389000“1”-ci kitab...

 

Hələ yazılası, gec-tez oradakı 389000 “bilik mənbəyi”nin sırasına qoşulası kitab...

 

...Yəqin, min illərdir yazılmış milyardlarla kitablardan bir-ikicəsini mütaliə etmiş oxucular da başa düşdülər ki, bu başlıqda söhbət nədən gedir. Qalır konkret ünvan və qəhrəman(lar). Yəni “haradan və kimlərdən” məsələsi ki, burada frazeoloji bənzətmə-sinsitmələrə yol vermək olmaz. Beləliklə; Füzuli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindən və təbii, dünya üzrə bu ən bəşərpərvər sahənin sözügedən məkandakı fədakarlarından...

Min illərdir yazılmış kitabların kifayət qədərini oxumuş buralılar qaçqınlıq, köçkünlük, didərginlik kimi olayların dünyəvi “fəlsəfə” olduğunu çoxdan bildiklərindən, bu gün burada dünənin ağrılarından çox, sabahın çağrıları ilə yaşayırlar. Mənim həmsöhbətlərim isə daha dərin məqamlara toxunurlar. Xüsusən də MKS-nin direktoru Lətifə Xudaverdiyeva. 1959-cu ildə rayonun Arayatılı kəndində - yaxın keçmişin bütün Sovet İttifaqıyca məşhur əmək qəhrəmanı Şamama Həsənovanın obasında doğulmuş bu ali təhsilli, “fəxri fərman”lı, natiq xanım öz ətrafına Səadət Hüseynova (xidmət şöbəsinin müdiri), “ilin kitabxanaçısı” (2013) titullu Sevinc İsmayılova (informasiya-resurs şöbəsinin müdiri), Kəmalə Quliyeva, Pərişan Səfərova, Kəmalə Aslanova (informasiya-resurs, avtomatlaşdırma şöbələrinin işçiləri) kimi işgüzar-intellekt qızlar toplayıb, zəhmətkeş camaata mədəni-irfani xidmət etməkdədir.

Deyim ki, bu səviyyəli, bu amal-əqidəli adamlarla ünsiyyət tək elə kitabxana oxucuları üçün deyil, jurnalistlərçün də çox xoşdur. Mən onların geniş diapazonlu söhbətlərindən, dəqiq informasiyalarından bu qənaətə gəldim ki; düşüncələrində “ümummilli lider strategiyası”na tapınan, cari iş-güclərində “çağdaş prezident taktikaları”na əsaslanan ölkə əhalisinin bu bölgə qismi rayon İcra Hakimiyyəti başçısının təşkilatçılığı ilə “dosta tərz, düşmənə dərs” verməkdədir.

 

Bu “dərs” çox universal...

 

Bu dərsin mətni spektri çox geniş olduğundan, əsas “paraqraf”larını xatırlatmalı oluram:

Göylərə az qala düşmənin marığa yatdığı məsafə qədər ucaldılmış üçrəngli bayrağımız. Müstəqilliyimizədək “ilanmələyən”, “gözdağlayan” təşbehlərilə ismarlanan İrəmə dağları ətəkləriycə salınmış yaşıllıqlar. İşğaldan sonra bu rayonun inzibati mərkəzini - zaman-zaman Qarabulaq, Malakan, Qaryagin adlarını daşımış Füzuli şəhərini əvəz edən Horadizin giriş-çıxışlarındakı çilçıraqbanlıq. Dünənki “qəsəbə”likdən əsər-əlamət qalmamış yeni mərkəzin maddi-mənəvi mədəniyyət rəmzi kimi qərarlaşan “Muğam evi”. Bütün ictimai-kütləvi, rəsmi, xəlqi tədbirlərə yarıyan yaraşıqlı mədəniyyət sarayı. Qədirbilənlərin dillərində “avtomobillərə sürət, sürücülərə ləzzət” kimi ifadə olunan mərkəzi prospekt, sakinlərin baxışlarına naxış təsiri bəxş edən ara-bərə yollar. “Həm yaraşıq, həm dolanışıq” qəbilli ticarət və ictimai-iaşə obyektləri. Və bütün bunları operativ-informativ, bədii-publisistik şəkildə işıqlandıran “Qayıdış” qəzeti (bir vaxtlar bir neçə rayonu əhatə edən məlum və məşhur “Araz” qəzetinin bazası əsasında).

Bu maraqlı və məlumatlı həmsöhbətlərimdən birbaşa özlərilə bağlı, ictimai-məxsusi iş-güclərinə dairsair faktlar da eşitdim. Bəlli oldu ki, 1948-ci ildə “Mərkəzi Kitabxana” adıyla yaradılmış hazırkı Mərkəzləşdirilmiş Kitabxana Sistemi işğaldan öncə öz ətrafında 389000 fondu olan 91 kitabxana filialını birləşdiribmiş, kafərlərin (yəni kitabsızların!) məlum hücumu zamanı isə bütün bunlar büsbütün məhv edilmiş...

Bəs sonra? Sonra... bir ağzıdualı oxucu-nənənin diliycə desək, “...dəftər-kitablara sığmayan Əliyev Heydər Dədə başımızın üstünə qayıdannan sonra hər mətləbimiz kimi, xana-xana kitabxanalarımız da düzəldi”.

Bəli, ötən onilliyin ortalarından başlayaraq bu rayondakı kitabxanalar şəxsi evlərdən ictimai binalara, 2010-cu ildə isə Birinci Zobucuq qəsəbəsindəki Klub İcma Mərkəzinə köçürülür.

Söz sözü çəkdikcə öyrənirəm ki, ərazisinin 75 faizi işğal altında olan rayonun 91 kitabxanasından 48-nin fəaliyyəti dondurulub...

Deməli, nə? Heç” nə, tarixən işlətdikləri dilimizinyer məni!”, “yer mənim!” ifadələrinin assimilyasiyasından formalaşmış erməni də “daxil” - bəşəriyyətə ağıl, mərifət-mədəniyyət öyrədən kitablar da, insanlar kimi, işıqlardan zülmətlərə düçar edilib!..

Danışıqları hərdən “sarı sim” üstdə də köklənən həmsöhbətlərim ölkə Prezidenti İlham Əliyevin sərəncam və göstərişlərilə rayonun işğaldan azad olunmuş ərazilərində biri-birindən yaxın-uzaq məsafələrdə salınan 19 yeni qəsəbə faktını böyük vətəndaşlıq fəxarətilə vurğuladılar. Və ardınca da pauzalayıb-durğuladılar ki, 50 minə yaxın əhalisi olan həmin ünvanların da kitabxanalara ehtiyacı var...

Bütün digər sənət-peşə adamlarının ən ortaq mənəvi qida mənbəyi hesab edilən bu sahənin bu növbəti konkret obyektində ümumhəngi bir mövzuda da gəzişdik ki, bunun yarımbaşlıq adı -

 

Kitab haqqı...

 

Danışdıq ki, kitabın yaradılmasına qədər çox izsiz-tozsuz dövrlər keçibgörün, yalnız “yaddaş”, “ağız”, “zehin”, “folklorkimi şifahiliklər çağlarında nə qədər mədəniyyətlər, ədəbiyyatlar, sevgilər, nifrətlər it-bata düşüb...

Suallaşdıq ki, kitab insana nə öyrətməyib və belə birortaq məxrəcə” gəldik: bunu mənfi cavablandırmaq üçün gərək kitabdan xəbərsiz insan da ola...

Dedik, bu susqun əşyalardan bunu da öyrənmişik ki, tarixən bəşəri məşğuliyyətlərin hər sahəsində fəhmli, qabiliyyətli, istedadlı insanlar olub, var, olacaq, amma qabiliyyətsizlərlə müqayisədə onların sayı çox az olur; qatığa nisbət qaymaq, bütün filizlərə nisbət qızıl, kütlələrə nisbət “kəllə”lər qədər az. Həmin azlar yaradır, çoxlar yarınır...

Həmin o “çəkidə yüngül, vəzndə ağır” canlı azlar kitabı da yaratdılar ki, bunun haqqı yerdə qalan bütün maddi-mənəvi nemətlərin hamısının haqqından çox...

Təəssüfləndik ki, bu gün yalnız bir qisim təşkilat və şəxsi təəssübkeşin sevdirməyə can atdığı, müxtəlif sərgi, yarmarka və digər tədbirlərlə imicini bərpa etməyə çalışdığı kitablar sayəsində ixtira olunmuşxanalarda çalışanların da bəziləri öz müasir məşğuliyyətlərinin böyük sələflərinə - kitaba naxələflik edirlər.

Rəngarəng “maddə”-qənaətlərimizlə “birgə bəyanat”ladıq ki, “dilsiz-ağızsız” kitablar haçansa - kağızsız-kuğuzsuz vasitələrə rəğmən arxivlərə gömülsə də, onların haqqı yenə hər şeyinkindən çox olacaq. Tək elə “bilik mənbəyi”, şöhrət-mənsəb tramplini yox, həm də and yeri olan kitabın! Yəni, heç vaxt “vəzifə haqqı”, “pul haqqı!”, “var-dövlət haqqı!”, lap elə “qəzet haqqı!”, “TV haqqı!” deyə and içilməyəcək. Amma hamımız hər zaman halal-haqq insanlar çevrəsində belə bir and da eşidirik: “Kitab haqqı!..”

 

Və nəhayət...

 

başlıqda dırnaq işarəsi içərisində verdiyim okitabhaqda.

Hələ yazılmamış, işğalöncəsi ümumi rəflərindəki 389000 kitabın cərgələrinə qoşulmamış bu “kitab”ın bədbin epizodları, nikbin mövzuları hələ ki füzulililərin qəlblərində, qələmlərində. Bir parası hələ də dərbədər füzulililərin. Şəhidlərinin qanı hələ də yerdə, itkinlərininki darda, girovlarınınkı xarda qalmış bu növbəti elatlılarımızın. Hələ də ulu adaşının - Məhəmməd FüzulininOyadar xəlqi əfğanım, - Qara bəxtim oyanmazmı” əcrlərilə yatıb, olu şairlərindən Təvəkkül Qurbanın “Dağlara o qədər həsrət qalmışam, Heç kimə demərəm ahın dağlara” hicrlərilə oyanan qarabağlılarımızın...

Amma... həm də - öz qayğıları, sərəncamları ilə sosial həyatlarını gülüstana döndərən ölkə Prezidenti tərəfindən günlərin birində Ali Baş Komandan kimi hərbi ağrılarına son verəsi həmvətənlərimizin...

 

Tahir Abbaslı

 

Mədəniyyət. - 2014.- 23 iyul.- S. 13.