Dəyərli ziyalı, əsl vətəndaş

 

Turizm İnstitutunda Rəhim Hüseynovun xatirəsi yad edildi

 

İyulun 22-də Azərbaycan Turizm İnstitutunda ölkəmizdə turizmin inkişafına töhfələr vermiş dəyərli ziyalı, alim, Azərbaycan Marketinq Cəmiyyətinin sədri, «Skal Bakı» turizm professionalları klubu idarə heyətinin üzvü Rəhim Hüseynovun xatirəsinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə ATİ-nin rektoru, «Skal Bakı» klubunun prezidenti, professor Cəfər Cəfərov çıxış edərək Rəhim Hüseynovun həyat yolundan söz açdı. Bildirdi ki, 1961-ci il iyulun 22-də Bakıda anadan olan Rəhim Hüseynov 1983-cü ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmiş, sorta Azərbaycan Milli Elmlər Akademiyasında çalışmışdı. 1990-cı ildən biznes sahəsində fəaliyyətə başlamış, 1991-1992-ci illərdə Türkiyədə təhsilini davam etdirərək idarəetmə üzrə magistr diplomunu almışdı. 1996-cı ildə SİAR şirkətini, 2000-ci ildə Azərbaycan Marketinq Cəmiyyətini qurmuş, 2002-2004-cü illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin rəhbəri, 2004-2006-cı illərdə isə nazirliyin Antiinhisar siyasəti departamentinin direktoru işləmişdi. Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin müşaviri idi. 2014-cü ilin mayında dünyasını dəyişib.

Cəfər Cəfərov qeyd etdi ki, Rəhim Hüseynov ATİ-də çalışmasa da, institutun fəaliyyətə başladığı ilk gündən faydalı məsləhətləri ilə hər zaman yanımızda olub: “İdeyaları, fikirləri o qədər geniş, çoxşaxəli idi ki, bir yerə sığan insan deyildi. İnsan dünyadan köçdükdən sonra deyirlər ki, onun əməl kitabı bağlanır. Amma elə insanlar var gördüyü yaxşı əməllər nəticə verəndə, bunlar onun əməl kitabına yazılır. Rəhim Hüseynov belə insanlardan biri idi».

Mərhumun yaxın dostuMillennium Tourism” şirkətinin direktoru Ruslan Quliyev xatirələrini bölüşdü: “Rəhim Hüseynov çox fenomenal bir şəxsiyyət idi. Öz vaxtını elə bölürdü ki, hər yerdə ola bilirdi. Onun gördüyü işləri həyata keçirmək üçün 2-3 insan ömrü lazımdır. Rəhim müəllim ölkəmizdə turizmin inkişafı üçünçox işlər görüb. «Skal Bakı» klubunun yaradılmasının ideya müəllifi də o idi. Çətinliyimiz olanda onu axtarırdıq, çıxış yolunu o göstərirdi. Azərbaycanda turizmin inkişafı ilə bağlı onun bir çox ideyaları vardı”.

QHT Forumunun sədri Rauf Zeyni bildirdi ki, Rəhim Hüseynovun hər kəsin tanıdığı, eyni zamanda tanıya bilmədiyi bir insan idi: «Rəhim Hüseynov genişmiqyaslı insan idi. Hər zaman fərqli fikirlər ortaya qoyurdu. Xüsusilə Azərbaycan Marketinq Cəmiyyətinin sədri kimi vətəndaş cəmiyyətinin inkişafında onun xidmətləri böyükdür. Biz onun timsalında həm yaxın dostumuzu, həm də qlobal fikirli bir vətəndaşı itirdik”.

«Turizm.az» şirkətinin nümayəndəsi Nəsimi Kərəmov, ATİ-nin müəllimi, mərhumun yaxın qohumu Sabirə Allahverdiyeva və başqaları çıxış edərək, Rəhim Hüseynovla bağlı xatirələrini bölüşdülər. Mərhumun qızı Nigar Hüseynova tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

 

* * *

Rəhim Hüseynovla mən də bir jurnalist kimi ünsiyyətdə olmuşdum. Bir neçə dəfə də müxtəlif məsələlərlə bağlı fikirlərini soruşmuşdum. Azərbaycan turizminin problemlərindən peşəkarlıqla, sanki bu sahənin mütəxəssisi danışardı. Mətbuata açıq bir insan idi. Biz jurnalistlər də onun timsalında dəyərli bir eksperti itirdik. Allah rəhmət eləsin.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 25 iyul.- S. 10.