Azər Əlibala oğlu
Mirzəyev
Azərbaycan teatr ictimaiyyətinə itki üz vermişdir. İstedadlı aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti Azər Mirzəyev uzun sürən xəstəlikdən sonra 2014-cü il iyulun 19-da vəfat etmişdir.
Azər Əlibala oğlu Mirzəyev 1952-ci il mayın 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olmuşdur. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burada başa vurmuş və 1968-ci ildə SSRİ Xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunmuşdur. 1970-ci ildə sənədlərini Dövlət İncəsənət İnstitutunun “dram və kino aktyorluğu” fakültəsinə verərək bu ali təhsil ocağına qəbul olunmuşdur. İnstitutda Xalq Artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan aktyorluq sənətinin sirlərinə yiyələnmişdir.
1976-cı il oktyabrın 15-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. Teatrın səhnəsində Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” (Qürbət Musayev), Əhməd Orucoğlunun “Pul dəlisi” (Teymur), Əli Əmirlinin “Bala bəla sözündəndir” (İzzət Nəfisli), Abdulla Şaiqin “Danışan gəlincik” (Kərim), Əbdüləzəl Dəmirçizadənin “Dədəm Qorqud” (Qaraca çoban), Hüseynbala Mirələmovun “Yaddaş ağrısı” (Murad), Süleyman Sani Axundov, Abdulla Şaiqin “Qaraca qız” (Hüseynqulu bəy), Marat Haqverdiyevin “Ah qadınlar, qadınlar” (Kişi) tamaşalarında bədii cəhətdən inandırıcılığı, emosionallığı, hisslərin dərinliyi, zəngin ifadə vasitələri ilə səciyyələnən maraqlı obrazlar yaratmışdır.
Azər Mirzəyev milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı sənət uğurlarına görə 1998-ci ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
2006-cı il yanvarından Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəvət olunan Azər Mirzəyev İncəsənət şöbəsində məsul vəzifədə çalışmış, burada fəaliyyət göstərdiyi illərdə bir sıra dövlət tədbirlərinin təşkili və həyata keçirilməsində müstəsna rolu olmuşdur.
Nazirlikdə bir müddət işlədikdən sonra Akademik Milli Dram Teatrına direktor müavini vəzifəsinə təyin olunmuş A.Mirzəyev, səhhəti ilə əlaqədar öz ərizəsi ilə aktyor vəzifəsinə keçirilmişdir.
Azər Mirzəyev uzun illər Azərbaycan televiziyasında yayımlanan "Xoş gördük, tələbə", "Birimiz hamımız", "Biz romantiklərik", "Sabahın ustaları" və digər verilişlərdə aparıcılıq etmişdir. Onun çəkildiyi “Nekroloq” (2001), “Qeybdən gələn səs” (2002), “Dəvətnamə” (2003), “Yol yoldaşları” (2003), “Mükafat” (2004), “Böyük ömrün davamı” (2007), “Mürafiə vəkillərinin hekayəti” (2011), “Sübhün səfiri” (2012) və s. ekran əsərləri, eləcə də Dövlət Gənc Tamaşaçılar və Akademik Milli Dram teatrlarının səhnəsində yaratdığı bir-birindən maraqlı obrazlar qalereyası sənətkarın zəngin istedadının təzahürü olmuşdur.
Canlandırdığı obrazların yüksək bədii dəyəri və ifa etdiyi rolu özününküləşdirmək bacarığı istedadlı aktyoru xalqın sevimlisinə çevirmişdir. Azər Mirzəyevin xatirəsi onu tanıyanların qəlbində uzun müddət yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyi,
Azərbaycan Teatr Xadimləri İttifaqı
Mədəniyyət. - 2014.- 23
iyul.- S. 7.