Qəbələ dünya
musiqiçilərini bir araya
gətirib
Festival artıq ənənəyə çevrilmiş musiqi
bayramı olmaqla yanaşı, həm də
mədəniyyətlərarası dialoqa böyük töhfədir
İyulun 23-də Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Azərbaycanda növbəti möhtəşəm incəsənət
bayramının - VI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli
açılış mərasimi olub.
Musiqi bayramında Rusiya, Türkiyə, Cənubi Afrika Respublikası, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna, Koreyadan məşhur dirijorlar, musiqiçilər və kollektivlər - Yohannesburq filarmonik orkestri (CAR), İsrailin "Brass kvintet", "Kiyev solistləri" milli kamera orkestri, Vyana akademik orkestrinin solistləri, Tel-Əviv baleti, eləcə də Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və başqaları iştirak edirlər. Festivala Azərbaycanın tanınmış musiqiçi və kollektivləri də qatılıb. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.
Mədəniyyət
tariximizdə yeni ənənə
Mərasimdə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynamış Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Məktubda deyilir: “Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi - VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Əsrlər boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətin mövcud olduğu Azərbaycanda tamamilə bənzərsiz bir mədəni məkan formalaşmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya bu gün də Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr bizim üçün çox dəyərlidir. Nüfuzu ildən-ilə artmaqda olan və hər il dünyanın ayrı-ayrı ölkələrindən istedadlı musiqiçiləri bir araya gətirən Qəbələ Beynəlxalq Musiqi Festivalı da artıq milli mədəniyyətimizin tarixində ənənəyə çevrilmiş musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk.
Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram”.
Festival ölkəmizin
musiqi mədəniyyətini
dünyada tanıdır
Sonra festivalın bədii rəhbərlərindən biri,
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti
Fərhad Bədəlbəyli
və Azərbaycan Ağsaqqallar Şurasının
sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək
musiqi bayramına gəlmiş qonaqları, iştirakçıları Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından salamlayıblar və festivalın işinə uğurlar arzulayıblar.
Qeyd olunub ki, Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri
layihələr həyata
keçirir. Azərbaycan mədəniyyətinin təbliğinə xidmət
edən bu festival eyni zamanda ölkəmizin
musiqi ənənələrinin
dünyada tanıdılması
üçün bir vasitədir. Mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Qəbələdə beynəlxalq
musiqi festivallarının
keçirilməsi artıq
gözəl bir ənənəyə çevrilib.
Hər il
festival günlərində burada görkəmli Azərbaycan və dünya bəstəkarlarının
əsərləri səsləndirilir.
Gənc ifaçılarla yanaşı,
dünya şöhrətli
musiqiçilər də
bu səhnəyə çıxırlar. Klassik və
kamera musiqisi, Azərbaycan muğamları
ifa olunur.
Sonra açıq havada qurulan səhnədə Xalq artisti, professor Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin konserti olub. Proqramda Xəyyam Mirzəzadənin
“Səməd Vurğun
poemasına illüstrasiyalar”,
Volfqanq Amadey Motsartın “Alleqro”, Qara Qarayevin ”Alban rapsodiyası” və digər Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən
parçalar səsləndirilib.
Konsertdə skripkada Kamran Ömərli, pianoda Əməkdar artist Gülşən
Ənnağıyeva çıxış
ediblər.
Kamera musiqisi axşamı
İyulun 23-də
festival çərçivəsində kamera musiqisi axşamı olub. “Qafqaz Resort” hotelinin kamera zalında təşkil edilən konsertdə sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Ceyran Mahmudova musiqi axşamında səslənəcək
əsərlər barədə
məlumat verib.
Konsertdə görkəmli Azərbaycan
və Avropa bəstəkarlarının əsərlərindən
parçalar ifa olunub.
Musiqi axşamında nüfuzlu festivalların iştirakçısı
və beynəlxalq müsabiqələr laureatı,
istedadlı pianoçu,
Əməkdar artist Nərgiz
Əliyarova, İstanbul
Dövlət Konservatoriyasının
professoru, Xalq artisti, violonçel ifaçısı Eldar İsgəndərov çıxış
ediblər.
Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən
“Səyahət”, “Yeddi
gözəl” baletindən
“Adajio”, Fikrət Əmirovun “Poema-monoloq”, eləcə də Frederik Şopenin “İki vals”, Dmitri Şostakoviçin “Skerzo”,
Sergey Raxmaninovun “Elegiya”
əsərlərindən parçalar
səsləndirilib. Musiqiçilərin çıxışları alqışlarla
qarşılanıb.
P.İ.Çaykovski adına
Moskva Dövlət Konservatoriyasını bitirən
Eldar İsgəndərov
ABŞ və Yaponiyanın
möhtəşəm musiqi
salonlarında konsert proqramı ilə çıxış edib.
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının müəllimi
Nərgiz Əliyarova isə Sergey Raxmaninov adına beynəlxalq kursda ixtisasını təkmilləşdirib.
Daha iki konsert
İyulun 24-də
festival çərçivəsində iki konsert proqramı
təqdim olunub. “Qafqaz
Resort” hotelinin zalında
keçirilən kamera
musiqisi axşamında
Bakı Musiqi Akademiyasının triosu (Aslan Aslanov - piano, Kənan Mayılov - violin,
Murad İbrahimov - violonçel) çıxış
edib. Sonra Oksana Yablonskaya (piano), Fərhad Bədəlbəyli
(piano), Murad Adıgözəlzadə
(piano) və Dmitri Yablonskinin
(violonçel) ifası
dinlənilib.
Festivalın açıq səhnəsində
keçirilən konsertdə
isə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə keçən konsertin solistləri Ümidə Abbasova
(violin), Murad Abbasov
(piano), Lalə Cəfərova
(piano) olub.
Avqustun 1-dək davam
edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrin musiqi kollektivləri, solistlər
çıxış edəcəklər.
İştirakçıların ilk təəssüratları
“Qəbələ Beynəlxalq
Musiqi Festivalında iştirak etdiyimə görə xoşbəxtəm. Bu festivala pianoçu kimi qatılmağım mənim üçün karyera baxımından çox vacibdir”.
Bu sözləri beynəlxalq
müsabiqələr laureatı,
istedadlı pianoçu,
Əməkdar artist Nərgiz
Əliyarova deyib.
O, Azərbaycan mədəniyyətinin
təbliği baxımından
festivalın əhəmiyyətini
vurğulayıb: “Artıq
Qəbələ əyalət
şəhərindən milli
və klassik, Şərq və Qərb musiqisinin həmahənglik təşkil
etdiyi beynəlxalq mədəniyyət mərkəzinə
çevrilir. Bu festival günlərində Qəbələ
səhnəsində dahi
Azərbaycan və dünya bəstəkarlarının
əsərlərinin eyni
şövqlə səsləndirilməsi,
gənc ifaçılarla
dünya şöhrətli
musiqiçilərin eyni
səhnəni bölüşmələri
buna əyani sübutdur”.
“Sevindirici haldır
ki, Qəbələdə
tamaşaçılar klassik
musiqi konsertlərinə
həvəslə gəlirlər”. Bu sözləri isə İstanbul Dövlət Konservatoriyasının professoru,
Xalq artisti, violonçel ifaçısı
Eldar İsgəndərov
deyib.
Festivalın yüksək səviyyədə təşkil
olunduğunu qeyd edən
Eldar İsgəndərov incəsənət
bayramının tamaşaçılara xoş
anlar bəxş edəcəyini bildirib: “Burada
biz bir daha
Azərbaycan musiqisinin
ecazkarlığının şahidi olduq. Əcnəbi musiqiçilərin bu möhtəşəm incəsənət
bayramında iştirakı və müxtəlif millətlərdən
olan bəstəkarların əsərlərinin
səsləndirilməsi Qəbələ festivalının mədəniyyətlərarası
dialoqa öz töhfəsini
verdiyini bir daha təsdiqləyir”.
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 3.