Dağlar qoynunda
növbəti musiqi bayramı
İyulun 23-də VI Qəbələ Beynəlxalq
Musiqi Festivalı başlanır
Son illər Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı mədəniyyət layihələri Azərbaycan mədəniyyətinin inkişafı və təbliğini yeni, yüksək bir səviyyəyə qaldırıb. UNESCO tərəfindən bəşər mədəniyyətinin incisi elan edilmiş Azərbaycan muğamına həsr olunmuş beynəlxalq muğam festivalları böyük maraqla qarşılanaraq, dünyada geniş əks-səda doğurub. 2009-cu ildə Azərbaycanın dilbər guşələrindən olan Qəbələdə musiqi mədəniyyətimizin tarixində özünəməxsus yeri olan beynəlxalq festivalın təməli qoyulub.
İyulun 23-də Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi - VI Qəbələ Beynəlxalq Musiqi Festivalı başlanır. 23 iyul - 1 avqust tarixində keçiriləcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.
Musiqi bayramında Rusiya, Türkiyə, Cənubi Afrika Respublikası, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna, Koreyadan məşhur dirijorlar, musiqiçilər və kollektivlər - Yohannesburq filarmonik orkestri (CAR), İsrailin "Brass kvintet", "Kiyev solistləri" milli kamera orkestri, Vyana akademik orkestrinin solistləri, Tel-Əviv baleti, eləcə də Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və başqaları iştirak edəcəklər.
Festival konsertlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov, Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Yusif Eyvazov, Azər Rzazadə, Kamran Ömərli, istedadlı gənc solistlər, muğam ifaçıları və başqaları çıxış edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.
Musiqi bayramının ilk konserti iyulun
23-də “Qafqaz Resort” hotelinin musiqi zalında olacaq. Kamera musiqisi axşamında Eldar
İsgəndərov (violonçel) və
Nərgiz Əliyarovanın (piano)
ifaları səslənəcək. Həmin gün
saat 21-də isə VI Qəbələ
Beynəlxalq Musiqi Festivalının təntənəli
açılışı keçiriləcək.
Açıq havada qurulmuş
səhnədə Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri
çıxış edəcək. Dirijor
Xalq artisti Rauf Abdullayev, solistlər
Gülşən Ənnağıyeva (piano)
və Kamran Ömərlidir (violin).
Mədəniyyət.- 2014.- 23 iyul.-
S. 2.