“Bakıda
Türkiyə mədəniyyəti həftəsinin uğurla gerçəkləşəcəyinə
əminəm”
“Çox
zəngin tədbirlər proqramı hazırlanır. Türk filmlərinin nümayişi,
konsertlər, Azərbaycan və Türkiyə
aşıqlarının birgə çıxışı olacaq. Foto, rəsm, əl
sənətləri sərgilərimiz də nəzərdə tutulub”
Bu
ilin sentyabr ayında Bakıda Türkiyə mədəniyyəti
həftəsi keçiriləcək. Zəngin proqram çərçivəsində rəsm
və foto sərgisi, kino,
teatr, musiqi təqdimatları
olacaq. Türkiyənin Azərbaycandakı
səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd
Arslanla müsahibəmizdə bu layihə ilə yanaşı, son illər iki qardaş ölkə arasında mədəni əlaqələrin
inkişafı, qarşılıqlı tədbirlər barədə
danışdıq. Söhbətə bu
yaxınlarda Türkiyənin bir neçə
abidəsinin UNESCO-nun Dünya
İrs Siyahısına daxil
edilməsindən başladıq. Həmsöhbətim bu əlamətdar hadisə barədə məlumat
verdi:
- İyunun 15-dən 25-dək Qətərin Doha şəhərində UNESCO-nun Dünya İrsi Komitəsinin 38-ci sessiyası keçirildi. Sessiyada Türkiyədən iki abidə - “Bursa Cumalıkızık - Osmanlı imperatorluğunun yaranışı” və "Çoxqatlı mədəni peyzaj yeri” - İzmirin Berqama bölgəsi Dünya İrs Siyahısına salındı. UNESCO-nun 1972-ci ildə qəbul etdiyi və 191 ölkənin qoşulduğu "Təbii və mədəni irsin qorunması haqqında müqavilə"yə əsasən, Türkiyədən indiyədək bu siyahıda 11 yer almışdı və indi onların sayı 13-ə çatdı. Son iki nümunə zəngin tarixi-mədəni qatları özündə yaşadır. Osmanlı dövlətinin ilk paytaxtı olan və imperatorluğun quruluş dövrünə aid bir çox tarixi əsəri saxlayan Bursa, sənayesi və təbii gözəllikləri ilə də önə çıxmaqdadır. Bursanın 700 illik keçmişə sahib olduğu Cumalıkızık kəndində Osmanlının erkən dövrünə aid tikililər günümüzə qədər qorunub saxlanmışdır. Bursa və Cumalıkızık ticarət mədəniyyəti və şəhərə yaxın çöl həyatının davamlılığı ilə Osmanlı həyat vizyonuna gözəl bir nümunə təşkil etməkdədir və altı tarixi komponentdən ibarətdir. Siyahıya daxil edilən digər nümunə mədəni irsi və zənginlikləri ilə İzmirin tarixə açılan qapısı olan Berqamadır. Bu yer antik dövrdə Perqamon adı ilə xatırlanır və Helenistik dövrün (qədim Yunanıstanda e.ə. IV əsrdən - Makedoniyalı İsgəndərin ölümündən sonra başlanan tarixi dövr - red.) ən əhəmiyyətli mədəniyyət və sənət mərkəzlərindən biri sayılmaqdadır. Helenistik dövrün ən böyük kitabxanalarından birinin qurulduğu Berqama “Mədəni peyzaj” kateqoriyasında siyahıya daxil olundu. Helenistik, Roma, Şərqi Roma və Osmanlı dövrlərinə aid layları içərisində saxlayan Berqama akropol, ətrafında yeddi sahə olmaqla doqquz komponentdən ibarətdir.
- Maraqlıdır, UNESCO-nun
Dünya İrs Siyahısına Türkiyədən daha
hansı abidələr namizəddir və ümumiyyətlə,
bu amil ölkənin mədəni həyatında necə rol
oynayır?
- Tarixi və
mədəni zənginlikləri baxımından əvəzsiz
imkanlara sahib olan Türkiyənin 2 qarışıq (mədəni-təbii),
1 təbii və 49 mədəni irs
nümunəsi olmaqla 52 abidəsi UNESCO-da dünya irsinin müvəqqəti siyahısında yer almaqdadır. Zaman-zaman
bir çox mədəniyyətlərin
mövcud olduğu
Türkiyədə bu abidələrdən
bəziləri hazırda açıq havada
muzeylər formasında fəaliyyət göstərir. Demək
olar ki, hər il UNESCO-nun bəşəri
irs siyahısına Türkiyədən tarixi nümunələr daxil
edilir. Doha
toplantısında qəbul edilən bu qərar
da Türkiyə üçün
çox önəmli oldu.
Türkiyədə turizmin inkişafı,
ölkəyə maraq yaradan
yerlərin kəşf edilməsi, tanıtımı
baxımdan da bu
addımlar çox mühümdür.
Təbii ki, artıq turizm
sadəcə dəniz, çimərlik turizmi
anlayışından çıxıb, mədəniyyət, tarix, təbii gözəlliklər, hətta konqres, sağlamlıq turizminə qədər
inkişaf edib. Bir sözlə, bu sahədə
alternativlərimiz çoxalıb. Türkiyə dünya turizminə öz
yerini haqq edərək,
həm də bu sıraya öz
tarixi zənginlikləri ilə qoşulub. Deyərdim ki,
ölkəmiz bu sahədə çox zəngin və şanslıdır. Bunun davamı olacaq və inşallah bayaq
adını çəkdiyim tarixi abidələr
də UNESCO-nun siyahısına daxil olacaq.
- Bildiyiniz kimi, Azərbaycanda da
UNESCO-nun irs siyahısına daxil olan abidələr var...
- Mən Bakıya gələn qonaqlarımı
imkan olduqca həmin
yerlərə aparır və bu abidələrlə
- Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı ilə tanış
edirəm. Belə yerlərdə olduqda
insanın ruhu dincəlir. Ticarət mərkəzlərində
çox gəzib zövq
almaq olmur, amma, məsələn, Qız qalasının
yanında əyləşib bir stəkan çay içmək, tarixi
abidənin içərisini gəzmək insana
ayrı bir dinclik gətirir.
Azərbaycanın bölgələri də tarixi-mədəni
baxımdan çox zəngindir. Məsələn,
götürək Şəkini. Azərbaycana gələn hər
bir Türkiyə vətəndaşı
Şəkini görmək istəyir. Çünki
bu şəhər öz
tarixi xüsusiyyətləri ilə bir cazibə yaradır və insanları
özünə cəlb edir. Bu tarixin qorunması, gələcək
nəsillərə ötürülməsi ölkənin dünyaya tanıdılması
baxımından da çox
önəmlidir. Bunun üçün
belə abidələrin qiymətini bilməliyik.
- Bir qədər də fəaliyyətinizdən
bəhs edək. Son vaxtlar
Azərbaycanda keçirilən beynəlxalq mədəniyyət
tədbirlərinə, festivallara hansı
layihələrdə qatılıbsınız?
- Biz iki qardaş xalqımız arasında heç bir fərq görmürük. Azərbaycana Türkiyədən gələn hər bir sənətçi qrupunu insanlar bağrına basır. Bu bizim məsuliyyətimizi daha da artırır. Azərbaycanda keçirilən tədbirlərlə bağlı bizim səfirliyimizə gələn dəvətlərin heç birini diqqətsiz qoymadıq və hamısında iştirak etdik. Masallıda keçirilən beynəlxalq folklor festivalında iki ildir ki, Türkiyənin tanınmış folklor qrupları təmsil olunur. Bu ilin iyununda gerçəkləşən festivala Dövlət Xalq Rəqsləri Qrupu ilə qatıldıq və kollektivin çıxışı böyük maraqla qarşılandı. Əlbəttə, bu amil qarşıdakı illərdə çiyinlərimizə belə tədbirlərə daha böyük səylə qatılma məsuliyyətini qoyur.
Şəkidə keçirilən ənənəvi “İpək Yolu” musiqi festivalına da müxtəlif layihələrlə, kollektivlərlə qatılırıq. Burada xüsusi bir məqamı vurğulayım ki, bu gedişlə Şəki qarşıdakı illərdə bir mədəniyyət şəhəri olacaq. Tarixi xüsusiyyətləri və mədəni fəaliyyətləri ilə bütünləşən Şəki təkcə Azərbaycanda deyil, dünyada da diqqət çəkən bir şəhər olmaq yolundadır. Ötən il “İpək yolu” festivalına TRT-nin “Axşam səfası” musiqi qrupu ilə qatıldıq və çox yüksək səviyyədə qarşılandıq. Builki festivala İstanbul Dövlət Muzik Modern Folk qrupunu gətirdik ki, eyni qarşılanmanın şahidi olduq. Əgər qarşıdakı illərdə də bizi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi beynəlxalq tədbirlərə dəvət edərlərsə, bu tədbirlərə qatılmağı özümüzə borc bilərik.
- Ötən il ölkəmizdə
Türkiyə mədəniyyəti günlərinin
keçirilməsi planlaşdırılsa da, baş
tutmadı. Yaxın vaxtlarda belə bir mədəniyyət tədbirinin
keçirilməsi gözlənilirmi?
- Bu ilin
sentyabr ayında Bakıda Türkiyə mədəniyyəti
həftəsi keçirməyə hazırlaşırıq. Çox zəngin proqram olacaq. Türk filmlərinin
nümayişi, konsertlər, o cümlədən mehtər orkestrinin
konserti, aşıqların
çıxışı olacaq. Bu proqramı Azərbaycan
aşıqlarının birgə iştirakı əsasında
planlaşdırırıq. Foto, rəsm, əl
sənətləri sərgilərimiz də nəzərdə tutulub. Bir sözlə, zəngin
proqram üzərində
çalışırıq. Bunu
Türkiyə Mədəniyyət və Turizm
Nazirliyi ilə müzakirə edərək
tədbirlərin proqramını Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinə vermişik.
Bakıda Türkiyə mədəniyyəti həftəsinin çox uğurla baş tutacağına əminəm.
- Son vaxtlar Azərbaycanla Türkiyə
arasında “Qardaş şəhərlər” layihəsi də
genişlənməkdədir. Qarşılıqlı əlaqələrdə,
xalqlarımızın bir-birini daha yaxından tanımasında bu layihənin əhəmiyyətini necə görürsünüz?
- Türkiyədə Azərbaycan mənşəli
çoxlu vətəndaşlar
yaşayır. Biz Azərbaycanın
Türkiyədə bir ölkə olaraq daha yaxından
tanınmasını istəyirik. 77 milyon əhalisi
olan bir ölkədə
çoxlu fəaliyyətlər həyata
keçirmək, daha çox
şəhərlərə getmək lazımdır. Bu mənada xüsusilə də, “qardaş şəhər” münasibətlərinə
önəm verirəm. Ona görə ki, şəhərlərin bir-birini
tanıması lazımdır. Məsələn, Məram ilə
Şəki qardaşlaşmış şəhərlərdir.
Məramda bir park
salıb və adını da Şəki qoyublar. Bu şəhərdə
Azərbaycan və Türkiyə bayraqlarının
yanaşı asılması, Şəki adına da park salınması
önəmli hadisədir və insanlar da bunu görür.
Bundan başqa,
Sumqayıtla Samsun, Masallı ilə
Sandıklı, Bakı ilə İzmir, Abşeronla Bursanın İldırım
ilçəsi arasında da dostluq var ki,
bunun artırılması lazımdır.
- İki ölkənin turizm əlaqələri,
bu sahədə əməkdaşlıqla bağlı hansı
yeniliklər var?
- Turizm əlaqələrimizin,
əməkdaşlığımızın ən gözəl
nümunəsi kimi Türkiyədən
mütəxəssisləri Azərbaycana gətiririk və Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi ilə hotel və restoranlarda işləyənlərə treninqlər
təşkil olunur. Məsələn,
bu yaxınlarda İsmayıllıda və
Xaçmazda treninqlər oldu.
Yəni biz iki ölkənin
nazirlikləri arasında təməli olan
proqramları həyata keçiririk.
Önümüzdəki aylarda Bakıda
sağlıq turizmi üzrə konfrans keçirəcəyik.
- Tez-tez bölgələrimizə
səfər edirsiniz. Bu yaxınlarda sizi Tovuzda əsgərlərimizin
arasında gördük...
- Bu mənim Azərbaycana bağlılığımdan, sevgimdən qaynaqlanır. Azərbaycanda olduğum müddətdə mədəniyyət və turizmlə bağlı keçirilən bütün tədbirlərdə iştirak etmişəm. Amma mənə sual versələr ki, bunların içərisində sizə ən çox təsir bağışlayan hansı hadisələrdir, ilk olaraq cəbhə bölgəsində əsgərlərlə keçirdiyim anları deyərdim. Biz rayon kitabxanalarına Türkiyədən gətirdiyimiz kitabları hədiyyə edirik. Bu layihəni Tovuzda da həyata keçiririk və eyni zamanda bu kitabları əsgərlərin kitabxanasına təqdim etdik. Əsgərlərlə söhbət etmək, onlarla göz-gözə gəlmək mənə ayrı bir əhval gətirir. Şəkidə keçirilən tədbirə dəvət edilən İstanbul Dövlət Muzik Modern Folk qrupunu da Tovuza, əsgərlərin yanına apardıq. Düşünürəm ki, əsgərlər bu konsertdən ayrı bir zövq aldılar. Belə tədbirlər gələcəkdə də davam edəcək.
Mehparə Sultanova
Mədəniyyət. - 2014.- 23
iyul.- S. 11.