AZƏRBAYCAN RESPUBLIKASININ MƏDƏNIYYƏT
KONSEPSIYASI
Əvvəli
ötən sayımızda
3. Mədəni irsin qorunması
Hər bir xalqın mədəni irsi özündə milli-mənəvi dəyərləri əks etdirən və onu dünya miqyasında tanıdan vasitədir. Bu səbəbdən daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılması, muzey şəbəkələrinin və kitabxana-informasiya sistemlərinin müasirləşdirilməsi, elektron kataloq və elektron kitabxanaların yaradılması, qeyri-maddi mədəni irsin və xalq yaradıcılığının dəstəklənməsi, yerli mədəniyyət mərkəzlərinin, mədəniyyət əhəmiyyətli parkların, etnoparkların inkişaf etdirilməsi Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Azərbaycan Respublikası mədəniyyət sahəsində dövlət siyasətinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq, öz ərazisində maddi və qeyri-maddi mədəni irsi qorumaqla yanaşı, milli mədəni sərvətlərin qanunsuz özgəninkiləşdirilməsi, onlara zərər vurulması kimi neqativ halların, habelə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalan maddi mədəniyyət nümunələrinin dağıdılmasının və onlara məqsədli şəkildə müdaxilələr edilməsinin, həmin ərazilərin qanunsuz şəkildə turist marşrutlarına salınmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərir.
3.1. Qeyri-maddi mədəni irsin
qorunması
Azərbaycan xalqının əsrlər boyu yaradılan və tarixən milli mənəviyyatın və mədəniyyətin inkişaf özəyini təşkil edən qədim və rəngarəng qeyri-maddi mədəni irsi hər bir azərbaycanlının qürur mənbəyidir. Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs nümunələri - Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçaçılıq sənəti, tar sənətkarlığı və ifaçılığı YUNESKO-nun Qeyri-maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına, Çövkən - Qarabağ atüstü oyunu YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmişdir. Mövcud mədəniyyət sarayları, mədəniyyət evi, klub və park şəbəkələrinin yenidən qurulması vasitəsi ilə qeyri-maddi mədəni irsin əsas sahələri olan folklor, sənətkarlıq və diyarşünaslığın dəstəklənməsi istiqamətində aşağıdakı vəzifələr müəyyən edilir:
- Azərbaycan xalqının tarixi-mədəni həyat təcrübəsinin və diyarşünaslığın inkişafı məqsədi ilə xalq adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və ənənəvi biliklərin rekonstruksiyası;
- milli musiqi və rəqslərin təşviqi;
- şifahi xalq yaradıcılığı nümunələrinin qorunması, xalq oyun və tamaşalarının bərpası;
- xalq sənətkarlığının dirçəldilməsi məqsədi ilə xalq tətbiqi sənətinin inkişaf etdirilməsi, ənənəvi dekorativ sənətin qorunması, təsviri incəsənətin canlandırılması;
- mövcud ştat vahidləri dairəsində şəhər (rayon) mədəniyyət evləri və klublarının əsasında şəhər (rayon) mədəniyyət mərkəzləri və onların diyarşünaslıq, folklor və sənətkarlıq filiallarının yaradılması, həmçinin mədəniyyət əhəmiyyətli parkların müasir əsaslarla təşkil edilməsi, sənətkarlıq emalatxanalarının təşkili, onların turist marşrutlarına salınması.
3.2.
Daşınmaz tarix və mədəniyyət
abidələrinin bərpası, qorunması, tarix
və mədəniyyət qoruqlarının inkişafı
Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin ölkədir.
Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə 2001-ci ildən aparılan bölgüsünə əsasən Azərbaycan Respublikasının ərazisində 6308 abidə dövlətin mühafizəsindədir. Azərbaycan Respublikası ərazisində 27 dövlət tarix-mədəniyyət, o cümlədən memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir.
2000-ci ildə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar sarayı kompleksi və Qız qalası, 2007-ci ildə "Qobustan" dövlət tarixi-bədii qoruğu YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir. “İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun və Qobustan milli tarix-bədii qoruğunun ərazisində yerləşən abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir.
Daşınmaz tarix və mədəniyyət abidələrində bərpa-konservasiya işlərinin aparılması, sel sularından mühafizə məqsədli drenaj sistemlərin qurulması, ərazinin işıqlandırılması, informasiya lövhələri və yol nişanlarının quraşdırılması, daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Milli mədəni irsin qorunması məqsədi ilə aparılan islahatların davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 195 nömrəli Sərəncamı ilə daşınmaz tarix və mədəniyyət abidələrinin, qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
Qeyd olunanlarla yanaşı, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının inkişafı, o cümlədən mühafizəsinin müasir səviyyədə təşkili, qədim tarixi və mədəni sərvətlərin öyrənilməsi və təbliği ilə əlaqədar aşağıdakı əsas vəzifələr müəyyən edilir:
-daşınmaz mədəni irsin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə daşınmaz mədəni irsin, o cümlədən arxeoloji abidələrin inventarlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması;
- daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadə və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl və mütərəqqi təcrübənin tətbiqi, zərurət yarandıqda həmin məqsədlərə beynəlxalq mütəxəssislərin cəlb olunması;
- tarix və mədəniyyət qoruqlarının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə tarix və mədəniyyət qoruqlarının sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması, qoruqların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınması, pasportlaşdırılması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, tarix və mədəniyyət qoruqlarının maddi-texniki bazasının inkişafı;
- daşınmaz tarix və mədəniyyət abidələrində bərpa və konservasiya işlərinin aparılması;
- daşınmaz mədəni irsin qorunması üzrə hüquqi aktların təkmilləşdirilməsi;
- daşınmaz tarix və mədəniyyət abidələrinin öyrənilməsi, o cümlədən turizm məqsədləri ilə onlardan istifadə imkanlarının araşdırılması;
- turizm məqsədləri ilə istifadə edilən daşınmaz tarix və mədəniyyət abidələrində və qoruqlarda müasir turizm infrastrukturunun yaradılması;
- daşınmaz tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilmə və ya korlanmadan qorunması;
- Azərbaycanın işğal olunmuş ərazilərində qalmış və digər ölkələrdə Azərbaycan xalqına aid olan tarix və mədəniyyət abidələrinin vəziyyətinə dair məlumatların sistemləşdirilməsi və müvafiq tədbirlərin görülməsi;
- daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və bərpası üzrə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması;
- Azərbaycanın daşınmaz mədəni irsinin ölkə daxilində və beynəlxalq miqyasda təbliği və təşviqi.
3.3. Muzey işinin müasirləşdirilməsi
Azərbaycanda tarix, tarix-diyarşünaslıq, elm, siyasət, incəsənət, ədəbiyyat, hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeylərini, həmçinin tarixi şəxsiyyətlərin ev muzeylərini özündə birləşdirən geniş muzey şəbəkəsi fəaliyyət göstərir. Muzey işinin müasirləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr yerinə yetirilməlidir:
-muzey fondlarının mühafizəsi, pasportlaşdırılması, konservasiyası və bərpa edilməsi, muzey kolleksiyalarının komplektləşdirilməsi işinin təkmilləşdirilməsi, muzey fondlarına dair məlumatların rəqəmsal daşıyıcılara köçürülməsi və elektron kataloqlaşdırılma vasitəsi ilə milli muzey-informasiya bazasının təşkil edilməsi;
-muzey ekspozisiyalarının bədii tərtibatının təkmilləşdirilməsi, konseptual ekspozisiyaların və müxtəlif mövzularda sərgilərin təşkili;
- turizmin inkişafı üçün muzeylərin turist marşrutlarına salınması, geniş tamaşaçı kütləsi ilə aparılacaq işlərin təkmilləşdirilməsi məqsədi ilə fərdi ekskursiyaların, ailəvi proqramların, uşaq və gənclər üçün tədris və interaktiv proqramların hazırlanması;
- muzey marketinqinin inkişaf etdirilməsi, turizm məqsədi ilə kataloq, təqvim, broşür və suvenirlərin hazırlanması, təşkil edilən sərgilər barədə sorğu-məlumat kitabçalarının mütəmadi buraxılışı.
3.4. Kitabxana-informasiya şəbəkəsinin
müasirləşdirilməsi
Azərbaycan Respublikasının kitabxana şəbəkəsində Azərbaycan Milli Kitabxanası ilə yanaşı, respublika əhəmiyyətli, habelə kütləvi, uşaq kitabxanaları, sahəvi və mərkəzləşdirilmiş kitabxana sistemləri fəaliyyət göstərir. Hazırda bu şəbəkəyə daxil olan kitabxanaların fondlarında yüz milyonlarla kitab, jurnal, qəzet, not, buklet, müasir informasiya daşıyıcıları vardır. 8 mərkəzləşdirilmiş kitabxana sistemi və bir çox müstəqil kitabxana işğal olunmuş ərazilərdə qalmışdır.
Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, ötürülməsində və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında mühüm rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə səmərəli islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini və kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir.
Azərbaycan Respublikasında kitabxana işi sahəsinin müasirləşdirilməsi məqsədi ilə aşağıdakı əsas vəzifələr müəyyən edilir:
- Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondunun qarşılıqlı istifadəsi və mübadiləsi, kitabxanaların profilinə uyğun olaraq, onların fondlarının xarici ədəbiyyatla təmin edilməsi üçün koordinasiya planının hazırlanması və ümumrespublika xarici ədəbiyyat bankının, məqsədli elektron kolleksiyaların yaradılması;
-kitabxana-biblioqrafiyaproseslərinin avtomatlaşdırılması, elektron kataloq və elektron kitabxanaların yaradılması, Azərbaycan Milli Avtomatlaşdırılmış Kataloqlaşdırma Formatının {AZMARK) hazırlanması, milli toplu kataloqunun yaradılması;
- biblioqrafik-sorğu materiallarının, milli çap məhsulları və ədəbiyyat salnamələrinin nəşrlərinin bərpası və retrospektiv nəşr proqramının hazırlanması, kitab abidələrinin mühafizəsi, bərpası, konservasiyası, rəqəmsal daşıyıcılara köçürülməsi, kitabxana kataloqlarının retrokonversiyası və xidmət səviyyəsinin yüksəldilməsi.
4. Peşəkar
incəsənətin inkişafı
Azərbaycan xalqının incəsənət sahəsində tarixi ənənələri nəsillərin bədii təcrübəsinə arxalanan, cəmiyyətin inkişafına təsir edən, xalqın mövcudluğunu ifadə edən və milli-mənəvi varlığını təsdiqləyən format kimi qəbul edilir. Peşəkar incəsənətin dəstəklənməsi teatr, musiqi, təsviri və dekorativ-tətbiqi sənət sahələrinin inkişafını nəzərdə tutur.
4.1. Peşəkar
teatr sənətinin inkişafı
Teatr sənəti sahəsində inkişaf tempinin dəstəklənməsi məqsədi ilə aşağıdakı əsas vəzifələr müəyyən edilir:
- teatr sənətinin müxtəlif janrları üzrə yüksək bədii dəyərli yeni əsərlərin yaradılması və onların səhnə təcəssümünün təmin edilməsi üçün dövlət sifarişlərindən daha geniş və səmərəli istifadə edilməsi, bununla bağlı proqramların həyata keçirilməsi;
- Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən teatrlarda tamaşaların hazırlanmasının stimullaşdırılması, ölkə və beynəlxalq səviyyəli teatr festivallarının, müsabiqələrin keçirilməsi və bu tədbirlərdə teatr kollektivlərinin iştirakının təmin edilməsi;
- nadir səhnə ocaqlarının qorunması, məcburi köçkünlük şəraitində fəaliyyətini davam etdirən teatrlara məqsədli maddi və yaradıcılıq yardımının göstərilməsi.
4.2. Peşəkar
musiqi sənətinin dəstəklənməsi
Qədim tarixi ənənələrə malik Azərbaycan klassik musiqisinin, həmçinin digər musiqi janrlarının inkişafı üçün Azərbaycan Respublikasında geniş infrastruktur mövcuddur, çoxsaylı musiqi təhsili ocaqları və konsert salonları fəaliyyət göstərir. Azərbaycan musiqi sənətinin dəstəklənməsi, yaradıcılıq və ifaçılıq axtarışlarının müxtəlif formalarının inkişafı və beynəlxalq mədəni proseslərə inteqrasiyası, çoxşaxəli və rəngarəng musiqi mühitinin yaradılması istiqamətlərində aşağıdakı vəzifələr müəyyən edilir:
- yüksək bədii keyfiyyətə malik musiqi əsərlərinin yaradılması məqsədi ilə bəstəkarların yaradıcılığının təşviqi və təbliği ilə bağlı kompleks tədbirlərin davamlı olaraq həyata keçirilməsi;
- müxtəlif musiqi janrları üzrə festivalların, müsabiqələrin və konsertlərin təşkili, habelə Azərbaycan bədii kollektivlərinin və solistlərin beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi;
- Azərbaycanın regionlarını təmsil edən musiqiçi və ifaçıların müvafiq yerli və beynəlxalq layihələrdə iştirakı üçün şərait yaradılması;
- Azərbaycanın klassik musiqi incilərinin rəqəmsal daşıyıcılara köçürülməsi.
4.3. Peşəkar
təsviri və dekorativ-tətbiqi sənətin təşviqi
Azərbaycan xalqının təsviri və dekorativ-tətbiqi sənəti qədim tarixə və köklü ənənələrə malikdir. Müasir təsviri və dekorativ-tətbiqi sənətin inkişafı sərbəst bədii yaradıcılıq axtarışlarının dəstəklənməsi, beynəlxalq aləmə inteqrasiya və milli mədəniyyət nailiyyətlərinin təbliği ilə bağlıdır. Bu məqsədlə aşağıdakı vəzifələr müəyyən edilir:
- Azərbaycanın müasir təsviri və dekorativ-tətbiqi sənətinə həsr olunmuş kitab, film, disk, buklet və kataloqların buraxılması, internet səhifələrinin yaradılması;
- təsviri və dekorativ-tətbiqi sənətin müxtəlif növləri üzrə maraq doğuran layihələrin dəstəklənməsi;
- təsviri və dekorativ-tətbiqi sənətə dair milli və beynəlxalq simpoziumların, festivalların, müsabiqələrin keçirilməsi, sahə üzrə mütəxəssislərin və sənətçilərin beynəlxalq layihə və müsabiqələrdə iştirakının təmin edilməsi;
- istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi və stimullaşdırılması;
- incəsənət kolleksiyalarının formalaşdırılması, qalereyaların sərgi və maarifləndirici fəaliyyətinə dair proqramların hazırlanması;
- yerli qalereyaların kolleksiyalarının müasir incəsənət əsərləri ilə zənginləşdirilməsi və onların fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiq edilməsi.
5. Mədəniyyət
sənayesinin inkişafı
Mədəniyyət məhsullarının və xidmətlərinin istehsalını və realizəsini təmin edən fəaliyyət sahəsi kimi mədəniyyət sənayesi mədəniyyət sahəsində dövlətin vəzifələrinin əhatə edildiyi əsas sahələrdəndir. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununda mədəniyyət sənayesinin inkişaf etdirilməsi dövlət mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti mədəniyyət sənayesi ilə mədəniyyət məhsullarının və xidmətlərinin bazarları arasında balansın yaradılmasını ehtiva edən tarazlılıq prinsipinə əsaslanır.
Qlobal və milli mədəni həyatın formalaşmasında mühüm rol oynamış və dünyanın bir sıra aparıcı ölkələrində ciddi nailiyyət qazanmış mədəniyyət sənayesinə göstərilən xüsusi diqqət və əhəmiyyətli sərmayə yatırımı iqtisadi və sosial dividendlərə zəmin yaradır. Bu səbəbdən tarixi ənənələri olan və gələcəyə yönəldilmiş mədəniyyət sənayesi sahələrinin, xüsusilə kinematoqrafiya və nəşriyyat-poliqrafiya işi kimi sahələrin inkişaf etdirilməsi dövlət mədəniyyət siyasətinin perspektivli istiqamətlərindəndir.
5.1. Kinematoqrafiyanın
inkişafı
Azərbaycanın milli kinematoqrafiya tarixi XIX əsrin sonlarından başlayır. Bu zəngin tarix dünya kinematoqrafiyasında baş verən proseslərlə yanaşı, milli özünəməxsusluğu ilə səciyyələnir. Hazırda Azərbaycan Respublikasında kino istehsalının əsas maliyyə mənbəyi dövlət büdcəsidir. Maliyyə dəstəyi müxtəlif studiyalara və müstəqil prodüser mərkəzlərinə sifariş verilməklə həyata keçirilir.
Milli kinematoqrafiyanın dirçəldilməsi sahəsində aşağıdakı vəzifələr müəyyən edilir:
- milli kino istehsalı sənayesinin dirçəldilməsi məqsədi ilə müasir istehsalat bazasının yaradılması;
- yaradıcılıq və kinematoqrafiya məqsədləri baxımından mütərəqqi kinolayihələrin dəstəklənməsi;
- xarici distribüter şirkətləri ilə əlaqələrin, o cümlədən kinofilmlərin Azərbaycan dilinə dublyajı işinin genişləndirilməsi, audiovizual əsərlərdən qanuni istifadənin tənzimlənməsi, piratçılığa qarşı mübarizədə aidiyyəti dövlət orqanlarının fəaliyyətinin gücləndirilməsi;
- Dövlət Film Fondunda mühafizə olunan milli filmlərin və onların ilkin materiallarının bərpası, konservasiyası və rəqəmsal daşıyıcılara köçürülməsi;
- ölkədə nüsxəsi olmayan milli filmlərin və digər kinomaterialların axtarılıb aşkar olunması və surətlərinin Dövlət Film Fonduna təqdim edilməsi;
- kino irsinin öyrənilməsi və təbliği.
5.2. Nəşriyyat-poliqrafiya
işinin inkişaf
etdirilməsi
Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya işi dövlət nəşriyyat və poliqrafiya müəssisələri və eyni təyinatlı özəl müəssisələr tərəfindən həyata keçirilir. ölkədə üç dövlət nəşriyyatı və yüzdən artıq özəl nəşriyyat və poliqrafiya müəssisəsi mövcuddur. Sahə üzrə fəaliyyətin təkmilləşdirilməsi üçün aşağıdakı vəzifələr müəyyən edilir:
- Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən nəşriyyat və poliqrafiya müəssisələrinin maddi-texniki bazasının müasir avadanlıqlar hesabına möhkəmləndirilməsi işinin dəstəklənməsi;
- elmi, ictimai-siyasi, bədii, publisistik kitabların (ensiklopediya, lüğət, çoxcildli, toplu, almanax, notlu nəşrlər və s.) və digər çap məhsullarının yüksək poliqrafik səviyyədə buraxılmasının təmin edilməsi;
- Azərbaycan ədəbiyyatı nümunələrinin xarici dillərə və dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsinin və yeni əsərlərin yaradılmasının təşviq edilməsi;
- Azərbaycan Respublikası Kitabxana Kollektoru sistemi vasitəsi ilə kitabxana fondlarının zənginləşdirilməsi işinin təkmilləşdirilməsi;
- Azərbaycan Respublikasında nəşr edilən çap məhsullarının beynəlxalq aləmə çıxışının, beynəlxalq kitab sərgi-yarmarkalarında iştirakın, ölkədə beynəlxalq kitab sərgilərinin keçirilməsinin təmin edilməsi və oxucu mədəniyyətinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi;
- gözdən əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün ədəbi-bədii, elmi və tədris kitablarının nəşrinin dəstəklənməsi.
6. Konsepsiyanın
həyata keçirilməsi
Konsepsiyanın səmərəli həyata keçirilməsinin əsas şərti onun reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.
Konsepsiya mədəniyyət sahəsində fəaliyyət istiqamətləri üzrə dövlət proqramları vasitəsi ilə həyata keçirilir.
Konsepsiyanın həyata keçirilməsi üzrə dövlət proqramları Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
Konsepsiyanın həyata keçirilməsi dövlət orqanlarının bu istiqamətdə fəaliyyəti ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının, mədəniyyət müəssisələrinin və mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının bu prosesə cəlb olunmasını şərtləndirir, dövlət büdcəsinin təminatı ilə yanaşı, xarici və yerli investorların cəlbini, alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqini nəzərdə tutur.
Konsepsiyanın icrasını Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi əlaqələndirir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabat təqdim edir.
Konsepsiyanın məqsədi kütləvi informasiya vasitələri və digər üsullarla ictimaiyyətə
çatdırılır.
Mədəniyyət. - 2014.- 23
iyul.- S. 6.