Azərbaycan turizmi intibah dövrünü yaşayır

 

Turizm sivilizasiyalararası dialoq, diplomatiya və vətənpərvərlik işidir

 

Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti ilə dünyada tanınır. Muğamımız, xalçaçılıq, aşıq sənətimiz, Novruz bayramımız, tar ifaçılığı sənətimiz, çövkən oyunumuz UNESCO-nun qeyri-maddi mədəni irs siyahılarında yer alıb. Ölkəmizin gözəl təbiəti, iqlimi, təbii sərvətləri də bu mədəni zənginliklə vəhdət təşkil edərək Azərbaycan haqqında dolğun təsəvvür yaratmağa imkan verir. Ölkəmiz son 20 ildə yüksək iqtisadi tərəqqiyə nail olaraq regionda mühüm söz sahibinə çevrilib. Sivilizasiyalararası təmasın birləşmə nöqtəsi və tolerantlığın bariz bir nümunəsi olan Azərbaycanda müxtəlif millətlər və dini konfessiyalar mehriban şəkildə yaşayır. Son illər ölkəmiz beynəlxalq forumlara, festival və müsabiqələrə, konfranslara, digər mötəbər mədəni, iqtisadi, idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edib. Gələn il paytaxt Bakı I Avropa Oyunlarını qəbul edəcək.

 

Azərbaycan turizm məkanı kimi təbliğ olunur

 

Bütün bunların fonunda Azərbaycan artıq dünyada bir turizm mərkəzi kimi də tanınır. Bunun üçün ölkənin turizm fəaliyyəti ilə məşğul olan qurumları və turizm sənayesinin təmsilçiləri uzun bir yol qət etməli olublar.

Müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi, turizmdə də müəyyən durğunluq müşahidə olunurdu. Torpaqlarımızın işğal edilməsi, turizm üçün önəm kəsb edən ərazilərin dağıdılması bu sahənin inkişafına mənfi təsirini göstərirdi. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə iqtisadiyyatımızda böyük dönüş yarandı. Bir çox əcnəbi iş adamları ölkəmizə axın etdi. Bu, turizm sektorunun da təşəkkül tapmasına zəmin yaratdı. 1999-cu ildə «Turizm haqqında» qanunun qəbul edilməsi bu sahədə inkişafa təkan yaratdı. Hazırda Azərbaycanda 500-dən çox mehmanxana, 230-a yaxın turizm şirkəti fəaliyyət göstərir. Hər il ölkəmizə gələn turistlərin sayında da artım hiss olunur. Ötən il Azərbaycana 2,5 milyona yaxın qonaq gəlib.

Azərbaycan il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 20-dək beynəlxalq turizm sərgisində təmsil olunur, ölkəmizin turizm imkanlarını əks etdirən filmlər və reklam çarxları 2006-cı ildən etibarən dünyanın nüfuzlu televiziya kanallarında (CNN, "Euronews", "Travel Channel", BBC, CNBC, "National Geographic", TV5 MONDE və s.) yayımlanır. Müxtəlif ölkələrin turizm təmsilçiləri və media nümayəndələri üçün infoturlar təşkil olunur. 2014-cü ildə sərgidə 38 ölkədən 300-ə yaxın şirkət iştirak edib. Beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və başqa qurumlarla sıx əməkdaşlıq bu tanıtımın coğrafiyasını daha da genişləndirir. Bakıda ənənəvi olaraq keçirilən «AİTF» - Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə maraq ilbəil artır.

Ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması məqsədilə Azərbaycanda ən mükəmməl layihələrdən olan «Şahdağ» Qış-Yay Turizm Kompleksi və «Tufandağ» xizək kompleksi fəaliyyətə başlayıb. Bu nəhəng turizm məkanları həm yayda, həm də qışda turistlərin ixtiyarında olur.

Regionlarda yeni iş yerlərinin açılmasında da turizmin rolu olduqca əhəmiyyətlidir. Hətta ekspert hesablamalarına görə, bu istiqamətdə bütün potensialdan istifadə olunarsa, turizmdə çalışanlar məşğul əhalinin təxminən 10 faizə yaxınını təşkil edə bilər. Hazırda mehmanxanalarda çalışan işçilərin sayı 7700-ə, turistlərə bilavasitə xidmət edən işçilərin sayı isə 4800-ə yaxındır.

 

Kadr hazırlığı uğurla davam etdirilir

 

Turizmin inkişafını sürətləndirən və bu sahədə keyfiyyəti yüksəldən amillərdən biri də sahə üzrə kadr hazırlığı siyasətinin düzgün qurulmasıdır. Prezidentin müvafiq sərəncamına əsasən, turizmində kadr problemini həll etmək məqsədilə 2006-cı ildə Azərbaycan Turizm İnstitutu yaradıldı. Bu təhsil ocağının məzunları ölkəmizdə ilk dəfə olaraq ikili diplom - ATİ-nin və Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu ala bilirlər. Hazırda institutda 11 ixtisas üzrə bakalavr pilləsi üzrə 11, magistratura pilləsi üzrə 15 ixtisas tədris olunur. Eyni samanda ATİ-də doktorantura proqramı üzrə və ikinci ali təhsil proqramı fəaliyyət göstərir. İndiyədək ATİ-nin bakalavr pilləsi üzrə 995 nəfər məzun olub ki, onların da 93 nəfəri milli diplomla yanaşı, Krems Universitetinin də diplomunu alıb.

ATİ-nin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 500-dən yuxarı gənc peşə təhsili alır. Artıq regional turizm peşə məktəblərinin yaradılması məsələsi gündəmdədir. Çünki regionlarda turizm sürətlə inkişaf edir. Xüsusilə xidmət sahəsində kadrlara ciddi ehtiyac var. Ona görə də 2012-2016-cı illər ərzində Azərbaycanın əsas 5 rayonunda - Qusar, Zaqatala, Şəmkir, Göygöl və Masallıda ildə 200-250 şagirdi əhatə edəcək regional turizm peşə məktəblərinin yaradılması nəzərdə tutulur. Bu peşə məktəblərində regional ərazinin turizm ehtiyatlarına yönəlmiş kadrlar hazırlanacaq.

Bundan əlavə, 2006-cı ildə Mingəçevir şəhərində ölkəmizdə orta təhsilli turizm mütəxəssisi yetişdirən ilk kollec yaradılıb. Hazırda Mingəçevir Turizm Kolleci regionlar üçün ixtisaslı kadrlar yetişdirən böyük bir təhsil ocağıdır. Kollecdə 2 mindən çox tələbə təhsil alır. Həmçinin də Qəbələ rayonunda turizm və hotelçilik üzrə Peşə Tədris Mərkəzi fəaliyyət göstərir.

10 il ərzində turizm sahəsində çalışan işçilərin sayında 3.9, yerləşdirmə obyektlərində yerlərin ümumi sayında isə 3.4 dəfə artım olub. Azərbaycana gələn xarici turistlərin ölkəmizdəki xərcləri 2003-cü ildə 57,7 milyon dollar təşkil edirdisə, bu rəqəm 2012-ci ildə 1 milyard 479 milyon dollar olub. Bundan başqa, ölkə üzrə ÜDM-də turizmin çəkisi bu illər ərzində 2 dəfə artıb.

 

İnzibati yolla qiymət müəyyənləşdirmək mümkün deyil

 

Bu gün çəkinmədən deyə bilərik ki, Azərbaycan turizmi intibah dövrünü yaşayır. Təbii ki, inkişaf olan yerdə problemlər də olur. Hazırda qiymətlərin bahalığı əsas müzakirə mövzusudur. Amma nəzərə almalıyıq ki, turizm bazarında qiymət strategiyası tələb-təklif üzərində qurulur. Bu baxımdan getdikcə bu istiqamətdə də problemlər həllini tapacaq.

Turizm məkanlarında qiymətlərin baha olmasının bəlli səbəbləri var. Bəzən jurnalistlər Türkiyədəki 3 ulduzlu hotelin qiyməti ilə Azərbaycandakı 5 ulduzlu mehmanxananın qiymətini müqayisə edir, sonda da nəticə çıxarır ki, bizdə qiymətlər bahadır. Axı bu düzgün müqayisə deyil. Digər tərəfdən, əgər bu, turizm və xidmətlər bazarıdırsa, burada hər kəsin öz büdcəsinə uyğun yer seçmək imkanı var. Əgər standartlardan danışırıqsa, dünyanın bütün ölkələrində 3, 4 və 5 ulduzlu mehmanxanalarda limitli bir intervalda eyni qiymətlər təklif edilir.

Amma etiraf etmək lazımdır ki, bu qiymətlərin qarşılığında bizdə təklif edilən xidmətin keyfiyyəti ürəkaçan deyil. Üstəlik, bizim istirahət məkanlarımızda əlavə xidmətlərin sayı azdır. Bu səbəblərdən də Azərbaycanın istirahət məkanlarında təklif edilən qiymətlərin baha olması ilə bağlı fikirlər yaranır. Bir faktı da qeyd edim ki, hazırda Qəbələdə və Nabran istiqamətində 30-a yaxın xidməti əhatə edən paket qiymətlər təklif olunur. Hesab edirəm ki, bu bir başlanğıcdır.

Fikrimcə, heç bir inzibati yolla qiymət müəyyənləşdirmək mümkün deyil. Əlaqədar qurumlar, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi yalnız tövsiyə verə bilər. Digər tərəfdən, bütün problemlərin yükünü nazirliyin üstünə atmaq da doğru deyil. Mövcud problemlərdə ictimai sektorun da məsuliyyəti var. Əgər deyiriksə ki, turizm xalq təsərrüfatının 30-a yaxın sahəsi ilə sıx əlaqəlidir, deməli, qiymətlərdən danışanda onun maya dəyərinə təsir edən amillər haqqında da danışmalıyıq. Adi bir misal. Alma Qubanın brendidir. Bu rayondan istirahətdən gələn insan istəyir ki, yol kənarındakı satış yerlərindən alma alsın. Amma baxır ki, almanın qiyməti Bakıdakından 3-4 dəfə bahadır. Eyni fərq ət və ət, süd məhsullarında da mövcuddur. Turizm xidmətlər bazarıdır və istər-istəməz bu kimi amillər də sonda mehmanxana və istirahət mərkəzlərindəki qiymətə öz təsirini göstərir. Bundan başqa, Azərbaycanda turizmin mövsümi olması də qiymətə təsir edir. Yay mövsümünə, təxminən iki ayda sahibkarlar mümkün qədər çox gəlir əldə etməyə çalışırlar.

 

Regionlarda normal rəqabət mühiti formalaşır

 

Aparılan təbliğatın, görülən işlərin nəticəsi yoxdur demək doğru olmaz. Bir neçə il əvvəl tanınmış turizm regionlarımızda tək-tük mehmanxanalar fəaliyyət göstərirdi. Onlar da istədikləri qiyməti təklif edirdilər.

Amma bu gün demək olar ki, Azərbaycanın bütün regionlarında çoxlu hotellər, istirahət mərkəzləri var. Onlar daha çox müştəri cəlb etmək üçün müxtəlif üsullara əl atırlar: daha aşağı qiymət təklif edirlər, əlavə xidmətlərin sayını artırırlar və s. Bu isə sonda hər kəsi məmnun edə biləcək bir nəticəyə - aşağı qiymətə gətirib çıxaracaq. Çünki normal bir rəqabət mühiti formalaşır.

Bir neçə il əvvəl turistin ödədiyi məbləğə yalnız səhər yeməyi daxil idisə, bu gün həmin məbləğ daxilində istifadəçi digər imkanlardan da yararlana bilir. Son üç il ərzində ölkə vətəndaşlarının Azərbaycanın dilbər guşələrinə daha çox üstünlük verməsi diqqəti cəlb edir. Əvvəllər vətəndaşlarımızın böyük hissəsi turizm şirkətlərinə müraciət etmədən ölkənin müxtəlif bölgələrinə səfər edirdilər. Bu gün isə vəziyyət dəyişib. 2012-ci ildə 225 min vətəndaş ölkədaxili turizm marşrutundan istifadə etmişdisə, ötən il bu rəqəm 370 min olub.

 

Problemləri birlikdə həll etməliyik

 

Azərbaycanda turizm sektorunun daha da inkişaf etməsi, problemlərin koordinasiyalı şəkildə həll olunması üçün bəzi məqamlara diqqət yetirilməlidir. Düşünürəm ki, ilk öncə Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən təşkilatlar, o cümlədən Azərbaycan Turizm Assosiasiyası, Bakı Turizm İnformasiya Mərkəzi, «Skal Bakı» klubu, Sağlamlıq Termal Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu və digər qurumlar bir-biri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Həmin ictimai təşkilatların birləşməsi ona görə lazımdır ki, qeyri-peşəkarlara qarşı bəlli bir ictimai qınaq olsun. Çünki hər hansı bir turizm təşkilatının yerli və ya xarici turistə xidmət zamanı vurduğu maddi və mənəvi ziyandan ümumilikdə ölkə turizminin imici zərər çəkir. Bu, gələcəkdə yaranacaq problemlərin qarşısını almaq üçün lazımdır.

Bu gün turizm mediasının inkişaf etdirilməsinə də ehtiyac var. Düşünürəm ki, jurnalistlər üçün yay məktəblərinin təşkili bu baxımdan çox əhəmiyyətli olardı. Burada turizmlə bağlı xüsusilə araşdırmalar aparan zaman hansı məqamlara diqqət yetirmək lazım olduğu, sahənin inkişafına mane olan səbəblər barədə onlara məlumatlar verilməlidir. Yaxşı olardı ki, jurnalistlərimiz ingilis və rus dillərində maraqlı yazılar hazırlaya bilsinlər ki, dünyanın aparıcı saytları onları işıqlandırsın. Fikrimcə, bu, Azərbaycan turizminin təbliğinə bir töhfə olardı. Bu təcrübə digər ölkələrdə də mövcuddur.

 

Ruslan Quliyev,

"Millennium Tourism & Congress DMC"nin direktoru

 

Mədəniyyət. - 2014.- 23 iyul.- S. 10.