Bir ömürlük
xatirə...
Əməkdar artist Azər Mirzəyev istedadlı aktyor, sədaqətli dost,
qayğıkeş ailə başçısı idi
Nə xoş bizə və əbədi yaşam anlamında özünə də o xatirəni yaşadanlara.
Hələ sağlığında minlərin, milyonların qəlbində
taxt qurmağı bacaranlara.
Və nə xoş bu
fani dünyanı tərk etdikdə
özündən sonra bir
hərarət, işıq qoyub gedənlərə.
Bilmirəm niyə, amma hər zaman bir insanın itkisi, xüsusən onun sənət, yaradıcılıq sahəsindən köç etməsi qəribə, həm də özlüyündə türlü söz-sovdan da üstün sükut yaradır. Zaman üçün bu ani məqamda illər, əzab-əziyyətlər, yaşam və sənət adına uğur və bəzən də uğursuzluq dediyimiz o qədər məqamlar silkələyir ki yaddaşımızı. Hə, bax o ani tərpənişdən sonra qəlbimizi həmin itkinin hüznü sıxmağa başlayır. Alışmaq, o bitiş anına adət etmək çətin olur. Təbii ki, sonra əlahəzrət zaman bu yaranın da üzərini sarıyır və həyat yeni itkilərə qədər öz axını ilə davam edir...
İsti iyul günlərinin birində Azərbaycan incəsənəti daha bir itki ilə sarsıldı. Bu dəfə də hər kəs dərindən köks ötürüb heyhat, təəssüf, çox tez idi kimi ifadə hıçqırtılarına qərq oldu. Respublikanın Əməkdar artisti, istedadlı aktyor, ssenarist, fərqli üslublu qələm-sənət adamı və bütün bunlardan ümdə gözəl insan Azər Mirzəyev də dünyasını dəyişdi.
Unikal sənət meyarları olan Azər müəllimin aktyor prizması maraqlı idi. O, istənilən obrazda - istər tamaşalarında, istərsə də televiziya ekranından tez-tez bizə gülüş bəxş edən səhnəciklərdə, elə-belə söz-söhbətlərində də müəyyən mənada gözlənilməz aktyor idi. Qarşısındakı tamaşaçını ani reaksiyasından duyaraq ona ünvanlanmağı bacaran və ustalıqla ələ almaq qabiliyyətinə malik sənətkarlardan idi. Oynadığı rollarda ştamplardan qaçırdı, heç vaxt bir ideyanı, oturuşmuş oyun mexanizmini rəhbər tutmazdı. Onu səhnədə görənlər, rolunun miqyasından asılı olmayaraq, hər birinə sanki debütü, səhnədə ilk işi kimi yanaşan aktyorun səmimi və təbii həyəcanını da hiss etmiş olar.
Sənət ömrünün böyük bir hissəsini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirən aktyor burada müxtəlif xarakterli obrazlara sənət həyatı verib. O, gülüşündə, ən sadə yumoristik düşüncələrində də həqiqətin dramatik yükünü əks etdirə bilən aktyor idi. Hadisələrə qələmin gücü ilə reaksiya verib, onu həm də oyunlaşdırmağı bacaran aktyor bu mənada daim ən vacib məqamları qabarda və onu gülüşlə vura bilirdi.
Rollarında bədii cəhətdən inandırıcılığı əsas götürən aktyor emosionallığı ilə seçilən oyun tərzinə malik idi. Hər obrazına yaradıcı yanaşdığından məhdud bir mizanda manevr etsə belə oyununu mütləq göstərir, tamaşaçının yadında qalmağı bacarırdı. Səs tembri və biçiminə tərs-mütənasib dinamikası isə onun ifasını yaddaqalan etməklə yanaşı, təsir gücünü də artırırdı.
Aktyorluq məziyyətləri ilə yanaşı, gözəl həmkar, dost və ən əsası maraqlı həmsöhbət idi. Məsuliyyətli, üzərinə düşən işin öhdəsindən gəlməyi ustalıqla bacaran aktyorun bu keyfiyyəti onu müvafiq dövlət strukturunda işə çəkib aparmışdı. Mədəniyyət və Turizm Nazirliyinə dəvət olunan Azər Mirzəyev bir müddət İncəsənət şöbəsində məsul vəzifədə işləyib.
Bir zamanlar onunla bu qurumda çalışmış Əməkdar incəsənət xadimi, Azərbaycan Musiqili Teatrının direktoru Əliqismət Lalayev sənətkarın yaradıcılığından və yüksək insani keyfiyyətlərindən danışdı: Mən Azəri çoxdan tanıyıram. Tələbəlik illərində biz tez-tez Gənc Tamaşaçılar Teatrına gedərdik və Azər orada çıxışlar edərdi. Uzun illər həmin teatrın səhnəsində öncül rolları oynadı. Onun aktyorluqdan əlavə çox gözəl qələmi də vardı, maraqlı məqalə və ssenariləri diqqəti cəlb edirdi. Azər də məhz bu keyfiyyətlərinə görə nazirlikdə məsul işə dəvət olunmuşdu. Təbii ki, sonra yenidən çox sevdiyi teatra qayıtdı. Yaxşı dost, gözəl insan idi. Bəzən itkisinə alışmadığımız insanlar haqqında danışarkən onu tanıyanların qəlbində əbədi yaşayacaq kimi bir ifadə işlədirik. Bu gəlişigözəl söz deyil. Azər, həqiqətən də, bizim qəlbimizdə əbədi yaşayacaq.
Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov da sənətkar haqqında danışarkən kollektivin kədərini dilə gətirdi: Azər Mirzəyevin həyatının 30 ildən artıq dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlı olmuşdur. Bu gün onun haqqında keçmiş zamanda danışmaq bizim üçün ağırdır. İstedadlı aktyor, sədaqətli dost, qayğıkeş ailə başçısı idi. Səhnə fəaliyyətindən başqa onda peşəkar jurnalistlik, səlis nitq qabiliyyəti və mükəmməl aparıcılıq səriştəsi də var idi. Zahirən ciddi adam təsiri bağışlayırdı, amma güclü yumor hissinə malik idi. Səhnədə yaratdığı bütün obrazlarda bu keyfiyyət özünü büruzə verirdi. Amansız əcəl hələ bundan sonra neçə-neçə zəngin xarakterlər yarada biləcək bir insanı aramızdan vaxtsız apardı.
Aktyorla sənətdə və həyatda 40 il dostluq edən Xalq artisti Yasin Qarayevin də deməyə sözü çoxdur: O, çox həyatsevər və arzularla dolub-daşan, vətəninə, torpağına vurğun insan idi. Bu gün mədəniyyətimiz, teatrımız qiymətli bir incisini itirdi. Düzdür, ölüm labüddür, insan elə doğulanda öləcəyini bilir. Azər də bunu gözəl dərk edirdi. Amma həyatın şirinliyini xüsusən son illər daha israrla vurğulayırdı. Dostumun son dövrlərinə baxanda hiss elədim ki, o, yaşamaq istəyir. Danışa bilməsə də, bunu elə gözəl ifadə edirdi ki, insan həyatın ölümdən üstün olduğunu bir daha anlayırdı. Səhnəmiz dəyərli aktyorunu, mənsə həmdəmimi, sirdaşımı itirdim.
30 ildən artıq bir müddətdə onunla bir kollektivdə çalışan, dəfələrlə səhnədə tərəf-müqabil olan Əməkdar artist Almaz Mustafayeva da dərin təəssüf və kədərlə andı sənət dostunu: Onunla ünsiyyət adama hər zaman təbəssüm bəxş edirdi və o, həmin halı ilə də yaddaşımda qalacaq. Onu ölümündən bir gün əvvəl ziyarət etdim və həmin mənzərəni heç vaxt unutmayacağam. O, əslində hər şeyi anlayırdı, amma həyata sarılmaq, yaşamaq kimi hədsiz istəyi də var idi.
Həqiqətən də, yaşamağı
sevən bir aktyor, həm
də səmimi müsahib idi.
Onunla xəstəliyinin ilk
vaxtlarında, özü də
dünyasını dəyişən başqa
bir sənət dostu
haqqında xatirələrini dinləyərkən
yaddaşımda ilişib qalan
yaşam kodeksi bu gün yenidən öz reallığını göstərdi.
O, sanki dünən məhz bu gün üçün
danışırdı. Həm də özü
haqqında: Xəstəlik insan üçündür, insan
da xəstəlik üçün.
Həyatdır, alın yazısıdır, hər nə olursa olsun gərək insan həyatda hər şeyə hazır ola. Elə bu xəstəliyi
də gözləməsəm də normal
qəbul etdim. İnsanam
axı, robot yox. Elə obrazlar, elə rollar var ki,
insan onu canlı yaşayır. Bu da ürəkdir, dözmür. İllərin izi insan həyatında
təsirsiz ötüşmür.
Amma əsl sənətkar da unudulmur. Bu, həyatın qanunudur.
30 günün 25-ni səhnədə
olan Azər bu gün səhnədə
yoxdur...
Həmidə
Nizamiqızı
Mədəniyyət. - 2014.- 23
iyul.- S.7.