“Morozko”dakı Nastenka
Aktrisa, balerina və
“SSRİ-nin ən balaca
fiqurlu konkisürəni”
O,
çoxlarımızın uşaqlıq xatirələrində
“Morozko” filmindən sakit,
ağıllı, ögey anasının
zülmlərinə dözən, utancaq qız
kimi qalıb. Sonralar teatr və kinoda
oynadığı rollarla yanaşı, balerina, fiqurlu konkisürən
kimi də tanınıb.
Natalya Sedıx 1948-ci il
iyulun 10-da Moskvada anadan olub. Onun sənət
yolunun maraqlı tarixçəsi var.
Bir dəfə
balaca Natalya televizorda beynəlxalq fiqurlu konkisürmə yarışına
baxarkən çexoslovakiyalı
idmançı İndra
Kramperovanın çıxışı
ona çox təsir edir. Valideynlərindən xahiş edir ki, onu da
fiqurlu konkisürmə
dərnəyinə yazdırsınlar.
Amma yaşı az olduğundan
onu dərnəyə götürmək istəmirlər.
Bundan çox təsirlənən 4 yaşlı
Natalya birdən cəsarətli
addım ataraq xalçanın üstünə
çıxır və
elan edir: “Qarşınızda İndra
Kramperova çıxış
edir”. Balaca Natalya elə hərəkətlər
göstərir ki, hamı təəccüblənir.
Məşqçi Tatyana Qranatkina onu
dərnəyə götürməyə
razılaşır. Beləliklə, o, 4 yaşından ilk dəfə
buz üstündə dayanır və “SSRİ-nin ən balaca
fiqurlu konkisürəni”
kimi tanınır.
6 yaşında reklam rolikinə də çəkilir.
Natalya Böyük Teatrın
nəzdində fəaliyyət
göstərən xoreoqrafiya
məktəbinə imtahandan
uğurla keçir və burada oxumağa başlayır.
Bir müddətdən sonra idman yarışı zamanı buz üzərində “Qu quşunun rəqsi”ni oynayır. Təsadüfən bununla bağlı
reportajda kinorejissor Aleksandr Rou ilk dəfə onu görür və çox bəyənir. Rejissor 15 yaşlı
Natalyanı “Morozko” filmində Nastenka roluna dəvət edir. Çəkiliş vaxtı bir
epizodu Natalya hələ
də unuda bilmir.
Həmin
epizodda o (Nastenka) buz çalasına yıxılmalı idi, amma sudan
qorxan Natalya buna ürək eləmir. Üç dəfə uğursuz dubldan sonra rejissor
Aleksandr Rou onun üstünə elə qışqırır ki, qız qorxudan suya yıxılır.
Nağıl-film 1964-cü
ildə ekranlara çıxır və aktrisaya şöhrət gətirir. Lakin bu şöhrət
dörd yaşından
buz üstündə nailiyyətlər əldə
edən Natalyanın xarakterində heç bir dəyişiklik etmir. 1965-ci ildə
o, “Don Kixotun uşaqları”nda,
1968-ci ildə yenidən
Aleksandr Rounun “Od, su və mis trubalar”
filmində, 1969-cu ildə
“Mavi buz” və s. ekran əsərlərinə çəkilir.
1969-cu ildə Böyük
Teatrın nəzdində
fəaliyyət göstərən
xoreoqrafiya məktəbini
bitirərək teatrın
professional balerinası olur
və bir çox tamaşalarda əsas rolları oynayır. Ən məşhur rolu
isə “Anna Karenina”da Kiti olur. Truppa ilə bir çox
qastrollara gedir. Həyat yoldaşı bəstəkar Viktor Lebedevlə
də belə qastrolların birində
Sankt-Peterburqda tanış olur. Onlar evlənirlər, Aleksey adında
oğulları dünyaya
gəlir. 10 il sonra Natalya Moskvada, Viktor isə Sankt-Peterburqda işlərinin çox olduğunu əsas gətirərək
ayrılırlar.
Xoreoqrafiya məktəbində dərs
deyən Natalya Sedıx
1978-ci ildən sonra filmlərə dəvətlər
alsa da, razılıq vermir. Nəhayət, 1990-cı illərdə kinoya qayıdır. “Tren-bren” (1994), “Hava proqnozu” (2000), “İlin ən yaxşı vaxtı” (2007), “Barışıq”
(2010) filmlərinə çəkilir.
Bu yaxınlarda aktrisa 66 yaşını qeyd edib. Oğlu Aleksey orta məktəbi bitirəndən sonra atasının yanına gedib və Sankt-Peterburq Universitetinin beynəlxalq əlaqələr fakültəsində, Turizm və İncəsənət Akademiyasında ali təhsil alıb, öz ixtisası üzrə işləyir. Anasını isə heç vaxt unutmur.
Səbinə
Əlibalaqızı
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 12.