Milli mətbuatımızın 139 yaşı tamam oldu

 

İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü təntənə ilə qeyd edilib. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Azərbaycan Mətbuat Şurasının və kütləvi informasiya vasitələrinin nümayəndələri Milli Mətbuat Günü münasibətilə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın keçdiyi yoldan danışaraq bildirib ki, 1875-ci il iyulun 22-də maarifçipublisist Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirib. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzetdə elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olunub.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli son illər ölkəmizdə medianın inkişafı, sözfikir azadlığının təmin olunması istiqamətində görülmüş işlərdən danışıb. Qeyd edilib ki, mətbuatın hüquqi-normativ bazasının möhkəmləndirilməsi ilə yanaşı, onun iqtisadi müstəqilliyinin təmin edilməsi də dövlətin diqqət mərkəzindədir.

Digər çıxış edənlər böyük maarifpərvər Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatımızın bu gün yeni inkişaf yolunda olduğunu, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, təbliğində mühüm rol oynadığını vurğulayıblar.

 

Mədəniyyət. - 2014.- 23 iyul.- S. 3.