“Təmiz kənd və davamlı inkişaf”
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu ilin mart ayından Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihə həyata keçirir. Layihə çərçivəsində qurum 17-19 iyul tarixində Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində bələdiyyə işçiləri və yerli icmaların nümayəndələri üçün maarifləndirici təlimlər təşkil edib.
Ekologiya, mədəni irs, turizm və şəhərsalma üzrə mütəxəssislərin cəlb olunduğu təlimlərdə məişət tullantılarının ətraf mühitə, insan sağlamlığına, eləcə də bölgənin ümumi inkişafına mənfi təsirləri və onların aradan qaldırılması yollarından bəhs olunub, iştirakçılara bu istiqamətlərdə müvafiq tövsiyələr verilib. Yerli icmaların nümayəndələrinə ətraf mühitin qorunması haqqında mövcud qanunvericilik, bölgədəki ekoloji durum, mədəni irs abidələri, kənd yerlərində turizmin inkişaf etdirilməsi imkanları haqqında məlumat verilib.
Sonda hər üç
kəndin məktəb və kitabxanalarına ekologiya
və etnoqrafiya mövzularında, eləcə
də MİRAS İctimai Birliyinin
nəşrləri hədiyyə edilib.
Layihə avqust ayında da
davam edəcək.
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 4.