“Azərbaycan xalçaları”nın
növbəti sayı çapdan
çıxıb
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının kollektivi Milli Mətbuatın 139-cu ildönümünü yeni, 11-ci sayı ilə qeyd edib. Jurnalın bu nömrəsində də Azərbaycan xalçaçılığına dair maraqlı məqalələr, ekspedisiya materialları, rəngarəng fotoşəkillər və s. yer alıb.
“Bəhmənli xalçalarının izi” adlı məqalədə uzun illər boyu layiqli qiymətini almamış, xarici elmi mənbələrdə müxtəlif adlarla təqdim olunmuş Bəhmənli xalçaları geniş tarixi-etnoqrafik təhlilə cəlb olunub. Xalçanın vaxtilə toxunduğu Füzuli rayonunun Böyük Bəhmənli və Bala Bəhmənli kəndlərində aparılmış ekspedisiya materialları fotoşəkillərlə birlikdə təqdim edilib. Həmin kəndlərdə xalçaçılığın müasir vəziyyəti araşdırılıb, mütəxəssis rəyləri təqdim olunub.
“Muxax xalçaları - keçmişimizdən bu günə” adlı məqalə isə Zaqatala rayonunun Muxax kəndinin tarixi, əhalisinin etnik tərkibi, məşğuliyyəti, həmçinin bu kənddə toxunan xalçalar haqqında müfəssəl məlumat mənbəyidir. Materialın orijinallığı isə Muxaxda toxunan xalçalarla Konyanın (Türkiyə) “Yatak” xalçalarının rəng, kompozisiya, texniki göstəricilər baxımından oxşarlığının üzə çıxarılması ilə bağlıdır.
Jurnalın səhifələrində
həmçinin, Azərbaycan geyimlərinin, tikmələrinin
təşəkkülü və inkişafı və digər
məsələlərə dair materiallar, müsahibələr, tərcümələr
yer alıb. Üç dildə nəşr edilən jurnalın baş redaktoru professor Vidadi Muradovdur.
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 8.