“Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ”
XIX əsr Azərbaycan
ədəbiyyatının tanınmış nümayəndələrindən
biri də Hacı Mirhəmzə Seyid Nigaridir. O, 1795-ci ildə
Bərgüşad mahalının (indiki
Laçın rayonu) Cicimli
kəndində dünyaya göz
açıb. Atası Mir Paşa
təxəllüslü Mir Rüknəddin
Əfəndi, anası isə Qızxanım adı ilə
tanınan Xeyrənsə xanım olub. O,
erkən çağlardan
yaşıdlarından fərqlənib, 9 yaşında ikən
ədəbiyyata böyük maraq göstərib. Gənc yaşlarından
şeirlər yazıb. Şeirlərini əsasın “Seyid Nigari” təxəllüsü
ilə qələmə alıb, ədəbi aləmdə də
bu imza ilə
tanınıb.
Araşdırmalarda göstərilir ki, o, Qarabağ bəyləri nəslinə mənsub və özü kimi təsəvvüf əhli olan Nigar adlı bir qızı sevir və onun adını özünə təxəllüs götürür. Bunu bir qəzəlində belə ifadə edib:
Alıbdır
canımı qəmzə, düşübdür
könlümə lərzə,
Hər bir aşiq Seyid Həmzə, hər bir dilbər
Nigar olmaz.
Valideynləri oxuyub-öyrənmək həvəsini
görərək, onu
Şəkinin Dəhnə
kəndində mədrəsəyə
qoyurlar. O, təhsilini başa vurduqdan sonra Mövlanə Xalid Bağdadi ilə görüşmək
arzusu ilə Bağdada yola çıxır. Ancaq Harputa
çatanda Mövlanə
Xalidin vəfat etdiyini öyrənir.
Beləliklə, səfərini təxirə
salır, oradan Sivasa gedir. Şair bir müddət orada yaşadıqdan sonra Qarabağa qayıdır. İsmayıl Şirvaniyə mürid olmaq məqsədilə Kürdəmirə gedir və onun müridi
olur. Bu müddətdə
Rusiya imperiyasının
müstəmləkəçilik siyasətinə qarşı
çıxır, Şeyx
Şamilin müridizm azadlıq hərəkatının
öncüllərindən olur.
Mirhəmzə Seyid Nigarinin bu hərəkətləri
çar idarəçiliyinin
diqqətini çəkir. Onun sürgün
olunması məsələsi
qaldırılır. O, vəziyyətin ciddiliyini nəzərə alaraq Şeyx İsmayılla birlikdə Anadoluya gedir. İyirmi ildən çox
Sivas və Amasyada yaşayır. Sonra ürəyində
çoxdan saxladığı
bir arzusunu İsmayıl Əfəndiyə
açır. Onun icazəsi
ilə səfərə
çıxır. Əvvəlcə Konyada Mövlanə Cəlaləddin Rumi türbəsində, sonra isə Məkkə, Mədinə, Şam, Qüds şəhərlərində
olur, müqəddəs
məkanları ziyarət
edir, Amasyaya qayıdır. Bir il sonra
mürşidi İsmayıl
Şirvanidən xilafətnamə
alıb Azərbaycana dönür.
Azərbaycanda mürşidlik fəaliyyətinə
Bərgüşad və
Bərdə ətrafında
başlayan Seyid Nigari Rusiya ilə
Osmanlı arasında başlanan Krım müharibəsi zamanı türk ordusunda döyüşlərə qatılır. Müridləri ilə birlikdə Qarsa gəlir və ruslara qarşı vuruşur.
Müharibə qurtardıqdan sonra
Ərzurumda Bakırlar
məhəlləsindəki məscidin dərsxanasında
qalır.
Üç il sonra İstanbula, oradan da yenə
Amasyaya gedir. Burada uzun müddət təfsir və hədislərdən dərs
deyir. Eyni zamanda təsəvvüf
fəaliyyəti ilə
də məşğul
olur. Lakin onun bu fəaliyyəti camaat arasında narazılığa
səbəb olur.
Onların şikayətindən sonra o, Harputa sürgün edilir. Mirhəmzə Seyid Nigari
1886-cı ildə Harputda
vəfat edir. Vəsiyyətinə əsasən şeyxinin
yanında - Amasyadakı
Şirvan məscidində
dəfn olunur.
Seyid Nigari sufi-irfani şeirlər yazıb. Şeirlərinin əksəriyyətində
Allah, peyğəmbər, əhli-beyt
eşqi və məhəbbəti tərənnüm
olunur.
Onu da deyək ki, Seyid Nigaridən bu günümüzə türkcə və farsca divanları, “Nigarnamə” və “Saqinamə” adlı əsərləri gəlib
çatıb. Divanı Tiflisdə (1908), İstanbulda
(1883) nəşr edilib.
Farsca divanı 1911-ci ildə İstanbulda təkrar nəşr olunub.
Seyid Nigarinin
şeirlər divanı
XX əsrin əvvəllərində
çap olunsa da, sovet dönəmində
onun adı, demək olar, tamam unutdurulmuş, əsərləri geniş
oxucu kütləsinə
naməlum qalmışdır. Yalnız son vaxtlar
şairin yaradıcılığına
diqqət artıb,
"Xaki-payin taci-sərim"
kitabı 2004-cü ildə
"Azərbaycan" nəşriyyatında
çap olunmuşdur.
Şair "Vətən sevgisi imandandır" fikrini rəhbər tutaraq Azərbaycan və Qarabağı yüksək
poetik dillə vəsf etmişdir. Uzun müddət doğma yurdundan uzaq düşdüyü vətəni
Qarabağı da unutmayan şair “Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ...” adlı
şeir də yazıb:
Nə əcəb dövlət
imiş seyri-şikari-Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.
Rəşki-mişk ənbər imiş
buyi-qubari-Qarabağ,
Abi-heyvan imiş ənhari-bukari-Qarabağ.
Seyid Nigarinin Türkiyədə
olduğu vaxtlar Qarabağın həsrətindən
doğan kədəri,
yurd sevgisi bədii dillə ifadə olunur:
Sinəmə çəkilən qara
dağımdır,
Qara bağrım qanlı Qarabağımdır.
Qan əkər, odlar
tökər Miri-Nigari
məgər,
Yad qılıbdır
yenə Qarabağ torpağını.
Ey Nigari, ömrün
erişdi payə,
Salmadı başıma ol sərvi sayə.
Can qurban eylərəm peyki səbayə,
Xəbər versə bir gün ol
Qarabağdan.
Əgər şairin qəzəllərində
klassik şairlərdə
olduğu kimi, ərəb-fars ibarələri
yer alıbsa, qoşma və gəraylılarında sadə
xalq dilinin zəngin çalarları
öz əksini tapıb.
Qəm əlindən getdim
dadə,
Dərdimdir həddən ziyadə.
Yalvarıram, vermə badə
Zülfin Səlmanə, Səlmanə.
Cüda düşdüm ellərindən,
Kəsmədim göz yollarından.
Zülfi-Leyla əllərindən
Gəzdim divanə-divanə.
Qarabağın çar Rusiyası tərəfindən işğalını
heç cür həzm edə bilməyən imanlı şair bu hadisəni
sinəsinə saplanan
xəncər hesab edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 18 iyul.-
S. 15.