Azərbaycan Kinosu Günü qeyd ediləcək
Nizami Kino Mərkəzində
"Nabat" bədii filminin
təqdimatı olacaq
Hər il avqustun 2-si ölkəmizdə
kino işçilərinin peşə
bayramı kimi qeyd olunur. Azərbaycanda kinonun
tarixi 1898-ci il avqustun 2-də Bakıda ilk
dəfə kinosüjetlərin kütləvi nümayişi
ilə başlanıb.
Həmin gün şəhər sakinləri fotoqraf Aleksandr Mişonun lentə aldığı üç sənədli xronikaya - “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paraxodunda yolasalma mərasimi, “Qafqaz rəqsi” və bir məzəli süjetə (“İlişdin” - Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalat) tamaşa ediblər. Beləcə, Bakıda incəsənətin yeni növünün - kinematoqrafın əsası qoyulub. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının mədəni inkişaf sahəsində kino işçilərinin xidmətlərini və ölkəmizdə çəkilmiş kinosüjetlərin ilk kinoseansının həyata keçirildiyi tarixi nəzərə alaraq bu günün qeyd olunması barədə sərəncam imzalayıb. 2000-ci il 18 dekabr tarixli 558 saylı sərəncamla 2 avqust Azərbaycan Kinosu Günü elan edilib.
Avqustun 1-də Nizami Kino Mərkəzində kinematoqrafçıların peşə bayramı münasibətilə tədbir keçiriləcək. Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə istehsal olunmuş "Nabat" bədii filminin təqdimatı olacaq.
Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat (İran), prodüseri Müşfiq Hətəmovdur.
Filmdə Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev, Həsənağa Səfərov və başqaları rol alıblar.
Tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılacaq. Həmçinin "yenifilm.az" gənclər üçün kino müsabiqəsinin qalibləri elan olunacaq.
Mərkəzin foyesində Dövlət Rəsm
Qalereyası tərəfindən hazırlanmış sərgi
nümayiş etdiriləcək. Sərginin
ekspozisiyasına müxtəlif illərdə lentə
alınmış Azərbaycan filmləri üçün
çəkilən dekorasiyaların və geyimlərin eskizləri
daxildir.
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 2.