kəs açmırmış - “badi-səbadən qeyri”?
...Və sən necə mövcudi-mərhummuşsan ki, - rəhmət sənə, ey Füzuli, öldün - əfğanınla xəlqə əziyyət vermədin, - deyibsən?..
Aha... daha
xitabsız...
Deməli, Füzuli - Eşqi-Ali! Çağlar təb çeşməsi, ilahi kədər dəlisi, qəm Məcnunu...
Və beş yüz il öncələr onun “Gəl sanma Füzuli dərdini asan, ey təbib!” - deyə poetik xitab etdiyi peşə sahiblərinə bir para nəsri xitabım:
Ey həkimlər! Siz də bu ali dərdə çarə axtarmayın. Bu “bihudə iş”ə varmayın. Onnansa, kürreyi-ərz həmkarlarınızı başınıza yığın və bu könüllər həkiminin, qəlblər hakiminin həmin şeirini dübarə mütaliə-müayinə edin. “Sən qan almaqla yəqin, bir faidə verməzsən cana” misrası üstdə bir məsləhət-məşvərət, bir “həbibi-təbib” konsiliumu keçirin. Öz tutiya təşbehlərilə bütün bənzətmələrdən daha uca, fitrətən zirvə, fikrətən xoca, zikrətən qosqoca bu “xəstə”nin könül canını təpədən-dırnağa yoxlayın və onun xitab etdiyi o naməlum sələfinizi təkləyib də - qınamayın. Nədən ki, qadam, bu “azari-bazar”, ümumiyyətlə, sizlik deyil. Nə “ol vəqt”lər, nə indilər, nə də - çox maraq-məşqi dəyişsə də, Eşqi heç zaman sönməyəsi bütün gələcəklərdə...
“Və gər”...
Əvvəla, Füzuli dünyasına yeniqədəmlilərçün deyim ki, Füzuli diliycə bu “və gər” “və əgər” deməkdir (Bəs necə, “əməliyyat” tək elə sizə - səhhət ustalarına aid deyil ki, - canan ustadına da xasdır!). İkincisi, onun bu əməliyyatla öz zəmanəsinin hal-əhvalını necə hipnoz-diaqnoz etdiyinin əncami-əczaxanasını yaratmaq eşqinə düşün:
Əgər su damənin tutdum, rəvan
üz döndərdi məndən,
Və gər
güzgudən umdum sidq,
əks-müddəa gördüm.
Bəli, heca-üslub xatirinə neçə-neçə assimil-dissimilyasiyalar edib - bu Söz həkimi. Fikri “itmamə” yetsin deyə, “ki, ey şux” cananı üzərində “key şux” “əməliyyat”ı aparıb. Bir sözlə, ey “ikinci ömrün müəllifləri” kimi müasir-modal təşbehlərlə öyülən çağdaş yoldaşlar, Süleyman peyğəmbər quş dilini necə bilibsə, bu Süleyman oğlu Məhəmməd Füzuli də huş-guş dilini eləcə bilib...
Və əgər bu “dərd”in sizlik də olmasını istərsəniz, onda gərək “bəşəri-müalic” peşənizdə onun “əşari-məlalət” tişəsinə uyğun çalışasınız. Bacarıqla istedadın sədayi-Məcnunluğuna, bəlayi-Leyliliyinə yoluxasız. “Düsturül-əməl”lərlə “bəlayi-eşq” təməllərini uzlaşdırasız. Hərdən də... güzərani-məlamət başınızı “qıl aşina” qeylü-qalına salasız. Adına “səri-kuyin yarın” deyilən məkanları özünüzçün “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!” hesab edəsiz. Dərd əlindən dağa çıxıb, elə biləsiz ki, yaylağa qalxıbsız. O könüllər zirvəsindən düşəmməyəndə, “Hippokrat andı”nıza asi düşməyəsiz. “Öylə sərməstəm ki, idrak etməzəm...” kimi qərarlar verib, “Neçin qılmaz mənə dərman, Məni bimar sanmazmı?” sayaq biəti-eşq səhhətinə qəsəm edəsiz. Beləcə-beləcə, sizli-bizli - hamılıqla “Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni” alxışlı qarğışlara tutulub, “səhhəti-can”, sənəti-irfan olaraq, bəşəri-şeiriyyətin bu “heyrət, ey büt!” kanı önündə bağır basıb, siyasi-iqtisadi, sosial-mədəni toparlanmalıqla milli bir ortaq məxrəcə gələk. Gözəgörünməzə “ya rəbb, bu nə aləm?!”, tərifi-sözəgəlməzə “bu nə təb?!” deyibən, Gözəl Allahımızın bu başdan-başa Sənət, təpədən-dırnağa Qəzəl Bəndəsinə “birnəfəsə” reqlamentli, “yarnəfəsə” temperamentli xitab edək. Özü də onun öz şeriyyət-qəzəliyyatındakı “tapşırma” formatında:
Ey Füzuli!..
Əslində, bu dərd heç bizlik də deyil, babam! Deyəsən heç, heç kimlik deyil, ey söz mülkümüzün ən əbədi-ədəbi sarayı, sənət nəslimizin “ənkə böyüyü”! Bu öylə bir fenomenal-labirintal mülk ki, sifarişçisi də Sən özün, memarı da, icraçısı, bənnası, sakini də. “Bizim” hesab etdiyimiz “bu dünya bir pəncərədir - hər gələn baxar gedər”dirsə, Sənin dünyan al-əlvan bir mənzərədir - hər ötəri baxan axar gedər, betəri baxan - canını odlara yaxar gedər...
Bu bənzərsiz mənzərədə, kəlamlar ormanında əl atıb gülləməli frazalardan biri də elə sizin özləriniz - söz və sözçü:
Artıran söz qədrini sidq ilə
qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Bu hesabla bu Ustadın sidqi nə qədər artmış olur?! Bunun qədər-miqdarını hesablamaqçün media, ədəbiyyat, dil institutları kontingentlərinin (hələ sözün başına oyun açan bəzi ədib-ədəbiyyat agentlərini, “- Leyli, Leyli! - Nədi, Məcnun?” oxuyan stilmentləri demirəm) cəmi statistikası bəs edərmi? Bu “...hər ləhzə yoxdan olur var”ın rəmzini necə bəzmi-həzm etməli? Yəni, doğrudanmı bu möcüzələr yazılmağa başlanmazdan əvvəl bu sözlər yerli-dibli yox imiş, birdən-birə, lapdan-“yoxdan” var olublar? Yəni həqiqətənmi; -
Məndə Məcnundan
füzun aşiqlik
istedadı var,
Aşiqi-sadiq mənəm - Məcnunun ancaq adı var, -
kimi közlər və (əstəğfürullah)
haqdan gələn:
“Gər dersə Füzuli “gözəllərdə vəfa var”,
Aldanma ki, şair sözü, əlbəttə,
yalandır -
kimi sözlər “yoxdan var” olublar?
Yox, ey “rindü-şeyda”, “hər işi xəlqə rüsva”! Sənin “Sorsalar bu nə
sevdadır” ehtimalın
həmişə tətikdə
olduğu üçün,
məni “bu nə məntiqi-sevdadır”
deyə qınayasıların
xatirinə, helmi yanaşmadan “gül kimi” ənənəvi yarış-yanaşmaya keçmək
gərək.
Deyirsən; “Aldanma ki, şair
sözü, əlbəttə,
yalandır”. Deməli, nə? Gözəllərdə vəfa yoxdur? Buna necə inanmalı?
Axı bu “yoxdur”un özünü
də “yalançı”
şair deyir. Beləliklə, gözəllərdə
vəfa var və yoxdur, yoxdur və var, var və
yoxdur... Bu nə məntiq sillagizmi, nə həndəsi silsilə, ədəbi-əntiq
zəlzələ, ey bütün dövr və zamanlar fövqü?!.
Səndə sözlər nazənin
ədalı, fikirlər
bülbül sədalı,
mətləb-məramlar ecazi-laübalı!
Hələ sənin vurğu-durğu işarələrin!
Onların hamısı öz
yerində - təqtilərə
münasib, ritmlərə
müntəzir. Sualların
isə... incə-mincə
gəlin kimi, bığ yeri yenicə tərləmiş
oğlan, “çiçəyi
burnunda qız” misallı: “İnanarmı,
usanmazmı, utanmazmı?”
Sənin
bu eşq balası eşq şeirindəki “utanmazmı”nı
mən “qəsdən”
axıra saldım (bir az da
Sənin müasir əziz-xələfin Şəhriyarın
“Gözəllərin axıra
qalmışıydı” misrasının
təsiri səbəbindən).
Deyirəm, gör, Səni
candan usandıran, verdiyi cəfadan isə usanmayan o gözəl Səndə bu qədər hicr-əcr simptomları yaratmasaydı, bu atom-misralar yaranardımı?
Hə,
“Mənə tən eyləyən qafil...”
Bəli,
bütün aləmi-ətraf,
saili-qafillər Sənə
tənə edirlər
ki, bu yaşda,
bu başda, bu nam-nişanda adamsan, nə var, nolub, hansısa
bir Yardan ötrü bu qədər ahu-zar edirsən! Başqa aşiqlər bu tənələri necə
qarşılar, nə
cavablar verərdilər,
bilmirəm (niyə bilmirəm ki?..), Sən isə;
“Səni görgəc
utanmazmı?..”
Sən ki bu bir
kitablıq hekayəti
üç kəlmədə,
on doqquz hərfdə bu cür şərhi-bəyan
edə bilmisən, deyirəm, dünyanın bütün əğyari-hərifləri,
huri-ədəbiyyatşünasları yığıla, Səni nəinki Azərbaycan, Turan, Şərq şeriyyətinin, heç
dünya poeziyasının
da baş kürsüsündən, Birincilik
nominasiyasından sala bilməz, Ustad! Yəni, daha hansı başqa bir kimsə bu mətləbi bu yığcamlıqda, İlahi mübhəmlikdə,
ali məhrəmlikdə
deyə bilərdi, deyə bilər və deyə biləcək?! Sən burada, bütün
başqalarından fərqli
olaraq, nida ilə utandırılasılara
bir suallıq möhlət verib, barışıq yeri qoymusan. Sən məsələyə hamıdan
- bütün didaktiklərdən,
patetiklərdən fərqli
baxaraq, tutalım, “əgər tənəçilər
mənim yarımın
necə gözəl, hədsiz cazibədar, füsunkar, işvəkar,
can alan, “qan salan”, filan-filan olduğunu bilsəydilər,
mənə - “niyə
bu qədər qəm eləyirsən” - deməzdilər” kimi təbiət təsvirləri,
cəmiyyət təfsirləri
işlətməmisən. Sən
bu üç kəlmə forman, gücdən-güc məzmununla
- bəşərin əzəli
və əbədi atributu olan aşiq-məşuq,
sevgi-məhəbbət dramındakı
tənə, dedi-qodu səhnəsini gözəlliyin
qələbəsi, özünün
qalibliyinlə qapatmısan!..…
“Nalədəndir
ney kimi...
...avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmazam neytək kəsilsəm bənd-bənd”!
Mənim
özümün də
bu misralara əşhədi-heyrətim var,
ancaq, Bəxtiyar Vahabzadə - Xudu Məmmədov - Nurəddin
Rza - Zeynal Məmmədov - Şahmar Əkbərzadədən ibarət
o vaxtkı “milli beşliyin” iyirmi səkkiz il bundan əqdəm Ağdamın Abdal-Gülablı
sanatoriyasındakı növbəti
“Füzuli söhbətləri”ndə
edilən bir heyrəti xatırlatmağı
daha yey hesab edirəm.
Məclis arəstədir. Ətraf meşədə bülbüllər oxuyur və bu dəfə
Qədir Rüstəmovun
da iştirak etdiyi məclis başdan-başa Füzuli
qoxuyur. Mən isə, bu Gülüstan şair haqda bədahətən doğulan fikirləri, məlahətən deyilən
sözləri gülləyib,
yaddaşıma köçürürəm.
“Gələndə “Məhəmməd”
gəldin dünyaya, Gedəndə “Füzuli” getdi dedilər”, “Sənət göylərində
üzür Füzuli,
Sənət göylərindən
öz qələmiylə,
Al-əlvan çiçəklər
üzür Füzuli”
misralarını söyləyib,
üzünü müəllifə
tutan Nurəddin: “Bəxtiyar müəllim, sən bizim bu Eşq mücəssəməmiz
haqda çox yaxşı misralar yazmısan, amma, təəssüf, çox
az yazmısan...” Bəxtiyar: “Əksinə,
Nurəddin həkim, çox yazmışam, amma yaxşı yaza bilməmişəm. Əgər bircə dəfə mənim də başıma Füzuli eşqi vursaydı, mən də ona layiq bir
şey yaza bilərdim!” Xudu: “Bu doyulmaz şairin hər misrası gəlin köçəsi
qızlarımızçün cehizlikdir, bəy ərənlərimizə pak
sevgilər aşılayan
mənəvi dərslikdir,
qocalar-qarılar üçün
behiştlikdir...”
Bayaqdan üzündə “şeytani”
bir təbəssüm
gəzən Şahmar:
“Amma, ay Xudu müəllim, ay sirri-Xuda,
sənin bu “cehizlik”, “dərslik” qənaətlərinə cınqılı
bir əlavəm var...” Xudu müəllimin
gülümsəyərək atdığı “hə, yenə sonbeşiyimizin xatakarlığı tutub”
replikadan sonra, Şahmar sözünə
davam edir: “Yəni bu yan-yörəmizdəki
cavan-comrullara elə gəlməsin ki, Füzuli babaları da, bəzi klassiklər
kimi, yalnız öyüd-nəsihət verən,
“müsbət qəhrəmanlıq”
təlqin edən, dünyəvi eşqi, əda-qidalıqlarının yarısı
gizlin, yarısı aşkar olan sevgi-məhəbbəti yarlara
yasaqlayandır. Yox, “Leyli və Məcnun”dakı
bir səhnəni bir az nəsr, bir az nəzmlə ifadə edirəm: məktəbdə onlar səf-səf düzülüb
edəndə sərəfraz,
qızlar oğlanlara satanda işvəvü-naz,
oğlanlar necə səbr pişə qılsın və gər səbri olsa, nişə qılsın?!”
Hamı
dərin ehtiram, klassik abır-həya ilə gülüb-gülümsünür
və nəhayət, öz aralarında “beşliyin filosofu” adlandırdıqları Zeynal:
“Görəsən... Füzuli
zərif cinsin nümayəndəsi olsaymış
da, bu əndazəli
eşqə duruş gətirə, o dünyaya bu sayaq əxlaq,
dözüm, həya bakirəliyilə köçə
bilərmiş?..”
Və ey Füzulisevərlər!
O vaxtkı o sual kiminsə kimdənsə cavab gözlədiyi sorğulardan deyildi. O soru bizim bu
şahənşah şairimizin
və innənsonrakı
milyonlarla, milyardlarla “fəqir” oxucuların ona dair növbəti
heyrətlərindən biri
idi.
Onun “köhnə-köhnə” xəzinəsindəki
yeni-yeni irfan-idrak tilsimlərinin açılımına
doğru, Füzulisevər
əfəndilər - beş
yüz iyirminci ad gününü qutladığımız
hər zaman ulu və əbədi
olu babamızın vəfalı sevdalıları!..
Tahir Abbaslı
Mədəniyyət.- 2014.- 18 iyul.-
S. 13.