Sumqayıt Dram
Teatrında əcnəbi rejissorlar tamaşa hazırlayacaq
Hüseyn Ərəblinski adına
Sumqayıt Dövlət Dram Teatrında mövsümün bağlanması münasibətilə
mətbuat konfransı keçirilib.
Teatrın direktoru İslam
Həsənov mövsüm ərzində
hazırlanan tamaşalardan və gələcək
planlardan danışıb.
Qeyd olunub ki, bu mövsümdə teatrda uzun müddət oynanılmayan tamaşalar bərpa olunub. Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər”, Əziz Nesinin “Öldür məni, can-ciyər”, Jan Anuyun “Antiqona” əsərləri səhnələşdirilib. Sumqayıt tamaşaçılarının teatra marağı artıb.
Kollektiv iyulun 6-dan 11-dək Gürcüstanının Kutaisi şəhərində qastrol səfərində olub. Con Patrikin “Qocanı öldürməliyik” tamaşası gürcü teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Bu il Sumqayıt
teatrının 45 yaşı
tamam olur. Teatr öz pərdəsini
ilk dəfə 1969-cu il martın 14-də rejissor Cənnət Səlimovanın quruluşunda
Mirzə Fətəlinin
"Müsyö Jordan və
dərviş Məstəli
şah" komediyası
ilə açıb. Direktorun sözlərinə görə,
teatr sentyabr ayında 45 illik yubileyini təntənəli
şəkildə keçirməyi
planlaşdırır.
Yeni mövsümdə
hazırlanacaq tamaşalardan
da danışan direktor üç əsərin əcnəbi
rejissorlar tərəfindən
səhnələşdiriləcəyini deyib. Nikolay Qoqolun “Ölü
canlar” əsəri əsasında hazırlanacaq
“Çiçikovun səyahəti”
tamaşasına ukraynalı
rejissor Arkadiy Netolyuk quruluş verəcək. Qurban Səidin
“Əli və Nino” əsərini Gürcüstandan
dəvət olunacaq Zurab Pxokadze, Uilyam Şekspirin “Otello” dramı isə bolqarıstanlı rejissor Xristo Stoyçev tərəfindən
tamaşaya qoyulacaq.
Bundan əlavə, Alber Kamyunun “Kaliqula” (quruluşçu rejissoru
Əməkdar artist Firudin
Məhərrəmov), Hüseynbala Mirələmovun
“Vicdanın hökmü” (rejissor
Namis Şirməmmədov) və Harold Pinterun “Sevgili” (rejissor Vasif Məmmədov) əsərlərinin
tamaşalarının hazırlanması da
nəzərdə tutulub.
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 5.