Mühazirəvarı...
Uzun illər ali məktəbdə
bənzərsiz mühazirələr aparmış
İsmayıl Şıxlının ruhi-mənəvi
auditoriyasına...
Mən bu milli-ziyalı müəllimin uzun müddət
çalışdığı V.İ.Lenin
adına APİ-nin (indiki
N.Tusi adına ADPU-nun)
jurnallarında adı olan tələbələrindən
deyil, kontingentdənkənar
vurğun-“legioner”lərindən idim. O vaxtlar tələbəliyin bu
“format”ı da vardı; öz
kompleksal keyfiyyətlərilə milli-mənəvi
OBRAZa çevrilmiş
müəllimlər “yad” tələbələri
də öz mühazirələrinə cəzb
edərdilər...
Və
bu yazı, o vaxtlar ona nə auditoriyada, nə dəhlizlərdə,
nə də sonralar bir tele-müsahiblikdə üzbəüz
söyləyə bilmədiyim sözlərin mühazirəvarı
ərzidir...
İsmayıl Şıxlı... Böyük Turanlı, Bütöv Azərbaycanlı, kolorital qələmiylə böyük sənət, zəngin aləmiylə özgür şəxsiyyət hücrələrini yaratmış adlı qazaxlılardan biri. Bəli, söhbət çox özgür bir şəxsiyyətdən gedir - yazı-pozu erasından öncəki folklor məhsullarını, petroqlif nümunələrini xatırladan “avtoportret”dən. Bu qəbil, bu “qəlib” əsər-şəxsiyyətlər - bəlli olduğu kimi - tək elə bizdə yox, bütün dünya üzrə çox azdır.
Tələbələrinin öz fikirlərini tamamilə sərbəst, yaradıcı ifadə etmələrini çox bəyəndiyini bildiyimdən, mən də bu yazıda “öz dağarcığını çuvallar cərgəsinə çəkənlərdən” fərqli təqdim etməyə çalışıram onu.
İstedadlı yaradılmışların bilvasitə yaratdığı ədəbi-bədii surət-şəxsiyyətlərlə Yaradanın bilavasitə yaratdığı bəşəri-bəndəvi şəxsiyyətlər arasındakı bəlli fərqlərdən çox danışıb, sizlərə baş, ona ruh ağrısı verməməkçün qısaca deyim ki, birincilərin taleyi qələmdən, ikincilərininki isə taledən asılıdır. “Birinci”lər sənət məziyyətlərindən yaranır, ikincilər həyat əziyyətlərindən. Onların bütün bər-bəzəyi istedadlı “kəllə” başlardan çıxır, bunlarınkı zəllə daşlardan. Sayca orduya timsal birincilər, uzaq başı, Don Kixotvarı fabulalanır, sərkərdələrə misal ikincilər isə dünya malına göz yummaq kimi - çox çətin cəbri-nəfslə...
Hər kəsin arzular fondunda hələ deyilməmiş, yazılmamış, işlənməmiş, dadılmamış, sevilməmiş... bir söz, yazı, iş, təam, yar var. Mənim arzu-düşüncələrimin həsrətində isə, tam anlanılmadıqlarından ləzzəti bir qədər də artan bir neçə “laübalı” şəxsiyyət də var ki, onlardan biri İsmayıl müəllim!
Onun qələmiylə yaranmış bədii və sənədli şəxslər, şəxsiyyətlər səhnələrdə, kino-teleekranlarda, ədəbi məclislərdə, xüsusən, milyonlarla oxucu düşüncə-daşıncalarında öz təcəssüm-təcəllalarını tapıblar və bu ədəbi var, çox inam-ehtimalımla, əbədi bir “ardı var”la müşayiət olunacaq. Öz aləmiylə yaratdıqları isə... Yəni düşünməkdən çox yazan, hekayə ladında gəzişib, roman-epopeya oktavasında çığıranlardan fərqli olaraq - sakitcə-samitcə aləmiylə yaratdığı öz obrazı məlum mental “iksir”imiz səbəbindən hələ yaranmayıb. Nə ötən əsrimizin məlum and ünvanlarına meylli hədər-hədyan nəşriyyatlarında, nə Allahın su içimi kimi asan oçerk-poçerk, dil-ağız haray-həşiriyyatlarında. Bu yazı da ki, onun çox çətinliklərə sinə gərə-gərə yaratdığı nəhəng avtoritet-avtoportretinin önündə çox xırda! Hər cür təsvir imkanlarına, təfsir səlahiyyətlərinə, fırçanınkından qat-qat çox rənglərə, “olan”lardan dəfə-dəfə fazla “ola bilər”lərə, mat qalası materiallara malik qələmlər, məncə, hələ “İsmayıl Müəllim” obrazını yarada bilməyib. Uzun illər o vaxtların “mərkəzi maarif-tarif bazarı” (beş-on təmiz-tarıq müəllimin ruhundan iraq) kimi tanınan bir “taksa”xanada “kristal” kimi tanınmaq, bircə loğma haram yeməmək, mövzudankənar söhbətlərini halallıq, müqəddəslik, milli vicdan, xəlqi namus, ilahi dastan, poeziya, haqq aşıqları üstdə quraraq, açıq alın, uca səslə dərs deyə bilmək - nə demək?!.
Bax, mənim bu yazılı mühazirədə çəkdiyim çətinlik məhz onun o şifahiliklə yaratdığı avtoobrazının qeyri-adi üslubu, dəst-xət mürəkkəbliklərilə bağlıdır...
Deyirəm, bəlkə, onun bu qədər milliliyi, özgürlüyü bir tərəfdən də Xalq Cümhuriyyəti illərində (1919) doğulmasıyla bağlıdır? Özü də adlı-sanlı bir kənd müəllimi ailəsində və Əlağa Şıxlinskinin - “rus artilleriyasının Allahı” kimi bir fenomen əmiliyin haləsində. Hələ, əsərlərindən birinin adı olmasın, dəfələrlə ayrılan yollar, calanan cığırlar, mogikan-magistrallar. İçində bu boyda istedad, gələcək nam-nişanlı görəvlərə namizəd və yarlı-yaraşıqlı bir oğlan ola-ola, görəsən, o, o ucqar, “stilni” qismimiz demiş - o “qeyri-sivil” Kosalar kənd orta məktəbində hancarı dözüb, sonralar ali məktəbdəki dərslərinin hər birində “fürsət”ləyib söhbət açdığı Füzuli demişkən, - necə “səbr pişə qılıb və gər səbri olsa da, nişə qılıb?”
Amma bugünkü ayaqdan yanaşsaq, yaxşı eləyib və qoy bu, indikilərimizə ibrət olsun. “Başıbəlali şamaxili Zülali”nin bir vaxt dediyi “ikili” sözü olmasın (“Qürbətdə deyirdin, Zülali, vətənim var, Ensin gözünə qarə su, Ağsu vətən oldu!”), bir arx o yananı qürbət, Biləcəridən o tərəfi ucqar sayıb, təyinatdan yayınan məzunlarımız görsünlər ki, oralarla buralar arasında bir vətəndaşlıq-gödəndaşlıq qədər fərq, bir beşik-yeşik kadar fark var. Elə İsmayıl Şıxlı təfəkkürlü, İsmayıl müəllim zabitəli bir fenomenin 1941-45 müharibəsində hər “veliko”-əmrə “yest!” deyib “lıçka” alan zabit oluban yox, sıravi əsgər kimi döyüşməyi də bir görk!..
Bu “avtoportret”in daha hansı cizgilərilə ilgilənməli?..
İyirmi
doqquz yaşından Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri, Azərbaycan Yazıçılar Birliyinin
katibi, “Azərbaycan” jurnalının baş redaktoru, SSRİ Yazıçılar
İttifaqının katibi,
Azərbaycan Yazıçılar
Birliyi Ağsaqqallar Şurasının sədri,
neçə-neçə ordenlər,
fəxri fərmanlar, mükafatlar, Xalq yazıçısı...
Heç bir dəftər-kitaba düşməmiş görəvləri
də çox olub İsmayıl müəllimin. Bunlardan biri də onun
60-cı illərin sonunda
80 min tirajla çap edilən bir romanı ilə - universitet tələbələrindən
birinin “dənizkənarı
idarə”yə çağırılıb
suçlanmasının “baiskarı”
“Dəli Kür”lə
bağlı.
O tələbədən soruşmuşdular
ki, niyə ictimai yerlərdən birində (çayxanada!) ağzını allah (o vaxtlar Allah kiçik hərflə anılırdı)
yoluna qoyub deyirmişsən: “Sovet-sosialist
bərabərliyi budurmu
ki, eyni istedad və zəhmətlə yazılmış
“Sakit Don” 8 milyon, “Dəli Kür” isə 80 min tirajla buraxılır?! Niyə Şoloxov üç milyon manat qonorar
almalıdır, Şıxlı
otuz min?!.”
Onun yaradıcılıq portretindən
layiqincə mühazirələmək
mənlik deyil, əziz müasir tələbələr! Özü də
nəinki belə bir yarı-yarımçıq
mühazirəlik, heç
neçə-neçə qoşasaat
mühazirəlik də
deyil. Bu, bütöv
bir sessiyalıq, ayrıca bir kursluq...
Heç onun şəxsiyyət oçerk-portreti də bir mühazirəlik deyil. Çox təəssüflər
ki, yuxarıda bir obraz-“piştaxta”sına
toxunduğum Azərbaycan
“bazar”ında tarixən
bu sarıdan (və bu sıradan)
kasadlıq olub - Füzulinin rüşvət
olmadığına görə
alınmayan “salam”ından
üzü geri, Mirzə Cəlilin sobada yandırmaq məhkumiyyət-məcburiyyətində qaldığı qızıldan
qiymətli kəlamlarından
üzü bəri, Məmməd Arazın “Görüm ayılmasın
- gec ayılanlar!” qarğışından yönü
“köhnə” Güneyə,
Dərbəndə, İrəvan
xanlığına, Borçalı
mahalına və “təptəzə” Qarabağa...
Onun dahilərdən söylədiyi
fikirlər bir az da ona görə mənalanırdı ki, bunları hər hansı bir kimsə yox, belə bir Kimsə
deyirdi. Tələbələr
onu çox öyəndə, deyərdi:
“Yaxşı ana yüz müəllimə bərabərdir” (C.Herbert).
Niyə bizimlə davranışlarınızda
özünüzü bu
qədər gərgin,
ayaqda hiss edirsiz kimi sualları “Təhsil tələbələrə
hörmətdən başlayır”
(Homer) kimi cavablandırardı.
Sabahın müəllimlərinin yaddaşına “Bu gün hər açılan məktəb, gələcəkdə
bir həbsxananın bağlanması deməkdir”
(V.Hüqo), “Yazıq
o tələbəyə ki,
müəllimini üstələyə
bilməyib” (L.da Vinçi) kimi qiymətli fikirlər həkk edərdi...
Bəli,
əvət, əsl Şəxsiyyət millətdə
çox ciddi məsələdir, əfəndilər!.. Bənzərsiz təhkiyə, dil-üslub,
cahan energetikalı Cahandar, “kristal” nominasiyalı Müəllimlik
aləmilə bütün
oçerkist qələmlərindən,
rəssam fırçalarından
daha canlı yaratdığı ağır
avtoportreti önündə
hər zaman bağır basılası
bu milli qənimət Kişinin həmişəyaşar xatirəsinə
dönə-dönə hörmət-izzət,
1995-ci il iyulun 26-da getdiyi ruhlar aləminə qəni-qəni
rəhmət...
Bu məqam o vaxtlar onun dilindən eşitdiyim daha bir əbədiyaşar fraza: “Zaman ən
yaxşı müəllimdir,
təəssüf ki,
o öz şagirdlərini
öldürür” (O.Balzak).
Tahir Abbaslı
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 13.